?>

Uşaqlara müharibə necə izah edilməlidir?

İradə Cəlil

4 yıl önce

BAKI, Azərbaycan

Müharibə, dağıntılar, ölüm, atəş səsləri, yaxınlarını itirmək qorxusu... 

Yaşından asılı olmayaraq hər kəs üçün bunu qəbul etmək çətindir.

Kiçik yaşlarında kimsəsiz qalmaq, başının üzərindən şütüyən güllələrin səsi uşaqların psxikasına zədə vurur.

Bir müddət əvvəl Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş Mehdi Əliyevlə söhbətimiz olmuşdu. 

4 yaşı olanda yaşadığı faciə illər keçsə də Mehdinin yaddaşından silinmirdi.

Bu gün Azərbaycan öz torpaqlarını geri qaytarmaq üçün mübarizə aparır.

Atılan raketlər, bölgələrin atəşə tutulması, ölümlər...

Uşaqlara müharibə necə izah edilməlidir?

Psixoloq Fuad Əsədov bildirib ki, uşaq psixologiyası hər şeydən təsirlənə bilir.

"Müharibə, ölüm xəbərləri, şiddət və təcavüzün əks olunduğu görüntüləri gördükləri və ya eşitdikləri zaman bu onların beynində xüsusi olaraq qalır və həmin gördüklərinin bir gün öz başlarına da gələcəyi qorxusu ilə yaşayırlar", - deyən psixoloq vurğulayıb ki, qorxu yaşamaq hər zaman "travma almaq" demək deyil.

Mütəxəssis qeyd edib ki, bəzi uşaqlarda müharibənin varlığı sadəcə qorxu kimi qəbul edilsə də, bəzi uşaqlarda bu travma yarada bilər.

Uşaqlarda müharibənin qorxu kimi qəbul edilməsi problemi valideyn və psixoloqlar tərəfindən rahat aradan qaldırıla bilər.

"Müharibənin yaxşı və ya pis olduğunu izah edərkən çalışmaq lazımdır ki, uşaqlara qəddarlıq ruhu aşılanmasın. 

Uşaqlara müharibədə insanların zərər gördüyünü izah etməliyik. Bəzən deyirlər ki, uşaqları belə xəbərlərdən uzaq tutmalıyıq.

Amma nə qədər uzaq tuta bilərik? 

Uşaqlar bir gün televiziyada, internetdə bu xəbərləri görəcəklər. Onu da deyək ki, müharibə televiziyada və internetdə daha pis şəkildə - əzabverici səhnələrlə təqdim olunur. 

Və bu səhnələr onlara daha ağır təsir edə bilər. Bu səbəbdən də uşaqlar müharibə mövzusunda sual verməyə başlayıblarsa, valideynlər bildiyi formada, daha yumşaq şəkildə müharibənin nə olduğunu uşaqlara izah etməlidirlər", - deyə psixoloq bildirib.

F.Əsədovun fikrincə, uşaqlar müharibə xəbərlərindən düşünüldüyü qədər təsirlənmirlər. 

Ancaq uşaq təbiətcə narahatqayğılıdırsa, o, belə xəbərlərdən daha çox təsirlənəcək.

Mütəxəssisin fikrincə, əgər uşaq belə xarakterlidirsə, ona hər bir şey təsir edə bilər: 

"Uşaqlara başa salmaq lazımdır ki, nə olursa-olsun, valideyni yanında olacaq. Uşağa ölkənin müharibənin zərərlərindən müdafiə oluna bilmə potensialını da izah etmək lazımdır. Dövlətin, ordunun gücünü uşağa başa salmaq lazımdır ki, hər şey ordu tərəfindən idarə edilir".

Psixoloqun sözlərinə görə, tarixini bilən hər bir Azərbaycanlı vətənpərvər olur.

Bunun üçün müharibənin olmasına, müharibənin izah olunmasına ehtiyac yoxdur. 

Uşaqlara izah etmək lazımdır ki, qəhrəman olmaq, vətənə qulluq etmək sadəcə cəbhədə olmur: 

"Bu kimi fikirləri uşaqlara izah edərək, müharibənin təsirlərini maksimum azaltmaq olar". 

Psixoloq Zeynəb Eyyubovanın sözlərinə görə, uşaqlara vətənpərvərlik bağça yaşlarından aşılanır.

Onlara Qarabağ adlı bir dərdimizin olduğu aşılanır. 

Tarix kitablarında, dərsliklərdə bu, uşaqlara izah edilir: 

"Son günlər qələbə coşqusu, şəhidlərlə bağlı şüarlar uşaqlarda qorxu deyil, coşqu yaradır. 

Bir neçə gündür ki, ölkə başçısının paylaşdığı xəbərlər xalqda coşqu yaradır. 

Uşaqlar bizim nə dediyimizə yox, nə etdiyimizə daha çox fikir verirlər. Uşaq valideynini yüksək əhval-ruhiyyədə görəndə, coşqusunu hiss edəndə, onda da eyni hisslər baş qaldırır", -  deyə o vurğulayıb.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI