USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Ermənilərin susdurulması, 8 illik ədalətsizliyə cavab və yeni uğurlar üçün imkan

11-11-2021

SUMQAYIT, Azərbaycan

Ötən həftə Qazaxıstan "Kayrat"ı ilə qarşılaşmadan səfər qələbəsi ilə ayrılan "köhlən atlar" ölkə futbolu tarixində ilk dəfə avrokuboklarda qrup mərhələsini uğurla adlayaraq növbəti mərhələyə vəsiqə qazandı. 

Sona iki tur qalmış Konfrans liqasında qrupdan çıxmağı təmin edən Qurban Qurbanovun komandası ilk dörd matçda 10 xal yığmaqla da Azərbaycan klubları üçün beynəlxalq arenada rekord olan xal sayına nail oldu. 

Qazaxıstandakı matçla bağlı simvolik bir məqam diqqət çəkirdi. 

Koronavirus pandemiyası səbəbindən baş tutmayan “Vilyareal”la ötən ilki səfər matçını nəzərə almasaq, Qurban Qurbanovun "drujina"sı avrokubokların qrup mərhələsində 44 matçda meydana çıxdı. 

Yəqin ki, bizim üçün artıq müqəddəsləşən 44 rəqəmi bütün azərbaycanlılar kimi sizə də nəsə deyir. 

Elə Ağdam təmsilçisinin futbolçuları üçün də noyabr ayının 4-də H qrupunun 4-cü, ümumilikdə isə qrup mərhələsindəki 44-cü oyunun olması, dörd rəqəminin mistikası çox şey demək idi. 

Döyüş meydanında qazanılan zəfəri "Qarabağ" meydanda davam etdirməliydi. 

Rəqibin heyətində erməni Kamo Oqanesyanın çıxış etməsinin “Qarabağ”lılar üçün nə demək olduğunu izah etmək artıqdır. 

Üstəlik, Almatıdakı matçdan öncə azərbaycanlı azarkeşlərlə Qazaxıstandakı qarşılaşmanı izləyən ermənilər arasında kiçik insident də olmuşdu.

Odur ki, futbolçuların hər biri yaxşı dərk edirdi ki, oyun saatında tribunalarda və mavi ekranlar qarşısında onminlərlə oqanesyanlar əyləşəcək.

Onları “Kayrat”ın uğuru yox, məhz “Qarabağ”ın məğlubiyyəti maraqlandıracaq. 

Axı, bu addan yanıqlıdırlar.

Axı, bu ad arzuladıqları, lakin heç cür əldə edə bilmədikləri Azərbaycan torpağıdır.

"Qarabağ" məhz Oqanesyanın iştirakçısı olduğu qarşılaşmada qalib gəlməklə mərhələ adladı və bu ermənilərə əla cavab oldu.

Düzü, buna qədər də Ağdam təmsilçisi dəfələrlə ermənilərə layiqli cavab vermişdi, amma ədalətsizlikdən də yaxa qurtara bilməmişdi. 

Yadınızdadırsa, lazımi təhlükəsizlik tədbirləri görülmədiyindən Lüksemburqda yerli "Düdelanj"la oyunda ermənilər stadionun mərkəzinə qədər dron uçurdaraq qondarma respublikalarının bayrağı ilə komandaya təzyiq göstərməyə cəhd etmişdilər.

Ümumiyyətlə, Lüksemburq müharibə gedə-gedə, sonra da, bu günə kimi də düşmənə dəstək verir. 

Onlara ən layiqli cavabı ölkə prezidenti zamanında vermişdi:

"Azad etdiyimiz torpaqlar Lüksemburq ərazisindən dörd dəfə çoxdur, gedib işləri ilə məşğul olsunlar"!

Yaşıl meydanda da "cırtdan" ölkəniin layiqli cavabı verilməli idi. 

Həmin vaxt təxribatın cavabını meydanda 4:1 hesablı qələbə ilə verən ağdamlılar erməniləri yerində oturtmuşdu. 

Xatırlayırsınızsa, təxribatı törədənlər bu hadisədən sonra Henrix Mxitaryanın onlara zəng edərək təşəkkür etdiyini etiraf etsə də, futbolçuya heç bir cəza tətbiq olunmamışdı.

Görünür, beynəlxaq futbol təşkilatlarının cəza vermək ancaq söhbət "Qarabağ"dan gedəndə yadına düşür. Ən əsası da absurd cəzalar verilir. 

Ermənilərin dövlət başçısına qədər dilindən düşməyən irqçi, faşist, qeyri-insani, vəhşi açıqlamaları ola-ola “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovun öz feysbuk səhifəsində hisslərə qapılaraq yazdığı və sonradan sildiyi bir statusuna görə absurd ömürlük futboldan uzaqlaşdırılması qərarına da şahidlik etdik.

