- İstanbul yazmaqla, gəzməklə bitən şəhər deyil, onu fəth etmək lazımdır -
Kimi həyatını İstanbulda keçirir, kimi də bu şəhəri görmədən aşiq olur, sevir. Kimi yazmaq üçün ilhamını İstanbuldan alır, kimi də İstanbul üçün darıxdığından yazır, yaradır.
Mənim də içimdə bir tükənməz sevgidir İstanbul.
Dənizinin sahilində addım-addım gəzdikcə, içimə bir sevgi dolur, boğazım qəhərlənir, burnumun dirəyi sızlayır. İtirdiyim sevginin xatirələri bir-bir yadıma düşür.
İstanbulda göz yaşı, həsrət, vüsal var. Bütün hisslərin vəhdətini hiss edə bilirsən. Milyonların arasında tək olduğunu hiss etsən belə. Mən də tənhalığımla baş-başa qalmaq istəyəndə İstanbula gəlirəm, yeddi təpəli İstanbula...
İstanbul deyildiyi zaman, insanın ağlına ilk olaraq 7 təpə gəlir.
Deyilənə görə, şəhər bu 7 təpənin - Topkapı Sarayı təpəsi, Çemberlitaş təpəsi, Bəyazid təpəsi, Fatih təpəsi, Yavuzsəlim təpəsi, Edirne kapı təpəsi, Kocamustafapaşa təpəsi üzərində salınıb. İstanbul Bələdiyyəsinin loqosunda da bu 7 təpə əks edilib.
İstanbul Böyük Şəhər Bələdiyyəsinin Sarachanə Mərkəz binasını tarixlərin qovuşduğu məkan da adlandırırlar. Bu bina İstanbulda bir çox tarixi hadisələrə şahidlik edib. Demək olar ki, İstanbulun ən əhəmiyyətli məkanlarından biridir.
Binanın sağ tərəfində İstanbulun ən uzun adı olan məscidi "kadı Hüsaməddin Çamaşırçı Hacı Mustafa Efendi 18 Sekbanlar Camii" yerləşir. Bu məscidə bitişik 18 Sekbanlar məzarlığı salınıb.
18 Sekbanlar məzarlığında İstanbulun fəthi zamanı şəhərdə şəhid olmuş ilk yeniçərilər (Osmanlı dövlətində hərbi sinif) dəfn edilib. 15 iyul 2016-cı ildə çevriliş cəhdi zamanı çevrilişə cəhd edən hərbçilərlə mübarizə aparan xalq da burada 18 şəhid verib.
Əvvəllər Bələdiyyə binasının yanında, məscidin qarşısında Fatih Nikah İdarəsi və İstanbul Böyük Şəhər Bələdiyyəsi Tibb Mərkəzi yerləşib.
2017-ci ildə isə bina sökülüb, məscidin qarşısı açılaraq, park və meydan salınıb. Parkın ortasında şəhidlər üçün xatirə lövhələri qoyulub.
Yolun qarşı tərəfində Sultan Süleymanın Hürrəm Sultandan olan 22 yaşında vəfat etmiş oğlu Şahzadə Mehmetin adına tikdirdiyi Şahzadə Mehmet məscidi (digər adı ilə Şahzadəbaşı) məscidi yerləşir.
Şahzadə Mehmet 1543-cü ildə Manisa sarayında vəfat edib. Məzarı bu məsciddə yerləşir. Məscid Osmanlı klassik memarlığının ilk abidəsidir. Memar Sinan tərəfindən inşa edilib. Burada qonaq evi, mədrəsə və ibtidai məktəb də yerləşir.
İstanbul Böyük Şəhər Bələdiyyəsi Sarachanə Mərkəz Binasının həyətində hovuz və hovuzun kənarında qəribə abidə var. Uzaqdan baxanda adama elə gəlir ki, 8 nəfər əyilib dəstəmaz alır.
Əslində isə bu abidə də 15 iyul 2016-cı ildə çevriliş cəhdi zamanı bələdiyyənin dekorativ hovuzunda dəstəmaz alan insanların heykəlləridir.
