USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Getməsələr də, görməsələr də, o kənd onlarındır

31-12-2020

BAKI, Azərbaycan

44 günlük müharibə 30 illik münaqişəyə son qoydu. 

Uzun illər ermənilərin işğalı altında olan torpaqlarımız rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində geri qaytarıldı.

Oktyabrın 4-də Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun bir sıra kəndləri işğaldan azad edildi. 

Torpaqlarımızın işğaldan azad edilməsi xəbərini azərbaycanlılar sevinc göz yaşları ilə qarşıladılar.

Hər gün hamı bir nəfər kimi Ali Baş Komandanın tvitlərini gözləyirdi. 

Xüsusən də uzun illərdir yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərimiz.

Anar Xəlilov Çərəkən kəndindən qaçqın düşəndə cəmi 10 yaşı olub. 

Deyir ki, heç vaxt kəndlərindən didərgin düşəcəyini ağlına belə gətirmirmiş.

"Mən Çərəkən kəndinin işğaldan azad olunma xəbərini eşidəndə inanın ki, gözlərim doldu. Bir şeir var, hər zaman o qarşıma çıxanda ürəyim sızlayırdı: getməsək də, görməsək də, o kənd bizim kəndimizdir... Bəli, Çərəkən mənim doğulub, boya-başa çatdığım, 10 yaşına qədər yaşadığım kəndimdir".

-Anar Xəlilov övladları ilə-

Bakı şəhəri – paytaxt hər bir uşağın arzusu olduğu üçün onlar da şad günlərində Bakıya gələrmişlər.

Və bir gün bu gəlişin daimi olacağını heç düşünməmişdi də...

"Avqustun 2-də ad günümü keçirmək üçün Bakıya gəlmişdik. İki həftəlik Bakı səfərindən sonra kəndə qayıdanda vəziyyətin dəyişdiyini öyrəndik. Cəmi bir gün kənddə qaldıq. Avqustun 15-də isə kənd əhalisi, 50-60 nəfər bir ZiL maşınına yığılıb kənddən çıxdıq", - deyən Anar Xəlilov Çərəkəni dumanlı şəkildə xatırladığnı bildirir.

Anargilin Cəbrayıl rayonunda evləri olsa da, təmirsiz olduğu üçün oraya tez-tez getməzlərmiş. 

Elə bu səbəbdən də Anar Cəbrayılı xatırlaya bilmir.

"Yadıma gəlir, biz buğda yığmışdıq ki, onu dəyirmanda üyüdüb un eləyək. Həmin vaxt biz buğdanı yığıb evin bir küncünə qoyduq, çıxdıq.

Biz buğdaya çörək kimi baxırdıq, istəmədik, çöldə qalsın. Heç qapıları da bağlamadıq. 

Çıxdıq. Aradan 27 il keçib. Heç düşünməzdim ki, biz bir gün oraya dönəcəyik. Amma artıq bizim kəndimiz azad olunub və yəqin ki, yaxın müddətdə biz oraya köçəcəyik".

A.Xəlilov Bakıya köçəndən sonra təhsilini Bakı şəhəri Nizami rayonu 201 saylı orta məktəbdə alır. 

Deyir ki, köçkünlük həyatı çox ağır keçib.

-Anar Xəlilov övladları ilə-

"Həmin vaxtlar uşaqların bizə baxış tərzi fərqli idi. Yəni məcburi köçkün həyatı tamam fərqli olub. Yerli deyilsən və sənə qəribə baxırlar. Biz 2004-cü ilə kimi bir otaqda qalmışıq. Səhərlər saat 4-5-də durub dərs oxuyurdum. 2000-ci ildə 11-ci sinfi bitirmişəm və həmin il də Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə daxil olmuşam", - deyən müsahibimiz özünə həyat qursa da, ürəyindəki nisgil sağalmayıb.

Bu günə qədər qızlarına Çərəkəndən danışır. 

Xatirələrini bölüşür: "Köçkünlük həyatından sonra bizim haqqımızda, Cəbrayıl rayonu haqqında filmlər çəkilib. 

Cəbrayıl haqqında "Xan Çinarın yetirmələri" kitabında atam və bizim haqqımızda yazılar var".

Anar Xəlilov

Anar 10 yaşı olanda Çərəkəndən çıxsa da, uşaqlarına hər zaman Cəbrayıl rayonu haqqında danışıb. 

Bu gün onun qızlarına "haralısan?" sualını verəndə "cəbrayıllıyam" deyirlər. 

Axı getməsələr də, görməsələr də, o kənd onlarındır.

Qaçqınlıq həyatı yaşamasına baxmayaraq, təhsilinə böyük diqqət yetirən Anar Xəlilov kifayət qədər tanınmış stomatoloqdur. 

Və bir arzusu var - Çərəkəndə öz stomatoloji kabinetini yaratmaq...

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?