?>

Yazıqdı bu xalq, bu millət, sizin oxucularınız!..

İradə Cəlil

5 yıl önce

-Zorlama Jurnalistikası!..-

BAKI, Azərbaycan

Şok!.. Şok!.. Qardaş bacılarını uzun müddətdir ki, zorlayırdı…

Bakıda ata 23 yaşlı qızını zorladı…

Oğul anasını zorlamaq istədi…

Müəllimə 6 şagirdini zorladı!!!

Tez-tez qarşılaşırıq belə xəbərlərlə - saytlarda, qəzet səhifələrində, xəbər portallarında. Sanki heç bir dərdimiz yoxmuş kimi, bütün media belə xəbərləri işıqlandırır.

Bar-bar bağırır, cəmiyyətin gözünə soxur.

Səbəb isə çox sadədir - çünki oxucuları ancaq belə xəbərlər maraqlandırır, çünki reytinqi qaldırmaq üçün oxucunun zövqünü oxşamaq lazımdır.

Allah canını sağ eləsin bütün saytqəzet rəhbərlərinin ki, belə xəbərləri tez-tez işıqlandırır, cəmiyyəti baş verən olaylarla yerindəcə tanış edir, bu qədər maraqlı xəbərləri oxucuların diqqətinə çatdırırlar.

Bəli, siz qəzetçiliyinizi zamana uyğun, operativ şəkildə həyata keçirirsiniz.

Buna görə reytinqiniz var, buna görə yaxşı əməkhaqqı alırsınız.

Ya sonra?

Heç düşünürsünüzmü ki, sizin xəbərləri hamı oxuyur?

Bunun ağıllısı, normalı, psixi xəstəsi, səfili, əyyaşı var?

Mütəxəsislərin fikrincə, bu tip xəbərlər insanlara şüuraltı təsir edir.

Yəni belə xəbərləri oxuyan insanlar hadisələrin mümkünlüyünü anlayır.

Bu isə öz növbəsində belə hadisələrin artmasına gətirib çıxarır.

Sizə ağıl vermək niyyətində deyiləm, amma bir düşünün ki, həmin xəbərləri sizin övladlarınız, yaxınlarınız da oxuyur və belə hadisələr sizin ailədə, ətrafınızda baş verir.

Belə vəziyyətdə nə düşünərsiniz?

Özünüzü günahkar hesab edərsinizmi?

Düzünü desəm, mən inanmıram ki, belə hadisələr normal Azərbaycanlı ailəsində baş vermiş olsun.

Hadisələri araşdıranda da məlum olur ki, bu hadisələr səfil, əyyaş, psixi pozuntusu olan insanlar tərəfindən törədilib.

Amma yenə də hadisənin səbəbkarı kim olursa-olsun, belə xəbərlərin işıqlandırılması həm cəmiyyətə zərbədir, həm də mentalitetimizə.

Adda-budda anormal insanlar tərəfindən törədilmiş bu hadisələri işıqlandırmaq əvəzinə onları heç olmamış kimi qələmə vermək lazımdır.

Bilmirəm bilirsiniz yoxsa yox, Amerika psixoloqu Loren KloumanTəqlid effekti” kitabında qeyd edir ki, cəmiyyətdə baş verən belə anormal hadisələr çox yayıldıqda təqlid edilə bilir.

Yəni bu gün saytda xəbərə baxan hər hansı bir insana bu xəbər təsir edir.

Əvvəlcə əsəbləşib, dilinə söyüş gətirən insanın psixikası bu xəbərlə zədələnir.

Aradan bir müddət keçəndən sonra o da bu hadisəni törətmək riskinə girir.

Yəni sizin yaydığınız belə axmaq, ədəbsiz, cəmiyyətə ləkə vuran xəbərlər cəmiyyət üçün potensial təcavüzçü yetişdirir.

İnciməyin amma sizin məşğul olduğunuz iş jurnalistika deyil

Jurnalistika cəmiyyəti maarifləndirmək üçündür.

Siz isə xəstə cəmiyyətin yetişməsi üçün əlinizdən gələni edirsiniz.

Təklif edirəm, ya belə xəbərləri verməyin, ya da jurnalistikada əlavə bir sahə yaradın özünüzə.

Yazıqdı bu xalq, bu millət, sizin oxucularınız.

İnsanların taleyi ilə oynamayın.

Seks, təcavüz, zorlama xəbərlərini manşet etməyin.

Heç olmasa öz balalarınıza yazığınız gəlsin.

Sabah bu, onların qarşısına çıxacaq, əminəm çıxacaq!

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI