BAKI, Azərbaycan
-İsrail İranı vurmağa hazırlaşır: Hərbi büdcəsini artırır...
İsrail Müdafiə Nazirliyi İrana mümkün hücuma hazırlıq məqsədilə büdcəsinin artırılmasını istəyib.
İsrail Müdafiə Nazirliyi 2023 və 2024-cü illər üçün 10 milyard şekel (2,8 milyard dollar) artım tələb edib ki, bu da cari büdcədə 12 faiz artıma səbəb olub.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahunun yeni qurduğu hökumətinin məqsədlərindən biri də İranın nüvə silahı əldə etməsinə mane olmaqdır.
İsrail və İran arasında müharibə mümkünmü?
Politoloq Turab Rzayev bildirib ki, İsrail ciddi şəkildə İrana qarşı müharibəyə hazırlaşır.
-Turab Rzayev
Buna görə də texnoloji və hərbi qabiliyyətini inkişaf etdirir, hərbi büdcəsini artırır.
“Artıq dayanmadan neçə ildir ki, İsrailin hərbi büdcəsi artır və hərbi büdcədə İrana qarşı nəzərdə tutulmuş xərclər artırılır. Hər gün İsrail bu ölkəyə qarşı xüsusi əməliyyatlar aparır. Elə bir gün yoxdur ki, Yəməndə, Suriyada və ya İraqda İran hərbçilərinə qarşı əməliyyat olmasın, İran komvoyu, bazası vurulmasın, hər-hansı bir yüksək rütbəli İran ordusu mənsubu öldürülməsin.
Eyni zamanda İran daxilində İsrail diversiya əməliyyatları keçirir, nüvə alimlərinin aradan götürülməsi, nüvə obyektlərinin elektrik- kompüter sisteminə sızma, elektron vasitələrlə, eləcə də kiber hücumların təşkil olunması, bu daimi olaraq İsrail tərəfindən həyata keçirilir”,- deyən politoloq Turab Rzayev hesab edir ki, indi İsrail yekun hücum üçün hazırlıq görür.
Bu səbəbdən də müttəfiq əlaqələrini inkişaf etdirir.
Belə ki, artıq ərəb ölkələriylə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında razılıq əldə edilib. Onlar İrana qarşı güclərini birləşdiriblər.
Eyni şəkildə digər ölkələrlə, məsələn, Türkiyə ilə İsrail münasibətləri normallaşdırılır.
Azərbaycanla münasibətləri daha da inkişaf etdirir.
“Bu yaxınlarda, yanvarın ortalarında yenə İsrail Azərbaycanda Xarici İşlər nazirliyi xətti ilə xüsusi tədbirlər həyata keçirildi. Aydın məsələdir ki, burada İsrailin iki hədəfi var.
Əgər alınsa, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarını yanına alıb birbaşa müharibə etmək, İranın yerüstü hücum və ya hava hücum ilə bütün nüvə nüvə obyektlərini məhv etmək.
Əgər heç bir halda buna nail ola bilməsə, İsrail çalışacaq ki əvəllər Suriya və İraqda olduğu kimi hava hücumu ilə bombardman eləsin və İranın nüvə obyektlərini hava hücumu ilə məhv yox etsin!”
İranın nüvə obyektləri yer altı şəraitdə tikilib. Bu səbəbdən də, fərqli müdaxiləyə ehtiyac ola bilər.
Politoloq Turab Rzayev hesab edir ki, istənilən halda hələ ki, bölgədə müharibənin olma ehtimalı yüksək olaraq qalsa da, qərb buna tələsmir. Ancaq ABŞ, Böyük Britaniya və xüsusuilə Avropa İttifaqının İrana qarşı bəzi mənfi fikirləri var.
"Ola bilsin ki, bir nöqtədə artıq müvafiq ölkələr İranı müdafiə etməkdən əl çəksinlər və həmin an İsrail İrana qarşı planlaşdırılan hücumu yekunlaşdırmağa çalışacaq”-deyə politoloq fikrini yekunlaşdırıb.
.
İradə Cəlil, dikGAZETE.com