USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Bizə cəllad lazım deyil, özümüz özümüzü məhv edəcəyik

06-08-2020

BAKI, Azərbaycan

Koronavirus pandemiyası dövründə istifadə olunan qoruyucu fərdi vasitələr onsuz da bərbad vəziyyətə saldığımız ətraf mühitin çirklənməsi səviyyəsinə mənfi təsir göstərir.

Bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının hesabatında deyilir. 

Hesabatda qeyd olunur ki, maska, əlcək, dezinfeksiya vasitələri qabları küçələri, çimərlikləri və dünya okeanını zibilləyir.

Hesabata görə, plastik çirklənmə pandemiyaya qədər Yer kürəsi üçün ən böyük təhdid olub. 

Bu cür qoruyucu vasitələrin istifadəsi isə vəziyyəti daha da gərginləşdirir.

Ekoloq Vaqif Əliyev bildirib ki, son dövrlərdə dənizlərdəki plastik tullantıların miqdarı indiyə qədər müşahidə edilməyən rekord həddə çatıb. 

Belə ki, plastik tullantıların çox olması ətraf mühiti, insanların sağlamlığını və hətta planeti təhlükə qarşısında qoyub.

"Araşdırmalara görə, il ərzində bütün dünyada 300 milyon ton plastik istifadə edilir. 

İstifadədən sonra plastiklərin təqribən 2 faizi, yəni 6 milyon tonu dənizə atılır. 

Plastiklər dəniz suyunda uzun illər qalır, çürümür, yox olmur. Kiçik parçalara bölünür və mikroplastikləri ortaya çıxarır. Bu da qidalanma vasitəsilə bu plastiklərin insan orqanizminə keçməsinə səbəb olur" – deyə ekoloq bildirib.

Onun sözlərinə görə, plastiklər dənizə müxtəlif yollarla düşür. Hesablamalara görə, dənizə düşən plastiklərin 70 faizi gəmilər vasitəsilə, qalanı isə digər yollarla dənizə atılır.

Ekoloq qeyd edib ki, çimərliklərindənizin təmizlənməsi iqtisadi baxımdan çox vəsait tələb edir.

Uşaq bezləri-plastik şüşə 450 il, plastik torbalar 20 il dənizdə qalır, məhv olmur. 

Bu problemin qarşısını vaxtında almaq lazımdır. 

Plastik məmulatların istehsalı ilə məşğul olan şəxslər də bir qədər məsuliyyətli davranmalıdırlar. 

İstehsalçılar təkrara istehsal edilə bilən məmulatlar istehsal etməli, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş məmulatlar əvəzinə çox istifadə edilə biləcək məhsullar istifadə etməlidir" – deyən V.Əliyev bildirib ki, müxtəlif ölkələr bununla bağlı qanunlar qəbul edib.

İrlandiyada 2002-ci ildə alış-veriş zamanı sellofan paketlər pulla satılmağa başlanılıb və 2012-ci ildə ölkədə belə paketlərdən istifadə edənlərin sayının 90 faiz azaldığı müəyyən edilib.

Türkiyədə də bələdiyyələr bazar və iş yerlərində plastik torbaların istifadəsini qadağan edib.

Həkim-terapevt Xatirə Əhmədovanın sözlərinə görə, plastik məhsulların toksik və hormonal təsirləri insana böyük zərər verir. Plastik məhsullar ürək çatışmazlığı xəstəliklərinə, sinir xəstəliklərinə yol aça bilər.

"Yəni insan hansısa xəstəliyə yoluxanda çox zaman niyə oldu, nədən oldu səbəbini bilmir. 

Ancaq qeyd etmək lazımdır ki, təbiətə atılan zərərli maddələr, istixana qazları, plastik məhsullar zamanla müxtəlif xəstəliklərə səbəb olur. 

Son dövrlər pandemiya ilə bağlı şəhərin hər yerində qarşımıza istifadə edilmiş əlcəklər, maskalar çıxır.

Bu, müxtəlif xəstəliklərin, ilk növbədə də koronavirisun yayılmasına səbəb olur. 

Maska, əlcək və digər plastik əşyaların dənizə atılması isə gələcəkdə müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. 

Bu vasitələr dənizi də təhlükəli hala salır. Təsəvvür edin, dənizdə çimdiyiniz halda qarşınıza xəstə birinin maskası və ya istifadə edilmiş əlcək çıxır. 

Bunu qəbul edərsinizmi? Bunu əlcək, maska və ya digər tullantıları dənizə atan şəxslər də düşünməlidir. Bu həm də vicdan məsələsidir" – deyə həkim bildirib.

Onun sözlərinə görə, plastik əlcəklər uzun müddət çürümədiyi üçün təkcə insan sağlamlığına deyil, ətraf mühitə də öz zərərlərini verir.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?