USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Radikalizm haradan gəlir: Müsəlman ölkələrdə demokratiyanın zəif olması...

Radikalizm haradan gəlir: Müsəlman ölkələrdə demokratiyanın zəif olması...
16-12-2022

BAKI, Azərbaycan

Dini-radikal qruplaşmalar əsasən iqtisadi cəhətdən geridə qalmış ölkələrdə yaranır və özünə yer tapır. 

Siyasi islam rejimini müsəlman ölkələrinə yaymaq siyasəti yürüdən bəzi dövlətlər bu dini anlayışı bizim ölkədə də yaymağa çalışırdı.

Müstəqillik əldə etdikdən sonra Azərbaycanda bir dövr oldu ki, bu dövrdə dini öyrədmək adı altında insanlara radikalizm təlqin edildi, beyinlər yuyuldu.

İnsanlar öz ev-eşiklərini, ailələrini burada qoyaraq, dırnaq arası islamı təbliğ edən radikal cərayanlara qoşulmağa başladılar.

Yüzlərlə azərbaycanlı gənc bu sıralara qoşuldu. 

Onlardan guya islam uğrunda aparılan döyüşlərdə həlak olanlar da oldu, müxtəlif səbəblərdən geri qayıtmayanlar da…

Bu gün də dünyada müxtəlif dini radikal təşkilatlar fəaliyyət göstərir. İŞİD, Boko-Haram və s. adlar altında fəaliyyət göstərən bu təşkilatları araşdırarkən, əslində din pərdəsi altında gizlənən xarici ünsürləri görmüş oluruq.

Allah uğrunda cihad”a səsləyən bu təşkilatlar əslində insanların dini məlumatsızlığından istifadə edərək, onları öz iyrənc və dəhşətli əməllərini həyata keçirmək üçün maşaya çevirirdi.

Dini-radikal hansı səbəblərdən yaranır, radikalizmin qarşısını almaq mümkündürmü?

Bu və digər suallarımızı Türkiyə Respublikası Kırıkkale Dövlət Universitetinin İslami Elmlər fakültəsinin dosenti, İslam məzhəbləri tarixi professoru Şahin Əhmədoğlu cavablandırıb.

-Türkiyə Kırıkkale Universitetinin dosenti, professor Şahin Əhmədoğlu-

- Şahin bəy, radikal dini təşkilatların yaranmasına səbəb nədir?

- Son onilliklərdə müsəlman ölkələrdə ortaya çıxan və dini-radikal hərakat olaraq adlandırılan bu təşkilatların ortaya çıxmasının bir çox səbəbi var. Buraya din anlayışından qaynaqlanan səbəblər, yaşadıqları ölkədəki siyasi, iqtisadi və mədəni yaşam tərzindən qaynaqlanan faktorlar daxildir. 

Bunlar daxili faktorlardır. Xarici faktorlar isə, Avropa ölkələrinin 150-200 ildir, müsəlman ölkələrindəki müstəmləkəçilik fəaliyyətləridir. 

Xüsusilə, İngiltərənin, İspaniyanın, Portuqaliyanın, Fransanın həm orta şərqdə, həm də Afrikadakı müstəmləkəçilik fəaliyyətləri bu ölkələrdə müstəmləkəyə qarşı mübarizəni ciddi şəkildə alovlandırmışdı. 

Burada baxış tərzimizi iki şəkildə müəyyən etmək lazımdır. Bir - daxili faktorlar, iki - xarici faktorlar. 

Daxili faktorlara bu ölkələrdəki, siyasi iqtidarların müsəlmanların yaşam tərzinə ciddi şəkildə təzyiqləri və eyni zamanda ölkələrindəki rifah səviyyəsinin aşağı olmasıdır. 

Müsəlman ölkələrindəki demokratik yaşam tərzinin zəif olması, sosial rifah səviyyəsinin aşağı səviyyədə olması, insanları dini yaşam tərzinə daha çox bağlı olmağa məcbur edib. 

