USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

İslam baxışında Hz. Məryəm (ə)

İslam baxışında Hz. Məryəm (ə)
20-12-2022

- Hz. İsanın (ə) dünyaya gəlişi deyil, Hz. Məryəmin də dünyaya gəlişi və həyatı ibrət dərsləri ilə dolu bir ilahi möcüzədir. 

BAKI, Azərbaycan

İlahiyyat üzrə Fəlsəfə elmlər doktoru, Professional Ailə müşaviri, Həyat koçu PhD. Əfzələddin Rəhimli öz fikirlərini bölüşüb.

-PhD. Əfzələddin Rəhimli İlahiyyat üzrə Fəlsəfə elmlər doktoru, Professional Ailə müşaviri, Həyat koçu-

Həzrət Məryəmin (ə) dünyaya gəlişi Müqəddəs kitabımızda elə gözəl təsvir edilmişdir ki, onun məqamının ülviliyi ən dərin çalarları ilə bəşəriyyətə möcüzə kimi tanıdılmışdır. 

Əslində təkcə Hz. İsanın (ə) dünyaya gəlişi deyil, Hz. Məryəmin də dünyaya gəlişi və həyatı ibrət dərsləri ilə dolu bir ilahi möcüzədir. 

Belə qissələri sadəcə hekayə, yaxud sırf möcüzə ünvanında deyil, mənəvi bir dərs kimi qavramaq lazımdır. 

Ali-İmran surəsində ilk öncə Məryəmin anasının övlad istəyi və onun Allaha xidmətçi kimi nəzir edilməsi təsvir edilir.

Buradakı əhəmiyyətli məqam budur ki, onun bəxş edilməsinin istəyi və hədəfi "Tanrı bəndəçiliyi”dir. 

Bu bizə bir örnəkdir ki, övladlarımızı pak niyyət və gözəl duyğularla dünyaya gətirək:

Ya Rəsulum!) İmranın zövcəsinin (Hənnənin): “Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!” – dediyini xatırla!” (Ali-İmran, 35)

Bu hekayədə ikinci ən əhəmiyyətli məqam budur ki, Hz. Məryəmin anası övladının qız olduğunu gördüyü zaman, onun Allah xidmətçisi ola bilməyəcəyini düşünərək çox qüssələndi.

Lakin Uca Allah cinsiyyət fərqinin üstünlük və ləyaqət səbəbi olmadığını bununla sübut etdi:

Onu (bətnindəkini) doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum”, - söylədi. 

Halbuki, Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi.

(Hənnə:) “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məlun (daşqalaq olunmuş) Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram” (dedi). (Ali-İmran, 36)

Beləliklə, aydın olur ki, Allah-taala oğlanın qızla fiziki fərqliliyinin onun dəyərli olmasında, həmçinin Allaha bəndəliyində xüsusi rol oynamadığına diqqət çəkir.

- Üçüncü məqam budur ki, məhz Hz. Məryəmin qız olduğu üçün özlərini “Allah adamı, ruhani” elan edən şəxslər, onun məsciddə Mərhəmətli Allaha necə bəndə ola biləcəyini soruşurdular? 

Kimsə onu himayəsinə alıb, mənəvi tərbiyəsini öhdəsinə götürmürdü. Amma Hz. Zəkəriyya (ə) onun mənəvi tərbiyəsini, Allah xidmətçisi olmasını öhdəsinə aldı. 

(Ya Rəsulum!) Bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə sənə bildiririk. Onlar: Məryəmi kim öz himayəsinə alacaq?” – deyə, qələmlərini (suya) atdıqları və bir-birilə mübahisə etdikləri zaman sən ki onların yanında deyildin. (Ali-İmran, 44)

Məsələnin kulminasiya nöqtəsi budur ki, özlərini “Allah bəndəsi, ruhani” sayanlardan fərqli olaraq, Allah-taala özü Hz. Məryəmi qəbul edərək, himayə və tərbiyə etdi.

- Dördüncü məqam burada odur ki, ayədə “gözəl bir fidan” kəlməsi işlədərək onun incəliyinə və zərif bir məxluq olmasına diqqəti yönəldərək, qız övladının bəşəriyyətə bir nemət olduğunu vurğulayır. 

Ardınca, ona uyğun şəkildə incəlik və qayğı ilə davranmağın dəyərli olmasını bəyan edir. 

- Beşinci bir məqam budur ki, ayəyə əsasən, Allah-taalanın bir qızı himayəyə götürüb, onu xüsusi olaraq behişt nemətləri ilə bəsləməsi, ona məxsus diqqət ayırması da istər insani dəyəri, istər mənəvi dəyəri cəhətindən cinsi ayrı-seçkiliyin mənasız və puç olmasını yetirir. 

