USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Azərbaycanda tarix-mədəniyyət abidələrinin son zamanlarda qorunmasında ciddi problemlər var idi

Azərbaycanda tarix-mədəniyyət abidələrinin son zamanlarda qorunmasında ciddi problemlər var idi
12-03-2023

BAKI, Azərbaycan

Azərbaycan dövlətçilik tarixinin, mədəni irsi, adət-ənənələrinin dünyada təbliğinin yüksək səviyyədə olduğunu deyə bilmərik. Amma bəzi sahələrdə bu təbliğat gözə görünür. 

Məsələn nə qədər acınacaqlı olsa da, xaricdə Azərbaycan diasporu Azərbaycan dövlətçilik tarixinin, mədəniyyətinin, adətlərinin təbliği deyiləndə, şəkərbura-paxlava və səmənini düşünürlər. 

Ya da, Azərbaycan milli geyimlərini geyinib, bir iki Azərbaycan rəqsinə qol qaldırıb oynamaqla vəzifələrini, daha doğrusu Vətən qarşısında borclarını bitmiş hesab edirlər. Ya da, soyqırım günlərində 5-6 nəfər bir yerə toplanıb, çıxış edir və mövzu bağlanır… 

Bir də həmin hadisə sonrakı il yada düşür… 

30 illik işğal tarixi, tarixi-mədəni abidələrimizin dağıdılması və s. istiqamətlərdə isə…

- Mədəni-tarixi irsimizin təbliği necə aparılır?

- 30 il işğal altında qalan torpaqlarımızda tarixi və mədəni abidələrimiz məhv edilib, bu gün onların dünyaya tanıdılması üçün hansı addımlar atılmalıdır?

- Və ya digər ərazilərdə olan tarixi mədəni abidələrimizin qorunması necə həyata keçirilir?

Bu sualları MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli cavablandırıb. 

O, bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası və mədəni irsin qorunması ilə bağlı qanunlar bir vətəndaş kimi hamının üzərinə vəzifə qoyur.

-Fariz Xəlilli

Qanunlarımız və beynəlxalq normativ aktlar mədəni irsin qorunması ilə yanaşı təbliğini də təşviq edir. Bu sahədə dövlətimizin müxtəlif qurumları, vətəndaş cəmiyyəti institutları, fərdi şəxslər çoxlu sayda layihələr həyata keçirir, mədəni irsi nəinki beynəlxalq aləmdə, eləcə də ölkəmizdə uşaq və yeniyetmələr, müxtəlif bölgələrin sakinləri arasında təbliğ edirlər. 

Bununla yanaşı, davamlı və dayanıqlı layihələrin çox olduğunu deyə bilmərik. Bunun əsas səbəbi yerlərdə, lap elə paytaxtın özündə həyata keçirilən layihələrin sonrakı taleyinin kadr və ixtisaslı işçi problemi ilə üzləşməsidir. 

Təbliğat işinin davamlı olması üçün elmi yanaşmaya, düzgün idarəetməyə və arxası kəsilməyən maliyyəyə ehtiyac var”-deyə fəlsəfə doktoru qeyd edib.

Fariz Xəlillinin sözlərinə görə, Beynəlxalq ictimaiyyət bizdən Qarabağ abidələri və dağıdılmış irslə bağlı elmi hesabatlar gözləyir. Təəssüf ki, son üç ildə biz bu elmi hesabatları təqdim edə bilməmişik. 

O, qeyd edib ki, abidələrin bərpası başlansa da, onların identifikasiyası həyata keçrilməyib.

Başlanğıcda bu işin içində olduğum üçün deyə bilərəm ki, identifikasiya işləri mina təhlükəsi, kadr səriştəsizliyi və s. səbəblərdən işlər yarımçıq təsiri bağışlayır. 

Şəxsən mən Dünya Abidələr Fondunda Şuşa şəhərinin təhlükə altında olan irs (Azərbaycan tərəfindən dağdılan və saxtalaşdırılan) kimi qeydə alınmasının qarşısını almışam. Beynəlxalq ictimaiyyət Qarabağda bizim irsə necə elmi yanaşdığımıza xüsusilə baxır.

Təəssüf ki, indiyə qədər Şuşa şəhəri Qoruq İdarəsinin Elmi Şurası formalaşdırılmayıb. Təklif etmişdim ki, Xudavəng Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılsın, Mədəniyyət Nazirliyinin Kəlbəcər mərkəzi elə həmin qoruqda yerləşsin. 

İslam irsi üçün Qarapırımlı xanəgahında və Qaraağac xanəgahında elmi-tədqiqat işlərinin başladılmasını və bu işlərin xarici mütəxəssislərlə görülməsini təklif etmişdim. Bizim təkliflər elmi əsaslıdır, zamanında addımlar atılmalıdır”-deyə Fariz Xəlilli bildirib.

Onun sözlərinə görə, tarix-mədəniyyət abidələrinin son zamanlarda qorunmasında ciddi problemlər var idi. Çünki, mütəxəssis olmayan şəxslər bu sahəyə təyin edilmişdilər və işi öyrənmələri uzun çəkdiyi qədər xeyli ixtisaslı şəxsləri də uzaqlaşdırdılar.

Bu üç ildə gözümün qarşısında çoxlu abidələrimiz xeyli zərər gördü. Məsələn; Şamaxı şəhərində Xınıslı abidəsinin üzərində evlərin tikintisinə göz yumuldu. Eləcə də Qafqazın ən böyük kurqanlarından Sultanbud kurqanı üzərində beton işlərinin aparılmasının qarşısının alınması xeyli uzun çəkdi. 

Abidələrimizin elmi pasportlarının hazırlanması ləng gedir. Əksəriyyətinin sərhədləri bəlli deyil. 

Bunların hamısı elmi yanaşma tələb etdiyi üçün ixtisaslı idarəçilərə ehtiyac var. 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafıBərpası üzrə Dövlət Xidmətinə Səbinə Hacıyeva kimi alim və memar bir rəhbərin təyin edilməsi bu sahədə problemlərin aradan qaldırılmasına kömək edəcək”-deyə Fariz Xəlilli fikrini yekunlaşdırıb.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?