İnsanlar düşünürlər ki, İslam və İslamın gətirdiyi prinsiplər onlar üçün ən yaxşı yaşam tərzini onlara təqdim edir. Ancaq bunu edərkən, bu radikal olaraq adlandırdığımız hərəkətlər şiddətə baş vurur və insanları özləri kimi düşünmədiyi üçün öldürürlər. Eyni zamanda onları dinin xaricinə çıxardırlar.

Onların bu addımları da cəmiyyətdə çaxnaşma yaradır. Atdıqları bu addımlar sanki İslam bunu təlqin edirmiş kimi dünyaya və cəmiyyətə çatdırılır. 

İslamın özünə baxdıqda, İslam insanlara xoşgörü və sülhü təlqin edir. Amma bu insanların yetişdiyi ortam, din haqqında olan məlumatları və içində yaşadıqları mühit onları radikal olmağa istiqamətləndirir.

- Bir neçə il əvvəl Azərbaycanlılar da bu radikal dini təşkilatlara qoşulurdular. Bunun səbəbi nə idi?

- Din elə bir məfhumdur ki, din adı altında bütün insanları ona cəlb etmək mümkündür. Burada dini arqumentlər istifadə edilir. “Allah üçün cihad”, “vətən üçün cihad”, “İslam üçün cihad” ifadələri xüsusiilə din haqqında məlumatları az olan insanları özünə cəlbetmək üçün şərait yaradır. 

Buna görə də bu kimi çağırışlar din haqqında məlumatı az olan insanlara təsir edir. Məsələn; İŞİD-in Suriyada və İraqda qurmuş olduğu xəlifəlik dövləti daha sonra çağırış etdi. 

Bildirdi ki, “biz xilafət dövləti qurmuşuq, xəlifə var və buyurun xəlifə dövlətində hərkəs dini yaşamaq baxımından azad olacaq və istədikləri kimi yaşayacaqlar” Ancaq sonra aydın oldu ki, bu tamamilə xarici güclərin əlində bir istifadə vasitəsidir. 

Digər tərəfdən bunların tətbiq edildiyi yer müsəlman coğrafiyasıdır. Müsəlman coğrafiyasında bunun ortaya çıxmasının səbəbi də bu coğrafiyadakı, sosial rifah səviyyəsinin aşağı olması, din haqqında insanların doğru məlumatlandırılmaması və insanları bir mənada ütopik bir yaşama cəlbetmə məsələsi vardır. 

İŞİD-in xilafət adı altında tətbiq etdiyi insana yaraşmayan fəaliyyətlər onu göstərdi ki, artıq bu kimi çağırışlar İslama xidmət etmir. Hansısa dövlətin çıxarlarına, hansısa İslam düşməni qrupların çıxarlarına xidmət edir.

Bundan çıxış yolu isə, insanları inandıqları din haqqında doğru məlumatlandırmaqdır.

Şahin Əhmədoğlu deyir ki, insanın xarakteri həm mülayim olmağa, həm də radikal olmağa əlverişlidir. Yəni heç bir insan dünyaya nifrət dolu, radikal olaraq, terrorçu olaraq gəlmir. Amma onların dünyaya gəldiyi və yetişdiyi mühit formalaşmasında ciddi şəkildə rol oynayır. Yəni mühit onları radikal olmağa məcbur edə bilər.

Etiraf edək ki, bizim insanların çoxu bəzi mövzularda cahil qaldılar. Onlar dini, bu sahənin mütəxəssislərindən öyrənmədilər, hansısa qruplardan və ya hansısa cərəyanlardan öyrəndilər. 

Məhz buna görə də, din pərdəsi arxasında dini silah olaraq istifadə edən bəzi qruplar, insanların duyğularını, düşüncələrini özlərinə cəlb etmək üçün bütün yollara başvurdular.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?