Yadınızdadı, “Arsenal”la “Emireyts”dəki matçda erməni azarkeş meydançaya girmiş, oyunçularımız hücuma məruz qalmışdı. 

Bu azmış kimi PAOK, APOEL, “Sevilya” və digər bir neçə səfərdə tribunalarda Ermənistan və onun qondarma törəməsinin bayrağı açıldı, şüarlar səsləndirilmişdi.

Elə cari mövsümün gedişində də "Qarabağ" "erməni problemi" ilə üzləşmişdi. 

Yəqin ki, söhbətin "Omoniya"ya Kiprdə qalib gəldiyimiz matçdan getdiyini anladınız.

Stadionda azarkeşlər bizimkiləri söyürdü, meydana müxtəlif əşyalar atırdılar, AEL-in nümayəndəsi və futbolçusu Qurban Qurbanovun üzərinə yeriyirdi. 

Aranın qarışdığını görən hakim oyunu saxlamışdı. 

Hamı tuneldən içəri daxil olub paltardəyişmə otağına yollanmışdı. 

Bizimkilər də, kiprlilər də. 

Sonradan Qurban Qurbanov yenidən meydana qayıtmışdı. 

Tək özü, yanında heç kim yox. 

Dik duruşla, qartal baxışla minlərlə ermənipərəst yunana baxırdı. 

Qürurverici, fəxrediləsi mənzərə idi. 

Adam bütün yunan Kiprinə meydan oxudu: Mən tək, siz hamınız! Qurban Qurbanov millətin siması, fəxarət tablosudur!

Son 8 ildə ardıcıl olaraq avrokubokların qrup mərhələsində çıxış edən "köhlən atlar" qrup mərhələsini uğurla adlamaqla həm erməniləri və onların dəstəkçilərini susdurdu, həm də digər ədalətsizliklər qarşısında sınmadığını nümayiş etdirdi. 

Xatırlatırsınızsa, ilk cəhddəcə ağır hakim qərəzi ilə üzləşmişdi ağdamlılar.

İnter”lə son turda çexiyalı Zelinkanın təmiz qolumuzu saymaması ilə qrupdan çıxışımız əngəllənmişdi. 

Başqa bir fakt isə o idi ki, danışılmış oyun biabırçılığı ilə İtaliyaFiorentina”sı bilərəkdən PAOK-a uduzaraq, “Qarabağ”ın real şansını minimuma endirmişdi. 

Zelinkanın əlimizdən aldığı, UEFA-nın da göz yumduğu haqqımızı 8 il sonra yenilənmiş "Qarabağ" bərpa etmiş oldu. 

Gec oldu, amma oldu. 

Boşuna deməyiblər ki, "haqq nazilər, amma üzülməz". 

Eynən "Qarabağ"ın haqqı kimi...

Elə ölkə daxilində də "Qarabağ"a qarşı az ədalətsizlik edilməmişdi. 

Cari avrokubok mövsümündəki uğurlar, ölkə çempionatında "Qarabağ"ın ortaya qoyduğu səviyyə fərqi bir daha sübut edir ki, bu komanda son ölkə çempionluğunu kənar təsir və təzyiqlərlə əlindən qaçırmışdı. 

Avrokubokolarda isə nə AFFA var, nə Elxan Məmmədov, nə də Elçin Məsiyev kimi hakimlər. 

Yadınızdadısa, Qurbanov həmin gün gülürdü. 

Qurbanov həmin gün onun və futbolçularının əleyhinə birləşən qüvvələrə o gülüşü ilə istehza edirdi. 

Daxilən «siz saydığınızı sayın, mən də öz işimdə olum» demək idi bu. 

Və o gün gəldi. «Qarabağ» bəlkə də çempion olub, avrokuboklar mövsümünə Çempionlar Liqasından başlasaydı, bugünləri görə bilməycəkdi.

Dünyada 3 milyarda yaxın izləyicisi olan futboldan böyük təbliğat meydanı tapmaq mümkün deyil. 

QarabağFutbol Klubunun da Avropanın futbol arenalarında ortaya qoyduğu çalışmanın əhəmiyyəti də məhz bu səbəbdən kiçildilməməlidir. 

Ordumuz 44 günə Qarabağı işğaldan azad etmişdisə, “Qarabağ” da 44 matça Qarabağa qarşı edilən haqsızlıqların qapısına həm meydanda, həm də ondan kənarda öz qolunu vurmağı, xüsusi təyinatlı komanda olmağı bacardı. 

Başqa sözlə, Azərbaycan futboluna bahar noyabrda gəldi. 

İndi köhlən at yenidən şahə qalxır. 

Avropanı bir daha fəth etmək üçün... 

.

Tural Məmmədov, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?