BAKI, Azərbaycan
Ata sığınacaq bir limandır, Ata dayaqdır, arxadır.
Güvəndiyin dağdır, gücündür, həyata olan inamındır.
Ata, kölgəsində dincəldiyin bir çinardır.
‘Ata' deyəndə yəqin hamının ağlına onun dünyaya gəlməsinə səbəb olan, ağlayanda göz yaşını silən, qucaqlayıb, bağrına basan, həyata alışdıran, çətin anlarında yanında olan, yıxılmağa qoymayan varlıq gəlir.
Ata olmaq məsuliyyətdir, Ata olmaq böyüklükdür.
Amma təssüf olsun ki, çox kişilər bu yükü qaldıra bilmir.
Ailəyə, uşağa oyuncaq kimi baxır.
5 dəqiqəlik həzz alaraq, dünyaya gəlməsinə səbəb olduğu övladlarının gələcəyini düşünmür.
Nəticədə bütün ağırlıq ananın çiyinlərinə düşür.
Zərif incə, qadın elə cavanlığında özünü övladlarına həsr edib, onların böyüməsi üçün əlindən gələni əsirgəmir.
Yemir yedirir, geymir geydirir.
Balaları ilə fəxr edir.
Amma ana nə qədər çalışsa da, ATA-nın yoxluğunu övladlarına unutdura bilmir.
Siz heç bir qadının tək övlad böyüdərkən hansı hissləri keçirdiyini düşündünüzmü?
Düşünün, parkda, dənizdə, əyləncə məkanlarında, kafedə yanında atası olan uşaqlara baxan atasız uşağın ürəkdən ah çəkməsini, gözlərinin dolmasını və bütün bunlara şahid ananın çəkdiyi hissləri…
“Hamının atası evindədir, bəs mənim atam niyə yoxdur”,
“Hamı atasıyla gəlir məktəbə, bəs mən?..”,
“Ana, qızlar ataları ilə, oğlanlar anaları ilə gəzməli, oynamalıdır?”,
“Ana, adamı atası niyə atır, istəmir, ona görə?..” deyə ard-arda verilən cavabsız sualları...
Xəstələnəndə “atamı istəyirəm” deyib ağlaması, hər telefon zənginə boylanması, Ata həsrəti çəkməsi…
Və ananın bütün bunlara baxıb, gizlincə gözyaşı axıtmasına şahid oldunuzmu?
Mən oldum.
Ata olmaq asandır əslində.
Evlənirsən, övladın doğulur, adın olur ATA.
Sadəcə adın…
Və bundan sonra başlayır məsuliyyətlərin.
Onun yeməyi, geyimi, qayğıları, mənəvi duyğuları və ilaxır.
Çoxları bu yükü qaldıra bilmədiyi üçün elə kiçik yaşlarından övladından imtina edir, bir az da olğunlaşandan sonra yenidən ailə qurur və bu dəfə ATAlığı dərk edir…
Atdığı övladını düşünmədən.
Onun gələcəyini, atasız keçirdiyi günləri, yaşıdları arasında gözükölgəli olmasını, hər zaman qəlbi sınıq gəzməsini, başqalarının atalarına baxıb ağladığı günləri, anasının çəkdiyi əzablara baxıb, ürəyində atasına qarşı yaratdığı gizli kini, hirsi düşünmür ATA.
Bəziləri isə təkcə öz övladına deyil, qanından, canından olmayan uşağa da ATALIQ etməyi bacarır, başına sığal çəkir, çörəyini verir, geyindirir, sevdiyini dilə gətirir, bacardığı qədər ATALIQ etməyə çalışır.
Hər dəfə o yetimin ona ATA deməsinə sevinir, bəzən gözləri dolur.
Arxasında durur, onu həyata hazırlayır, yetim olduğunu hiss etdirmir.
Belə insanlar da gördüm.
Gördükcə anladım ki, Ata olmaq üçün təkcə 5 dəqiqəlik həzz kifayət etmir.
Onu heyvan da bacarır.
Ata olmaq övladına, övladın kimi qəbul etdiyinə zaman ayırmaq, ona yemək vermək, geyindirmək, qayğısına qalmaqdır.
Heyvanlardan da insanı bu xüsusiyyətlər ayırır.
Heç kəsə ağıl vermək niyyətində deyiləm, sadəcə, ATASIZ böyüyən uşaqları qınamayın, onların dünyaya gəlməsinə səbəb olanları qınayın, kənarlaşdırın aranızdan.
Təmiz cəmiyyət, müqəddəs ailə istəyiriksə, öncə ATA olmağı bacarmalısınız.
Bu gün qarşınızda görüb bəyənmədiyiniz, qəbul etmədiyiniz övladlarınız sizin dünənki günahlarınızdır.
Siz bir onların nələr çəkdiyini, hisslərini də düşünün. Əgər insansınızsa…
.
İradə Cəlil, dikGAZETE.com