USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Azərbaycanda dini təhsil necə qurulmalıdır?

Azərbaycanda dini təhsil necə qurulmalıdır?
04-11-2022

BAKI, Azərbaycan

Azərbaycan təhsil sistemində həll olunmamış əhəmiyyətli məsələlərdən biri dinin tədrisidir. Bir neçə ildir müzakirə edilən “Təhsil Haqqında Qanun”un qəbul edilməməsi də bu məsələdə qeyri-müəyyənliyi davam etdirir.

Azərbaycan hər şeydən əvvəl müsəlman ölkəsidir. Buna görə də, insanların İslam dini haqqında məlumata ehtiyacı olduğunu nəzərə almaq lazımdır.

Uzun illər marksist-leninist-ateist təlim-tərbiyə nəticəsində cəmiyyətimizdə dinə qarşı mənfi baxış tərzi formalaşmış və din qadağan edilmişdi.

İnsanlar dinə olan tələbatlarını həll edə bilmirdilər.

Son vaxtlarda Azərbaycanda dini zəmində baş verən mübahisələrin şahidi oluruq.

Həm də onun şahidi oluruq ki, bu mübahisələrdə tərəflər özlərini - müdafiə etdikləri sektaların təmsilçiləri kimi göstərirlər və bir-birlərinə qarşı dözümsüzlük nümayiş etdirirlər.

Bizə görə, bunun əsl səbəbi insanların din haqqındakı bilik səviyyəsinin az olması və bunun nəticəsində fərqli sektalara yönəlməsidir.

Bir şeyi nəzərə almaq lazımdır ki, dini təhsilin təşkil edilməsi o qədər də asan məsələ deyildir.

Bunun üçün Azərbaycanın milli, mənəvi, dini adət-ənənələrini nəzərə almaq lazımdır.

Biz bu problemi həll etmək üçün xarici ölkələrin tədris sistemindən faydalana bilərik.

Buna görə də, bəzi xarici ölkələrdəki dini təhsil haqqında məlumatla tanış olmaq lazımdır.

Türkiyə Respublikası Kırıkkale Dövlət Universitetinin İslami Elmlər fakültəsində Kəlam və Etiqadi İslam Məzhəbləri dosenti, professor Şahin Əhmədoğlu xaricdə dini təhsil haqqında düşüncələrini paylaşıb.

-Türkiyə Kırıkkale Universitetinin dosenti, professor Şahin Əhmədoğlu-

“Xarici ölkələri iki qisimdə dəyərləndirmək lazımdır. Birincisi, Xristian olan ölkələr, ikincisi isə İslam ölkələridir.

Ümumiyyətlə, dünya təcrübəsində din tədrisinin iki şəkildə tətbiq edildiyini görürük.

Birincisi dinə/məzhəbə bağlı (confessional), ikincisi isə məzhəblərüstü (non confessional) din tədrisi metodlarıdır. 

Məzhəbə/dinə bağlı tədris sistemində tədris mövzuları müəyyən bir din, ya da məzhəb haqqında olur və əsas məsələ o dinin sevdirilməsi və öyrədilməsidir.

Çox vaxt belə din dərslərinin adı da aidiyyati olduğu dinin, ya da məzhəbin adı ilə adlandırlır. Məsələn, Katolik din dərsi, Protestan din dərsi, İslam din dərsi.

Məzhəblərüstü ya da məzhəbə bağlı olmayan din tədrislərində isə, dərslərdə hər hansı bir din əsas götürülmür.

Yəni, o dini mənimsətmək, sevdirmək məqsədi daşımır, sadəcə məlumatlandırma məqsədi güdür. Bu yöndəki din dərslərinin proqramları, dövlət tərəfindən hazırlanır.

Burada əsas məsələ ölkədə hansı din məzhəb mənsubları çoxdursa, o din və ya məzhəbə görə tədris proqramı hazırlanmasıdır. Bu sistem YunanıstanDanimarkada tətbiq edilir. Bəzi Avropa ölkələrində isə bunların xaricində məzhəblərüstü tədris sistemi fikri vardır. Bu sistemi tətbiq etmək istəyən ölkələrdən İngiltərə, Almaniya, Norveç və s. göstərmək olar” - deyə Şahin Əhmədoğlu bildirib.

Professor Şahin Əhmədoğlu qeyd edib ki, Almaniya konstitusiyasına görə, din tədrisi rəsmi təhsil müəssisələrində məcburi dərsdir:

“Dövlət bu sahədə işləyənlərin əmək haqqını verməlidir. Şagirdlərin bu dərsləri seçməsi sərbəstdir.

