USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Ermənilər evlərini niyə od bahasına satır?

15-01-2021

BAKI, Azərbaycan

Son vaxtlar erməni saytlarında Xankəndində evlərin satılması ilə bağlı elanlar yerləşdirilir. 

Evlərin satış qiyməti isə fantastik dərəcədə şişirdilib.

Mütəxəssislərin fikrincə, Xankəndindəki mənzillər hətta Sumqayıt şəhərindəki mənzillərdən də baha qiymətə satışa çıxarılıb. 

Təbii ki, bu yanaşma ermənilər tərəfindən düşünülmüş bir addımdır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin fikrincə, bu gün heç bir erməni həmin ərazilərdə daşınmaz əmlaka yatırım etməz.

Onların əsas məqsədləri öz mənzillərini Azərbaycan hökumətinə baha qiymətlərə sataraq həmin ərazilərdən çıxıb getməkdir.

"Həmin ərazilər artıq Azərbaycanın nəzarətindədir və bütün sənədləşmə işləri Azərbaycan qanunvericiliyinə uyğun aparılmalıdır. Təklif edərdim ki, ilk növbədə Şuşa şəhərində "ASAN XİDMƏT" Mərkəzinin modul tipli bir filialı açılsın. O filial vasitəsilə qondarma rejimin orada yaşayan ermənilərə verdikləri bütün mülkiyyət hüquqlarını təsdiq edən sənədləşmə işləri ləğv olunsun. Sənədləşmələr Azərbaycan Respublikasının Konstutsiyasına və qanunvericiliyinə uyğun aparılsın", -deyə E. Fərzəliyev bildirib.

O, qeyd edib ki, işğaldan əvvəl təkcə Xankəndində 12 000-dən artıq Azərbaycanlı yaşayıb.

Bu gün isə biz Xankəndindən məcburi köçkün düşmüş soydaşlarımızı ora yerləşdirmək üçün illərlə tikinti işləri aparmalıyıq.

Bu isə çox uzun zaman alacaq. 

Ona görə də ilk növbədə, ermənilərin faktiki yaşadığı həmin ərazilərdə Azərbaycan qanunvericiliyini tətbiq etməli və ermənilərin satışa çıxardıqları evləri alaraq öz məcburi köçkünlərimizi yerləşdirməliyik.

Ekspertin fikrincə, satılan əmlak ermənilərin şişirdilmiş qiymətləri ilə deyil, real bazar qiymətləri ilə dəyərləndirilməlidir. 

Bunun üçün isə həmin ərazilərə yerli və xarici qiymətləndirmə şirkətlərini dəvət edərək monitorinqlər aparılmalı və əmlakların real bazar dəyəri müəyyənləşməlidir.

E. Fərzəliyev hesab edir ki, bu proses baş tutarsa, yerli əhalimizin həmin ərazilərə köçmə prosesi nəzərdə tutulduğundan da tez baş verə bilər:

"ANAMA-nın verdiyi məlumata görə minalanmış ərazilərin təmizlənməsi 13 ilə qədər çəkə bilər. 

İndi faktiki olaraq ermənilərlə azərbaycanlılar orada yaşayacaq.

Ermənilərin yaşamasına icazə veriləcək Xankəndi, Əsgəran, Xocalıya azərbaycanlıların da köçürülməsi həyata keçirilməlidir.

Ancaq onları yerləşdirmək üçün evlər tikmək lazımdır. 

Tikinti işləri də bir günün işi deyil. 

Ən azından bir neçə il vaxt lazımdır ki, o evlər tikilib onlara təhvil verilsin. 

Həmin müddətdə isə faktiki olaraq ermənilər orada yaşayacaq. 

Ona görə də bu prosesi sürətləndirmək üçün həmin satılan mənzilləri alaraq, həm insanları ora yerləşdirmək olar, həm də paralel olaraq tikinti işləri aparmaq olar".

Ekspert qeyd edir ki, əslində tikintinin xərcləri ən çox torpaq sahəsinə gedir. 

Ona görə də orada evlər o qədər də baha olmamalıdır. 

O yerləri dəyərləndirib, real bazar qiymətinə alıb, həmin evləri məcburi köçkünlərə vermək, orada mənzil tikib verməklə eyni qiymətə başa gələcək:

"Onsuz da dövlət evlər tikəcək. Ancaq tikməkdənsə, hazır evləri alıb təmir etmək daha sərfəlidir. Bu, vaxta da qənaət edər və məskunlaşma daha sürətlə baş verər. Bir şərtlə ki, evlər Azərbaycan qanunverciliyinə uyğun sənədləşdirilməli, alqı-satqı da bu qanunlar çərçivəsində aparılmalıdır".

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?