USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Şəhid anası: Bu yara heç vaxt sağalmayacaq…

16-12-2020

BAKI, Azərbaycan

-Şəhid gizir Mikayıl Mikayıllının xatirəsinə…-

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə son damla qanına qədər vuruşan qəhrəmanlarımızdan biri də Xüsusi Təyinatlı diversiya qrupunun giziri Mikayıllı Mikayıl Miğfər oğludur.

Mikayıllı Mikayıl 1993-cü il, sentyabrın 24-də Qəbələ rayon Mıxlıqovaq kəndində anadan olub. 

Orta məktəbi də həmin kəndin məktəbində oxuyub. 

Yeniyetmə yaşlarından hərbiyə, idmana maraq göstərən Mikayıl məktəbli vaxtlarında idmanda göstərdiyi fəallıqlara görə fəxri fərmanlar alıb.

-Şəhid Mikayıl Mikayıllının şəkilləri-

2009-cu ildə Mikayılın atası dünyasını dəyişir və ailənin bütün yükü onun çiyinlərinə düşür. 

Anasının istəyi ilə ali məktəbə hazırlaşsa da, öz istəyi hərbçi olmaq idi. 

Ali məktəbə hazırlaşa-hazırlaşa hərbçi olmaq üçün müraciət edir.

Orta məktəbi bitirdikdən sonra ali məktəbə sənəd verir, qəbul olunsa da, təhsilini davam etdirmir. 

Hərbi xidmətini başa vurduqdan üç ay sonra hərbçi kimi işləməyə başlayır.

Bir neçə il Sülhməramlı Qüvvələrdə çavuş, baş çavuş rütbəsində xidmət edir. 

Xidməti ilə əlaqədar olaraq Bolqarıstan, Ukrayna və sair ölkələrdə kurs keçir.

2014-cü ildə Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində xidmətə başlayır.

Anası İradə xanımın sözlərinə görə, 2016-cı ilin aprel döyüşlərində də iştirak edib, yaralanır. 

Lakin müalicəsi bitdikdən sonra yenidən xidmətə geri dönür:

"Sentyabrın 27-də başlayan Vətən müharibəsində də ön sıralarda idi Mikayıl. 

Düzdür, xidməti haqqında heç bir zaman danışmayıb. Hətta aprel döyüşlərində yaralanması barədə də bilmirdim. 

Həmişə deyirdi ki, "ana, yarım qalan işlərimiz var, onları bitirməliyik. O işlər bitərsə, mən rahat olaram. Balam işinin sirlərini həmişə məndən gizlədib, həmişə".

İradə xanım Mikayıl haqqında danışdıqca göz yaşları yanaqları boyu süzülürdü. 

Hıçqırıqlarına ara verib, danışır, danışır, gözü önündə övladını canlandırır. 

Deyir ki, Mikayıl xaraktercə çox mülayim, ailənin qayğısına qalan övlad olub.

Mikayılın ürəyi arzularla dolu idi, ancaq ailəsinə qapalı olduğu üçün bu arzularını da tam dilə gətirə bilmirdi.

Sonuncu dəfə anası ilə sentyabrın 25-i danışır. 

Deyir, "ana, darıxma, işlərimiz bitsin, sənin də arzularını həyata keçirəcəyəm".

-Şəhid Mikayıl Mikayıllının fəxri fərmanları-

"Bilirsiniz, çox istəyirdim ki, ailə həyatı qursun. Söz vermişdi mənə, demişdi, bu il ailə həyatı quracaq. Amma qismət olmadı. Çox deyirdim ona, "bala, ailə qur, təkəm, yorulmuşam". 

Elə deyirdi ki, "səbrli ol". Özümə söz vermişdim ki, kimi istəsə alacağam, heç nə düşünməyəcəm", - deyə ana danışır.

-Şəhid Mikayıl Mikayıllının ailəsi-

Sentyabrın 29-dan 30-na keçən gecə...

Mikayıl kəşfiyyat-diversiya qrupunun rəhbəri kimi əməliyyat planı hazırlayır və aparılan əməliyyat uğurlu alınır. 

Bir neçə yüksək rütbəli zabit olmaqla xeyli sayda erməni məhv edilir. 

Lakin geri dönərkən düşmən tərəfindən atılan artilleriya mərmisinin düşməsi nəticəsində şəhid olur.

"Mən hələ də inana bilmirəm ki, Mikayıl yoxdur. Məni heç vaxt ağlamağa qoymurdu, həmişə "ağlama" deyirdi. Amma indi ona görə ağlayıram. İndi də mənim ağlamağımı görsəydi, qoymazdı ağlayım", – deyən ana oğlunun şəhid xəbəri aldığı günü heç vaxt unutmayacağını deyir.

"Səhər saatları idi... Qapı döyüldü, getdim, kəndin icra nümayəndəsi, bələdiyyə sədri gəlmişdilər.

Həmin an dünyam qaraldı. Dedim, mənə pis xəbər deməyin. Çıxın gedin. İçim dağılırdı. Bir az sonra gördüm, kənd camaatı gəlir. Qol-qanadım qırıldı, məhv oldum", – İradə xanım göz yaşlarını silir.

Ana oğlunun yanına gedib görmədiyi üçün də peşmanlıq yaşayır.

-Şəhid Mikayıl Mikayıllının şəkilləri-

Deyir ki, yayda onu görməyə gedəcəkmiş. 

Ancaq gedə bilmir. 

Və bunu hələ də özünə bağışlaya bilmir.

Sonuncu dəfə iyul ayının ortaları gəlmişdi anasının yanına.

Sonuncu dəfə iyulda görmüşdü ana övladını…

Mikayılın qardaşı Samir qardaşını xatırlayarkən gözü dolur:

"Çox vətənpərvər idi Mikayıl. İşini də çox sevirdi. Aprel döyüşlərində yaralanandan sonra ona dedik ki, artıq bəsdir. Uzaqlaş bu işdən. 

Bizə deyirdi ki, "Xocalı hadisəsini xatırlayın. Bizim alacaq qisasımız var. Mən işləməli və yarım qalmış işi tamamlamalıyam. Ancaq üzünə, gözlərinə baxanda hiss edirdik ki, yorğundur".

"Bu yara heç vaxt sağalmayacaq. O mənim ilk övladım idi. Dayağım idi. Bütün çətinliklərdə yanımda idi. Məni qucaqlayanda özümü onun yanında uşaq kimi hiss edirdim", - İradə xanım danışır.

Ana danışır, ağlayır, bəzən bir sözü dəfələrlə təkrar edir, yenidən danışır. 

Fikirləri darmadağındır. 

Mikayılın dünyaya gəlişi, körpəliyi, uşaqlıq dövrü, gəncliyi film lenti kimi gözləri önündə canlanır.

Övladını qucaqlamaq üçün indi nələr verməzdi. 

Amma bilir, bilir ki, bu yara keçməyəcək, övladı geri dönməyəcək…

İndi hər gün şəkillərini qarşısına alıb, göz yaşı tökür...

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?