Dövlət dini icmalarla əməkdaşlıq edir, dərsin məqsədi və dərs vəsaiti haqqında birlikdə qərar verirlər. Almaniyada Roma Katolik kilsəsi, Protestan kilsəsinin din dərsləri ilə birlikdə son illərdə İslam dini haqqında dərslərin keçirilməsi də müzakirə edilir.

Almaniyada din dərsləri məzhəbə bağlı olaraq keçirilir, din dərslərinin adı, əxlaq/etik dərsidir”.

Professorun sözlərinə görə, Avstriyada ibtidai və orta məktəblərdə din dərsləri məcburi xarakter daşıyır. Amma valideyn istərsə, övladını dərsə qoymaya bilər.

“Din dərsləri həftədə iki saatdır. Müəllimləri dini icmalar təyin edir, əmək haqqını isə dövlət ödəyir. Dini icmalar istəsələr dərs saatlarını artıra bilərlər.

Avstriya konstitusiyasına görə qəbul edilən icmalar: Katolik, Protestan, Qədim Katolik, erməni Apostel, Yunan-Ortodoks, Suriya-Ortodoks, Metodistlər, Mormonlar, Yeni Apostel kilsələri, Müsəlmanlar, İsrail (Yəhudi), Buddist Dini icmalarıdır. 

Fransa isə rəsmi olaraq laiq/dünyəvi bir ölkədir. Əhalinin əksəriyyəti Katolik məzhəbinə mənsubdur.

Fransada dövlət məktəblərində din dərsləri keçirilmir. Amma özəl tədris müəssisələrində din tədrisi verilir. Kilsə məktəbləri dövlətdən yardım alır. Kilsələr yaş fərqi qoymadan vətəndaşlara dini seminarlar təşkil edir.

İtaliyada katoliklər İtaliyada həmişə aktiv olmuşlar.

İtaliya konstitusiyasına görə “Dövlət və Katolik Kilsəsi” öz sahələrində müstəqildirlər. Universitetlərdən başqa dövlət məktəbləri və özəl məktəblərdə din tədris edilir. Dərslər haftədə 1-2 saatdır. Dərsləri kontrol etmək və müəllimlərin təyinatı Katolik kilsəsinin səlahiyyətindədir. 1984-cü ildə qəbul edilən qanunlara görə din dərsləri istəyə bağlıdır” - deyə Şahin Əhmədoğlu əlavə edib.

Türkiyədə dini təhsillə bağlı professor qeyd edib ki, Türkiyə İslam dunyasının ən inkişaf etmiş, Avropa ilə ən yaxın əlaqəsi və həm də Azərbaycanla dərin milli və mənəvi bağları olan qardaş bir ölkədir.

Buna görə də Türkiyədəki təhsil sistemində dinin necə tədris olunması ilə yaxından tanış olmalıyıq.

Hərçənd ki, Türkiyədə bu sahədə müəyyən çətinliklər mövcuddur. Amma bu sahədə ciddi işlər görülür.

“Əvvəlcə bunu demək lazımdır ki, Türkiyə Respublikası da laiq/dünyəvi bir dövlətdir. Burada din dövlətdən ayrıdır. Bununla birlikdə, Türkiyədə dini tələbatı həll etmək üçün Diyanət İşləri Başqanlığı qurulmuşdur.

Başqanlıq camilərdəQuran kurslarında din tədrisi ilə məşğul olur.

Diyanət müftü, vaiz, xətib kimi din məmurlarını hazırlayır.

Türkiyə Respublikası Konstitusiyasının 24-cü maddəsinə görə din və əxlaq təlim-tərbiyəsi dövlətin nəzarəti və kontrolundadır.

İbtidai və orta məktəblərdə din tədrisi “Din Kültürü və Əxlaq Biliyi” adı altında aparılır. 4-cü sinifdən sonra isə həftədə 2 saat məcburi din dərsləri vardır. Dərs vəsaitlərində məlumatların əsasını İslam dini təşkil edir. Bununla birlikdə, yəhudixristian dinləri haqqında da dərslikdə məlumat vardır.

Türkiyədəki universitetlərin demək olar ki hamısında İlahiyyat fakültəsi fəaliyyət göstərir. Fakültələrdə dinlər haqqında yüksək səviyyədə təhsil verilir.

