?>

Şirvan Milli Parkının sədri Seymur Kərimov park haqqında danışdı

İradə Cəlil

1 yıl önce

BAKI, Azərbaycan

Zəngin təbiəti ilə göz qamaşdıran Şirvan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə, 2003-cü ildə yaradılıb.

Bakı şəhərinin Qaradağ, SalyanNeftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarı parkın ərazisinə verilib.

Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarı Şirvan Milli Parkının, 6232 hektarı isə, Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarı isə, Bəndovan Dövlət Təbiət Yasaqlığı hesab edilir.

Bu dəfə yolumuzu Şirvan Milli Parkından saldıq.

Məqsəd ceyranları ilə məhşur olan milli parkı gəzmək, Bəndovan - batmış şəhəri bir dəfə daha gözlərimizlə görmək, Bəndovan Pirinə baş çəkmək və nəhayət Seymur Kərimov ilə danışmaq idi.

Şirvan Milli Parkının sədri Seymur Kərimovu hələ parkda müdir müavini işləyən zamanlardan tanıyırdıq.

Bir neçə il öncə, parka getdiyimiz zaman bizi qarşılamış, ətraflı məlumat vermişdi. Bu dəfə Seymur Kərimov, bizi milli parkın sədri olaraq qarşıladı. Park haqqında və görülən işlərdən danışdı.

-Şirvan Milli Parkının sədri Seymur Kərimov

Seymur Kərimov, Şirvan Milli Parkının əməkdaşları və ziyarətçiləri üçün müəyyənləşdirilmiş qaydalardan və məhdudiyyətlərdən danışdı.

O, qeyd etdi ki, bütün parklarda olduğu kimi Şirvan Milli Parkında da müəyyən qaydalar var.

Və ən birincisi ətrafa məişət tullantılarının atılmaması, yəni parkın zibillənməməsidir. Yanğına səbəb olacaq hərəkətlərdən çəkinmək də parkların qaydaları arasındadır.

Şirvan Milli Parkında yay mövsümündə marşurutdan kənara çıxmamaq, piyada olaraq hər yanda sərbəst və nəzarətsiz gəzməmək kimi məhdudiyyət var.

Buna səbəb yay vaxtında ilanların olmasıdır. Amma xüsusi mühafizə olunan Şirvan Milli Parkının ərazisində praktik olaraq, hər hansı bir insanı ilan sancmayıb.

İnsan milli parka daxil olanda bələdçi tərəfindən təhlükəsizlik qaydaları izah olunur. Onlara riayət etmək lazımdır.

Kol-kosa girmək və yaxud da hər hansısa otu və yaxud da gülləri yığmaq olmaz.

Bu məhdudiyyətlər həm bizim, həm də turistin təhlükəsizlik baxımından yaradılıb”-deyən Seymur Kərimov qeyd edib ki, turistlər daha çox yay vaxtı parkı ziyarət edir.

“Biz onlara parkın bütün qaydalarını izah edirik. Onlara marşurutdan kənara çıxmamaq və nəqliyyat vasitəsini dəniz sahilində quma salmamaq tövsiyyə edilir.

Çünki batma ehtimalı var. Qaydalara əməl edənlər heç bir problem yaşamadan müşahidəsini edib, gedir. Təbiətdən də çox razı olur”-deyən sədrin sözlərinə görə, amma qayda pozanlar da olur.

Belə ki, park ərazisində sürət həddi 40 km olmasına baxmayaraq bu həddi aşanlar olur. Bu sürət həddinin qoyulmasına səbəb ceyranlara və balalarına görədir.

Bu dövrlərdə ceyranın balaları və yaxud ceyranın özü kol-kosda kölgələnir.

Maşın sürətli gedəndə, ceyran sürətli şəkildə koldan çıxa bilər. Və avtomobili idarə edənlər sürəti idarə edə bilməz və ceyranı vura bilər.

Sevindirici xəbər olaraq, Seymur Kərimov bildirir ki, bu günə qədər belə hadisə də baş verməyib.

Qeyd olunan səbəblərdən park ərazisində nəqliyyat vasitəsini sürətli sürməyə icazə verilmir.

Milli parklarda ov etməyə icazə var, amma…

Seymur Kərimovun sözlərinə görə, hər bir milli parkın əsasnaməsi var və parklar buna uyğun fəaliyyət göstərir.

Şirvan Milli Parkının da əsasnaməsi var. Əsasnamələrdə “həvəskar ov” anlayışı ümumi olaraq var. Amma milli parklarda ov etmək və yaxud digər həvəskar ovu həyata keçirmək üçün yerlər müəyyən olunmayıb.

Silahla ov ümumiyyətlə qadağandır. Həvəskar ovlar var ki, yəni kimsə gəlib, tilovla balığ tutmaq istəyir. Bunun üçün milli parkda o yerlər müəyyən edilir və həmin müəyyən olunmuş yerlərdə “Balıqçılar haqqında” qanuna uyğun olaraq, kimsə gəlib qarmaqla balıq tuta bilər. Amma digər tilovla və yaxud da qanunsuz digər alətlərlə ov qadağandır.

Əsasən də silahla ov milli parklarda, qoruqlarda, yasaqlıqlarda demək olar ki, qadağandır. Bu, qanunsuz ovdur. İki il bundan qabaq ceyran ovlayan zaman iki nəfər milli park əməkdaşları tərəfindən yaxalandı və onlar cinayət məsuliyyətinə cəlb olundular.

Çünki ceyran "Qırmızı Kitab"a düşüb və onların ovlanması cinayət işidir. Bu səbəbdən də həmin vətəndaşlar üçün həbs qəti imkan tədbirləri həyata keçirildi”-deyə Seymur Kərimov əlavə edib.

Onun sözlərinə görə, “Şirvan Milli parkında” giriş bir yerdəndir. Giriş zamanı hər bir nəqliyyat yoxlanılır. Silahla milli parka girmək olmaz.

“Bu şərtlə olar ki, bu insanın silahı qayda və qanuna uyğun olaraq bağlı olsun. Yenə də silahla milli parka daxil olmaq qadağandır.

Bu qaydalar həm giriş qapısında izah olunur, həm də lövhələrdə qeyd olunub. Demək olar ki, milli parka hər hansısa insan gəlib, “mən silahımla keçim, amma ov etməyəcəyəm” desin, elə bir yanaşma yoxdur. İnsanların çoxu bilir ki, burada ov etmək olmaz”-deyə Seymur Kərimov danışıb.

.

İradə Cəlil, dikGAZETE.com

 

 

YAZARIN DİĞER YAZILARI