Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin davranışları, Qərb ikiüzlülüyünü, qeyri-səmimiliyini nümayiş etdirib
-Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin davranışları, Qərb neoimperialist şəbəkələrinin ikiüzlülüyünü, qeyri-səmimiliyini və dünyanı necə aldatmağa çalışdığını növbəti dəfə nümayiş etdirib.
-Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar əslində “gözdən pərdə asmaq” üçündür...
BAKI, Azərbaycan
ABŞ-ın xarici ticarət məlumatlarına görə, ölkə 2023-cü ilin noyabrında 10 min barrel Rusiya neftini 749 min dollara alıb.
İdxalın bir barel üçün 74,9 dollar olması diqqət çəkib.
ABŞ Ukraynadakı müharibə ilə əlaqədar Rusiyanın enerji sektoruna sanksiyalar tətbiq etməyə başlayıb və 2022-ci ilin aprelindən etibarən Rusiyadan neft idxalını dayandırıb.
G7 ölkələri də 2022-ci ilin dekabrında Rusiya neftinin barelinin 60 dollardan yuxarı qiymətini tətbiq ediblər.
Politoloq Tural İsmayılov bildirib ki, burada qaranlıq qalan bir məsələ yoxdur. Çünki Qərbin bu gün Rusiyadan iqtisadi mənada asılılığı kifayət qədər çoxdur və bu gün Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar əslində “gözdən pərdə asmaq” üçündür.
-Tural İsmayılov
“Bütövlükdə Amerikanın strateji tərəfdaşı olan Avropa Birliyinə daxil olan ölkələrin Rusiya enerji məhsullarından asılılığı kifayət qədər yuxarı səviyyədədir.
Eyni zamanda Almaniya Rusiya ilə ortaq “Şimal axını 2” layihəsinə start verib və bu layihə ilə bağlı hansısa dayanmadan söhbət getmir.
Digər bir tərəfdən Amerika Birləşmiş Ştatlarının özünün istehsal etdiyi neft məhsulları emal prosesində bir neçə mərhələdən sonra hazır vəziyyətə gəlmiş olur”-deyə Tural İsmayılov izah edib.
Politoloq bildirib ki, ABŞ öz daxili istehsalını öz daxili imkanları hesabına genişləndirmək əvəzinə Rusiyanı tam incik salmamaq üçün onunla bu sahədə əməkdaşlığı davam etdirir.
Politoloqun fikrincə, bu, təkcə Amerikanın timsalında baş verən bir məsələ deyil, bu gün Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin davranışları, Qərb neoimperialist şəbəkələrinin ikiüzlülüyünü, qeyri-səmimiliyini və dünyanı necə aldatmağa çalışdığını növbəti dəfə nümayiş etdirib.
Tural İsmayılov hesab edir ki, bu məsələlərdə konkret olaraq, dünya ictimaiyyəti də daha ayıq olmalıdır.
“Rusiya ilə iqtisadi əlaqələrinə görə bəzi ölkələri hansısa sanksiyalarla hədələyənlər, onlara qarşı Qərbin müxtəlif siyasi platformalarında müzakirə mövzuları açanlar təəssüflər olsun ki, Amerika Birləşmiş Ştatları da daxil olmaqla Rusiya ilə hər bir formada əməkdaşlığı davam etdirən, pərdə arxasında və yaxud da pərdə önündəki Qərb sistemlərinə qarşı səs çıxara bilmir”-deyə politoloq əlavə edib.
.
İradə Cəlil, dikGAZETE.com