Bakı - Azərbaycan
"Mən hər zaman həyata qaça-qaça gecikmişəm”
:
Bir səhər çiçəklər yaman şehlidir,
Bəlkə ağlamısan bu gecə də sən.
Sənin göz yaşların inci kimidir,
Hə gülün üstünə bəzək vermisən...
(Emil Tahiroğlu)
Uzun illər öncə tanımışdım onu, bərabər işləyirdik. O, baş redaktorun müavini, mən isə yenicə yazmağa başlamış müxbir idim.
Həmişə dalğın, fikirli gəzərdi.
Bəzən barmaqlarının, sol qolunun keyidiyindən şikayətlənirdi. Ancaq gəncdir deyə, çox da üstünə getmirdi şikayətlərinin.
Sonra mən iş yerimi dəyişdim, ondan xəbərim olmadı. Uzun illər sonra isə eşitdim ki, sağalmaz xəstəliyə yaxalanıb.
Parkinson - sağalmayan sinir xəstəsi olub.
Beyninin hərəkətləri koordinasiya edən hissəsində problem yaranıb.
Parkinson xəstəliyinin əsas səbəbi bilinməsə də, bəzi dərmanlar, genetik səbəblər, zədələnmə, zəhərlənmə, şişlər, qanda qırmızı hüceyrələrin həddən artıq çoxalması səbəb ola bilər.
Emil Tahir oğlu Manafov da bu xəstəliyə 2006-cı ildə, 33 yaşında yaxalanıb.
Əslən Yardımlıdan olan E. Manafov Masallı rayonunda, 8 uşaqlı ailədə böyüyüb.
17 yaşında Bakıya ali təhsil almağa gəlsə də, şans üzünə gülməyib.
Ali məktəbə daxil ola bilmədiyinə görə utandığından kəndə qayıtmaq istəməyib.
Bakıda qalıb, texniki peşə məktəbində oxumağa başlayıb.
Hərbi xidmətinin 1 ilini Rusiyada, 6 ayını isə Bakıda keçib.
Hərbi xidmətini başa vurduqdan sonra bir müddət işsiz qalıb.
Məcburiyyətdən avtomobil dayanacağında işə düzəlib.
Dediyinə görə, gecələr dayanacaqda qalır, gündüzlər isə yazı yazırmış:
"Ara-sıra ‘Ordu' qəzetinə yazırdım.
Amma oradan aldığım qonorar Bakıda qala bilmək üçün yetərli deyildi.
Bir gün Azərbaycan Nəşriyyatının qarşısında bir elana rast gəldim. Yazılmışdı ki, yeni ‘Oxu məni’ qəzeti yaradılır və işçiyə ehtiyac var.
Mən də müraciət etdim.
Baş redaktor Natiq Qocaman yazılarıma baxdıqdan sonra məni işə götürdü.
Yavaş-yavaş yazılar çoxaldı, səhifəm artdı və mənə etimad da artdı. Məsul katib, baş redaktorun müavini oldum".
-Emil Manafovun gənclik illəri-
Danışdıqca hiss olunur ki, amansız xəstəlik onu gücdən salıb:
"Bir də görürsən, dərmanları dəyişirəm. Birini az, birini çox içirəm ki, bəlkə özümü yaxşı hiss edə bilim.
Bura gəlməmişdən öncə dərman içmişdim, özümü pis hiss edirdim. İnanmırdım ki, gələ bilərəm.
Amma bədənim açıldı, durub gəldim. Bəzən elə olur ki, heç deməzsən, bu adam xəstədir.
Ancaq tutanda tutur da, neyləyim..."
Deyir ki, xəstəliyin əlaməti gələndə bədəni əsir, halsız olur, oturduğu yerdən qalxa bilmir:
"2006-cı ildə hiss elədim xəstəliyimi.
Qardaşımın toyu idi, mən də toylarda oynayan adam.
Gəlin gətirməyə getmişdik.
Gəlingilin həyətində oynamaq istəyirdim.
Əlimi qaldırdım, gördüm ki, sol əlim əvvəlki kimi qalxmır.
Ürəyimə gəldi ki, pis şeylər baş verir.
Toyu yola verib Bakıya gəldim, həkimə getdim.
Həmin dövrdə bu xəstəlik o qədər də tanınmamışdı.
Biri dedi, ürəyimdir, biri dedi parkinsondur.
Kim nə dərman yazırdısa, qəbul edirdim. Amma yaxşılığa doğru heç nə baş vermirdi".
Danışır ki, xəstəliyi işinə də təsir göstərib:
"Artıq yaza bilmirdim. Sonra sol əlim yığıldı, istifadədən dayandı.
Əlimi kəmərimə salıb saxlayırdım.
Sonra gördüm ki, xeyrə doğru heç bir addım yoxdur.
Qardaşlarım məni İrana apardı.
Orada həkim müayinə etdi, dedi ki, parkinsonam, dərmanlar yazdı.
Həmin müalicəyə başlayandan 2-3 gün sonra özümə gəldim, qolum da açıldı.
Beləcə illər keçirdi.
Xəstəliyim haqqında internetdə məlumatlar axtarırdım.
İndi artıq özümü bir qədər idarə edirəm..."
Müsahibimiz düşünür ki, o, hər zaman həyata gecikib:
"Özü də qaça-qaça gecikmişəm.
İş, universitet, yüküm çox olub.
Ağır, sağalmaz xəstəliyə yoluxandan sonra, yazmağa da çətinlik çəkirəm.
Hər ay müalicəmə xeyli pul xərcləyirəm".
Gənc yaşlarından şeir yazmağa meylli olan Emil Tahiroğlu bir kitab müəllifidir.
Bir şeirinə mahnı yazılıb.
Yenə də arzulayır ki, şeirləri bəstəkarlar tərəfindən dəyərləndirilsin.
Onunla çox danışdıq, dərdləşdik.
Fikirlərini, planlarını bizimlə bölüşdü.
Söhbətimizin sonunda isə astadan pıçıldadı:
"Taleyimi qara yazan Allahım, başqa rəngə bir qələmin yoxdurmu?..”
.
İradə Cəlil, dikGAZETE.com
Twitter'da bizi takip edin: @IradeHS , @dikgazete