Təhsil nazirliyi nəzdində “Din Tədrisi Baş İdarəsi” fəaliyyət göstərir. Bu qurumun əsas vəzifəsi dinin tədris olunduğu məktəblərdə tədrisin təşkil olunması, ibtidai, orta və nazirliyə bağlı qurumlarda “Din Kültürü və Əxlaq Biliyi”nin proqramını və dərs vəsaitini hazırlayaraq Təlim və Tərbiyə Qurumuna təqdim etməkdir”.

Professorun sözlərinə görə, İslam ölkələrindən nümunə verəcəyimiz ikinci ölkə Tunisdir:

“Bu ölkədə din tədrisi ibtidai məktəbdən başlayaraq həftədə iki saatdır. Dərsin adı “Tərbiyət-ü İslam”dır (İslam Tərbiyəsi). Dərs yuxarı siniflərdə “İslam Düşüncəsi” adını alır. Son sinifdə isə, bu dərs istəyə uyğun olaraq verilir”.

Azərbaycanda dini tədrisə gəldikdə, Şahin Əhmədoğlu qeyd edib ki, Azərbaycanda dinin necə tədris edilməsi haqqında müxtəlif fikirlər səslənir.

Bəzi fikirlərə görə, Azərbaycanda dövlət dini tədris ilə məşğul ola bilməz. Çünki bu, Konstitusiyaya ziddir.

Digər bir fikirə görə Azərbaycanda bu işi dini icmalar tərtib etməlidirlər. Bunu da ifadə etmək lazımdır ki, bəzi dini icmalar din tədrisi ilə məşğul olurlar.

“Belə nümunələr Azərbaycanda dinin tədris edilməsi haqqında müəyyən mənada yol göstərirlər. Bunlar kifayət deyildir.

Belə ki, müxtəliflikləri əhatə edən “Dinin tədris edilməsi haqqında” layihələr hazırlanmalıdır. İndi əsas məsələ bu vəsaitləri, ədəbiyyatı hazırlayacaq mütəxəssislərin olub-olmamasıdır.

Azərbaycan dövləti müstəqilliyimizin ilk illərində xarici ölkələrə, xüsusilə də qardaş Türkiyəyə tələbə göndərmişdir.

Bu tələbələrdən bir qismi din/ilahiyat elmi sahəsində mütəxəssis kimi yetişmiş və vətənə qayıtmışlar. Bundan başqa təhsil qurumlarında aidiyyatı olan fakültələrin mütəxəssislərindən istifadə edilə bilər.

Təhsil Nazirliyi bunu nəzərə almalıdır. Bunun üçün işçi qrupu yaradılmalı və ilahiyyatçı alimlər bu qrupa daxil edilməlidirlər. Həm də İslam ölkələrində din tədrisi ilə əlaqədar tədqiqatlar aparılmalı və onların təcrübələrindən yararlanılmalıdır. Təhsil Nazirliyi nəzdində “Din təhsili” idarəsi və s. yaradıla bilər.

Azərbaycanın milli, mənəvi mentalitetinə uyğun bir din tədrisi proqramı hazırlanmalı və tədris proqramında dinin insan həyatındakı əhəməyyəti, insana verdiyi dəyər, qardaşlığa, dosltuğa, sülhə səslədiyi xüsusilə vurğulanmalıdır.

Azərbaycanda dinin tədris ediləcəyi fənnin hansı adı daşıması da vacibdir. İstər xristian, istər müsəlman ölkələrində bu adın necə olması əvvəlcədən ölçülüb-biçilib sonra qərar verilir. Amma hər ölkə öz dəyərlərini əsas tutaraq bunu seçir.

Məsələn, TürkiyədəDin kültürü əxlaq və bilgisi”, Tunisdəİslam mədənəyyəti”. Biz də “Din və mənəviyyat”, “Din və əxlaq”, “Əxlaq”, “Mənəviyyat” kimi adların daha doğru olacağı qənaətindəyik” - deyə professor qeyd edib.

Onun sözlərinə görə, hər nə qədər Konstitusiyada dövlətin dünyəvi olduğu qeyd olunsa da Azərbaycan dövləti dinin tədris edilməsi sahəsində bir mexanizm hazırlamalıdır.

Bu dərs proqramlarında Azərbaycanın milli-mənəvi dəyərləri əsas götürülməli və bu istiqamətdə iş aparılmalıdır. Unutmaq olmaz ki, din haqqında verilən doğru məlumatlar Azərbaycanın gələcəyi üçün əhəmiyyət daşıyır.