Hərbçilər xalqı atəşə tutduqları vaxt dəstəmaz alan zaman öldürülmüş həmin şəxslər kameralar vasitəsilə müəyyən edilib və onların heykəlləri qoyulub. Hər gün minlərlə ziyarətçi bu məkana axın edir.
İstanbulda 15 iyul çevriliş cəhdi zamanı həyatını itirən 95 nəfərin adı İstanbul Böyükşəhər Bələdiyyəsinin qarşısındakı nəhəng paneldə qeyd edilib.
Həmçinin, bələdiyyənin önündən keçən Şahzadəbaşı küçəsinin 250 metrlik hissəsinin adı dəyişdirilərək, "15 İyul küçəsi" qoyulub.
Çevriliş cəhdi zamanı şəhid olanlar isə "15 Temmuz şehitliği"də dəfn edilib. Məzarlıq "Edirnə kapı" məzarlığına bitişikdir.
Bakının qurtarıcısı Nuru Paşa Kıllıgil və Türkiyənin "İstiklal marşının" müəllifi Mehmet Akif Ersoy "Edirnə Kapı" məzarlığında dəfn edilib.
İstanbul - gəzdikcə, öyrəndikcə bitməyən şəhərdir. Hər dəfə İstanbula gələndə çalışıram ki, heç bir nəqliyyatdan istifadə etməyim.
Addım-addım gəzmək, hiss etmək istəyirəm İstanbulu. Hər dəfə müxtəlif səmtlərində hotel sifariş edib, bacardığım qədər piyada gəzirəm sevdiyim şəhəri.
İstanbulun 7 təpəsindən biri də Fatihdə yerləşir. Daha doğrusu, Fatih Məscidinin yerləşdiyi ərazi 7 təpədən biridir. Məscid Fatih Sultan Mehmet tərəfindən tikdirilib.
Burada məscidlə yanaşı 16 mədrəsə, xəstəxana, qonaq evi, imarətxana (aşevi), kitabxana yerləşir.
Məscid 1766-cı il zəlzələsi zamanı dağıldıqdan sonna 1771-ci ildə bərpa edilərək bugünkü vəziyyətini alıb. 1999-cu ildə Gölcük zəlzələsi zamanı təməlində sürüşmələr meydana gəlib.
2008-ci ildə məsciddə təməlin gücləndirilməsi və restavrasiya işləri aparılıb. 2012-ci ildə məscid ibadət üçün istifadəyə verilib.
Tarixi mənbələrə görə, Bizans dövründə burada Havariyyun kilsəsi olub. Bizans imperatorlarının da bu təpədə dəfn edildiyi istisna edilmir.
İstanbulun fəthindən sonra bina Patrikhanə kilsəsi olaraq istifadə edilib. Fatih Sultan Mehmet burada məscid tikdirmək istəyən zaman patrikhanə Pammakaristos Manastrına köçürülüb. Məscidin tikintisinə 1462-ci ildə başlanılıb, 1469-cu ildə tikinti başa çatıb.
Onu da vurğulayım ki, bu gün turistlərin diqqət mərkəzində olan məsciddə 1932-ci il yanvarın 29-da ilk dəfə türk dilində azan oxunub.
Burada Fatih Sultan Mehmet türbəsi ilə yanaşı Osmanlı tarixinin bir çox əhəmiyyətli şəxsləri dəfn edilib.
Fatihin həyat yoldaşı II Bəyazidin anası Gülbahar Validə Sultanın və "Plevne qəhrəmanı" Qazi Osmanpaşanın məzarları da burada yerləşir.
Maraqlısı budur ki, Fatih Sultan Mehmet 7 dəfə evlənsə də, təkcə ilk həyat yoldaşı Gülbahar Sultanın məzarı burdadır.
Görünür, sevgi burada da öz sözünü deyib...
İstanbul yazmaqla, gəzməklə bitən şəhər deyil. İstanbulu fəth etmək lazımdır, Fateh kimi….
.
İradə Cəlil, dikGAZETE.com
Twitter'da bizi takip edin: @IradeHS , @dikgazete