Təsəvvür edin ki, Uca Aləmlərin Rəbbi Özü birbaşa bir qız övladını öz məscidində tərbiyə edir, ona behişt nemətləri əta edir. 

Belə ki, Hz. Zəkəriyya hər dəfə onu ziyarətə gəldikdə, qarşısındakı cənnət nemətlərini görüb, təəccüblənərdi:

Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyya:) “Ya Məryəm, bunlar sənin üçün haradandır?” - dedikdə, o: “Allah tərəfindəndir!” - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!” (Ali-İmran, 37)

- Altıncı maraqlı məqam budur ki, Qurani-Kərimə əsasən, Hz. Məryəm üç ali xüsusiyyətlə zikr edilir:

1. Allah tərəfindən seçilmiş şəxs.

2. Eyiblərdən təmizlənmiş şəxs.

3. Aləmlərin xanımlarından üstün bir xanım.

(Ya Peyğəmbər!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, (cəmi) aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur.” (Ali-İmran, 42)

- Yeddinci məqam budur ki, Hz. Məryəmin mələklərlə həmsöhbət olmasına işarə edilir: 

Mələklər dedilər: “Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca (şərəfli) və (Allaha) yaxın olanlardandır.” (Ali-İmran, 45) 

- Səkkizinci məqam budur ki, Hz. Məryəmi və oğlu Hz. İsanı (ə) Allahın əzəmətli  möcüzəsi adlandırır:

Məryəm oğlunu (İsanı) və (bakirə) anasını (qüdrətimizdən yaranmış) bir möcüzə etdik. Onları abad (rahat) və axar sulu uca bir yerdə yerləşdirdik. (Mominun, 50)

- Doqquzuncu məqam budur ki, Hz. Məryəmin (ə) doğru danışan və sədaqətli bir insan olduğunu vurğulayır. Doğru danışmaq bütün ali xislətlərin tacıdır:

Onun anası isə çox pak (Allahın hökmlərini sidq-ürəkdən təsdiq edən) bir qadın idi. (Maidə, 75)

- Onuncu məqam budur ki, İslam dini Ali-İmran surəsinin 42-ci ayəsinə əsasən, Hz. Məryəmi bütün iftifalardan paklaşdırmaqla yanaşı onu məsum bir xanım kimi tanıdır.

(Məhəmmədhüseyn Təbatəbai, Əl-Mizan, c. 3, səh. 188: Alusi, Ruhul-məani, c. 2, səh. 149.) Bir halda ki, katolik kilsəsi onun məsum olmasına olan inancı, zəruri bir etiqad kimi 1854-cü ildə qəbul etmişdir. (K. Flinn, Frank, Encyclopedia of Catholicism, p.442) Qurani-kərimdə buyurulur:

(Ya Rəsulum!) İsmətini (bəkarətini) qoruyanı da (Məryəmi də yad et)! Biz Öz ruhumuzdan (Özümüzün yaratdığımız ruhdan Cəbrail vasitəsilə) ona üfürdük, onu və oğlunu (atasız doğulmuş İsanı) aləmlərə (mələklərə, bütün insanlara və cinlərə) bir möcüzə etdik. (Ənbiya, 91)

Həmçinin, İslam peyğəmbəri Həzrət Məhəmməd (s) də Məryəm anamızın uca məqamına belə işarə edir: «Asiyə, Məryəm, Xədicə və Fatimə aləmlərin xanımlarıdırlar.» (İbn Əbdülbərr, Əl-İstiyab, c. 4, səh. 1822; Məməhhədbaqir Məclisi, Biharül-ənvar, c. 8, səh. 178.)

Asiyə Allahlıq iddiası edən Fironun arvadı, Məryəm (ə) Həzrət İsanın anası, Xədicə (ə) Məhəmməd peyğəmbərin (s) ən sevimli xanımı və Fatimə (ə) onun “gözümün işığı” adlandırdığı qızıdır. 

Doğrudan da, Məhəmməd peyğəmbərin (s), Fironun arvadı Asyaİsanın anası Məryəmi öz sevimli xanımı və əziz qızının kənarında qərarlaşdırması, bir daha İslamın onlara verdiyi böyük dəyəri açıqlayır.

Həzrət Məryəm Qurani-kərimdə 36 dəfə «İsa» və «Məsih» adları ilə müxtəlif mövzularda çox böyük hörmətlə yad edilən Hz. İsanın (ə) anasıdır.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?