Bu günkü problemlərin çoxunun təməlində də yanlış din anlayışının olduğu bir həqiqətdir.

“Bütün bu sıxıntılar nəzərə alınmalı, dini tədrisin dünyadakı praktikasından da istifadə edilməlidir. Azərbaycanın güclü potensialı vardır və bu potensialdan istifadə etmək vaxtıdır.

İslamın bir sıra problemlərin həllində bizə yaxından kömək edəcəyini də həmişə diqqət mərkəzində saxlamalıyıq.

Dövlət bütün sahələrdə qanunun aliliyini təmin etməli və adil davranmalıdır. Belədə bütün vətəndaşlar dövlətin ədalətli olduğuna inanacaq, hansı dindənməzhəbdən olmasına baxmayaraq, dövlətin daha da güclənməsi üçün çalışacaqlar.

Bu, vətəndaşın dövlətinə olan inamının təminatı olacaqdır. Konstitusiyada da göstərildiyi kimi, bütün dini etiqadlar qanunlara görə cavabdehlik daşıyırlar.

Dövlət bütün dinlərlə, məzhəblərlə eyni məsafədə dayanmalıdır. Hər hansı dinə tərəf kimi yanaşarsa, o zaman digər dinlərin reaksiyası ilə qarşılaşacaqdır. Amma ölkədəki dini mənsubluluğun balansı nəzərə alınmalıdır.

Dövlət dini mövzuların müəyyən qismini vətəndaşın öhdəsinə buraxarsa, vətəndaş zamanla hansı yolun doğru olduğunu tapacaqdır.

Beləliklə, sərbəst, azad bir vətəndaş cəmiyyəti qurulacaqdır ki, bu, Azərbaycanın dünyadakı imicinin daha da güclənməsinə gətirib cıxaracaq”- deyən professor vurğulayıb ki, Azərbaycan cəmiyyətinin bunu ortaya qoymaq imkanı və gücü vardır. Sadəcə qalır bunu təmin etmək. Bizə elə gəlir ki, Azərbaycan dövləti şərqdəİslam dünyasında qurmuş olduğu ilk demokratik və dünyəvi dövləti ilə həm Türkiyə Respublikasının qurulmasına və həm də digər İslam ölkələrində dünyəviliyə təkan vermişdir.

Dövlətin dini olması məsələsinə gəlincə, isə, dövlətin hər hansı bir dininin olması dövlətin fəlsəfi anlayışına tərs düşər.

Yəni dövlətin hər hansı bir dini olmaz. Bununla birlikdə, dinsiz dövlət də olmaz.

Dövlət qurumlardan ibarət olan idarəetmə sistemidir. Din isə Tanrı tərəfindən insanların həyatını nizamlayan sosial yaşam tərzi olaraq göndərilmişdir.

Əsas olan dövlətin güclü olması, qanun qarşısında bütün vətəndaşların bərabərliyi və hər kəsin istədiyinə inanma və ibadət etməsinə hörmətlə yanaşılmasını təmin etməkdən ibarət olmalıdır.

İfadə edildiyi kimi, dövlət qurumları ilə birlikdə bir sistemdir. Bu qurumların işləmə mexanizmini isə yerinə yetirən insandır.

Hüquqi sistemlər də insanın məhsuludur. Bu mənada hüquqların qorunması da vətəndaşların sərbəst və azad olması ilə bağlıdır.

Tanrı tərəfindən insana bəxş edilən azadlıq duyğusu da insanın ən təbii haqqıdır.

İnsanlar fikir müxtəlifliyi ilə birlikdə qəbul edilməlidirlər.

Dövlət özünün din siyasətini müəyyən etməzsə və vətəndaşının bu mövzudakı tələbatını ödəyə bilməzsə, dinin kontrol xaricinə çıxma ehtimalını və bunun da təhlükəli bir nəticəyə gələ biləcəyini nəzərə almalıdır” - deyə professor əlavə edib.

Dövlət dini düşüncələri sərbəst buraxmaqla birlikdə, dinin insan fitrətindən gələn bir dəyər olduğunu qəbul etməli və vətəndaşın bu sahədəki məlumat əksikliyini təmin etməli, hər hansı bir dinə, məzhəbə söykənən siyasətin xaricində qalmalı və məzhəblərüstü bir siyasət izləməli, ilahi dinin əsas məqsədinin bəşəriyyətin problemlərinin həllinə kömək etmək olduğunun fərqinə varmalıdır” - deyə Şahin Əhmədoğlu qeyd edib.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?