USD 0,0000
EUR 0,0000
USD/EUR 0,00
ALTIN 000,00
BİST 0.000

Azərbaycana Rusiyadan göndərilən pulun həcmi azalacaq

Azərbaycana Rusiyadan göndərilən pulun həcmi azalacaq
20-05-2023

BAKI, Azərbaycan

Azərbaycan Respublikası Mərkəzi Bankının “Pul siyasəti icmalı”na istinadən 2023-cü ilin 1-ci rübü ərzində Azərbaycana daxil olan pul baratları 442,1 milyon ABŞ dolları olub. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur.

İqtisadçı Pünhan Musayev bildirib ki, bu kanalla Azərbaycana ötən il ümumilikdə 3,6 milyard dollar vəsait daxil olub.

Bu isə, 4 il ərzində 4 dəfəyə yaxın artım deməkdir.

İqtisadçının sözlərinə görə, vəsaitlərin əsas hissəsini Rusiyadan göndərilən pullar təşkil edib.

Belə ki, hər il Rusiyadan ölkəmizə bu yolla ortalama 500-600 milyon dollar vəsait daxil olub. Bu isə ölkəyə daxil olan ümumi pul baratlarının 55-60 faizi deməkdir.

-Pünhan Musayev

Pünhan Musayevin fikrincə, xaricdən göndərilən vəsaitlərin tərkibində Rusiyadan daxilolmaların bu üstünlüyünün əsas səbəbi, sözsüz ki, orada çalışan soydaşlarımızın ailə üzvlərinə pul göndərmələridir. Çünki uzun illər, xüsusən də rayon yerlərində yaşayan ailələrin əsas gəliri, məhz Rusiyadan gələn pullar olub.

Elə bu son artımların da səbəbi Rusiyadan köçürmələrin artması ilə əlaqədar idi. Hansı ki, ötən il daxilolmalar üzrə qeydə alınan 2,4 milyard dollarlıq artımın 2,3 milyard dolları, yəni 90 faizdən çoxu Rusiyadan pul köçürmələrinin kəskin artması hesabına baş verib.

Bunun da səbəbi müharibədən sonra ölkəyə tətbiq olunan sanksiya və bir neçə səfərbərlik çağırışları olub. Çünki həmin dövrdə ölkəni tərk edən miqrantlar öz vəsaitlərini də Rusiyadan kütləvi şəkildə çıxarırdılar.

Özü də Rusiyadan çıxan pulların istiqaməti tək bizim ölkə olmayıb, digər QafqazOrta Asiya ölkələri bu baxımdan bizi üstələyib.

İstənilən halda, düşünürəm ki, bu artımlar daha çox birdəfəlik xarakter daşıyır və müharibənin davam etmə müddətindən asılıdır.

Digər tərəfdən, Rusiya iqtisadiyyatı ardıcıl üç rübdə daralıb, böyük ehtimalla da bu daralma davam edəcək və belə olan təqdirdə, ordan gələn pulların da azalma ehtimalı yüksəkdir”,- deyə iqtisadçı izah edib.

Onun sözlərinə görə, ümumilikdə fiziki şəxlərin xaricdən göndərdiyi bu növ pul axını nə qədər azalsa, bir o qədər yaxşıdır. Çünki həmin şəxslər Rusiyada daha çox aşağı dəyərli işlərdə çalışırlar, layiqli əməyə çıxış imkanları az olur.

Digər tərəfdən belə maliyyələşmə bir növ “Holland sindromu” kimi bir şeydir.

Düzdür, iqtisadiyyata nisbətlə götürsək, bizdə xaricdən bu tip daxilolmaların səviyyəsi olduqca aşağıdır. Yəni bu rəqəm hardasa ÜDM-in 2-5%-i qədəridir. Ölkələr var ki, bu göstərici onlarda 20-30%-i keçir.

İqtisadçı Pünhan Musayevin firkincə, bu kasıb ailələlərin sosial durumuna nisbətən müsbət təsir göstərərək ifrat yoxsulluğu azaltsa da, göründüyü kimi riskli olmaq, habelə asılılıq mədəniyyəti yaratmaq, məşğulluq imkanlarını aşağı salmaq və ümumilikdə ifrat istehlakı (əlavə mənzil və torpaq, zərgərlik əşyaları) artırmaqla qiymətləri və valyuta məzənnəsini qaldırıb, daxili və xarici bazarda rəqabət qabiliyyətinə xələl gətirmək kimi neqativ effektlərə də malikdir.

Bu səbəbdən də, vəziyyətdən asılı olaraq dayanıqlılığı zəif olan belə ələbaxımlı situasiyanı ya məşğulluq imkanlarını artıraraq iqtisadi aktivliklə əvəzləmək, ya da gələn vəsaitlərin kiçik biznes, investisiya məqsədləri üçün istifadəsini təşviq edən siyasətin tərtib olunmasını təşviq etmək lazımdır”,- deyə Pünhan Musayev vurğulayıb.

.

İradə Cəlil, dikGAZETE.com

SİZİN DÜŞÜNCELERİNİZ?