SUMQAYIT, Azərbaycan
Təxminən 10 gündür “Neftçi”nin baş məşqçisi Samir Abasov idman mediasının gündəmindədir. Amma səbəb heç də sumqayıtlı baş məşqçinin uğurları deyil.
Düzdü, Abasovun "flaqman"da uğursuzluqla yadda qaldığını da demək olmaz.
Ən azı ona görə ki, “Neftçi” üçün 2021-ci il əla başlamışdı.
Qış fasiləsindən sonra “ağ-qaralar”ın oyunu göz oxşayır, nəticələr azarkeşlərin ürəyini açırdı.
Sadiq fanatlar uzun illərdən bəri həsrətində olduğu çempionluq sevincini yaşayacaqlarına inanırdı, “Qarabağ”ın hökmranlığının bitdiyinə əminlik yaranırdı.
Bu əminlik təkcə qış fasiləsindən sonrakı nəticələrə görə deyildi. Samir Abasovun “sükan arxasına” keçməsindən sonra komandanın oyunu da, nəticələri də əməlli-başlı dəyişmişdi.
Abasovun özünəinamı, xarizması da bu nəticələrin gətirdiyi sevinc və ümid hisslərini ciddi mənada möhkəmləndirirdi. Amma hər şey "Sabah"la oyunda korlandı.
Təəssüf ki, futbolumuz yenə meydanda sərgilənən oyunla yox, xoşagəlməz hadisələrlə, söyüşlərlə gündəmə gəldi.
Görünür, Azərbaycanda futbolun varlığını insanlara başqa cür çatdırmaq mümkün deyil.
Fikirlərini açıq şəkildə dilə gətirdiyinə, oyunsonrası mətbuat konfranslarını "aforizm yuvası"na çevirdiyinə görə Abasov sevilir, seçilir.
Böyükağa Hacıyevdən sonra Azərbaycan futbolu növbəti xarizmatik simasını tapıb, amma meydanda 8 nəfərlə qalan rəqib qarşısında qələbə topunu vura bilməyən "Neftçi"nin baş məşqçisi Samir Abasov “Bu qapıçını illərdir tanıyırlar, amma bir çarə qılmırlar. Mən bu adamı tanıyandan belə edir. Ver, çıxar qırmızısını, rədd elə getsin də” açıqlamasını verməklə rəqibi təhqir, özünü isə biabır etmiş oldu.
Başqa sözlə, "Sabah"ı aşağılamaqla məşqçi kimi sabahına olan ümidləri azaltdı.
Çoxdan idi hansısa çempionat oyunumuz belə gərgin, qalmaqallı alınmamışdı, amma bu qalmaqalın əsas iştirakçısı olan Samir Abasov günahı rəqib qapıçıda, hakimdə axtarmaqdansa, Namiq Ələsgərovun aşkar şəkildə cərimə meydançasından kənarda qalmasına görə "Sabah"ın qapısına təyin olunan haqsız penalti haqda danışmalı, meydanda 8 oyunçu ilə qalan rəqibi məğlub etmədikləri üçün özünü qınamalıydı.
Ancaq sumqayıtlı çalışdırıcı belə demək mümkünsə, özündən başqa hamını günahlandırdı.
Ümumiyyətlə, Samir Abasovun günahı başqasında görmək kimi bir adəti var.
Yadınızdadırsa, "Sumqayıt"da çalışarkən Avropa Liqasına vəsiqə qazanmağa yaxın olan "kimyaçılar" sonda hədəfə çata bilməmişdi.
Düzdü, yalnız yerli futbolçulardan qurulan komanda ilə avroloqaya vəsiqə qazanmaq asan deyildi və heç kim də sizdən bunu gözləmirdi, amma gözlənilməyən həm də "reabilitasiya mərkəzinə çevrilmiş komandada nəsə etmək olmur” tipli açıqlama ilə heç bir futbol-məşqçi etikasına sığmayan şəkildə yetirmələrinə “şikəst” damğasını vurması idi.
Yalnız azərbaycanlılardan qurulan komandalarla uğur qazanmağın mümkünsüzlüyünü iddia etməklə bu millətin futbolsevərlərində ruh düşkünlüyü yaradan, öz gücünə inamsızlıq toxumları səpən mütəxəssis güclü məşqçi ola bilməz.
Bu yerdə xatırlatmaq yerinə düşər ki, “Qarabağ” 2009-un iyulunda avrokuboklarda zəfər yürüşünə başlayanda heyətində bircə legioner vardı – müdafiəçi Admir Teli.
Deməli, yerli futbolçulara hesablanan strategiyaya söykənməyin yanlış olduğunu iddia etmək özü böyük bir yanlışlıq idi.
Müvəqqəti işsizlikdən sonra daha imkanlı klubun “sükanı arxasına” keçməyin Abasovu keyfiyyətcə yeni səviyyəyə yüksəldəcəyinə, onun bu dəfə daha təmkinli davranacağına, məşqçi və insan yetkinliyi göstərəcəyinə inananlar az deyildi, amma Samir Abasovun "Zirə"dəki fəaliyyəti də uğurlu alınmamışdı.
Legionersiz komanda olan "Sumqayıt"dan xeyli sayda əcnəbinin yer aldığı qəsəbə təmsilçisinə yollanan Abasov orda da futbolçularla dil tapmaması, qaba davranışlarıyla, ətrafındakı bütün “bostanlara daş atması" ilə yadda qalmış, Avroliqa iddiası ilə mövsümə başlayan "Zirə"ni 5-ci pillədən yuxarı daşıya bilməməkdə özünü günahlandırmamışdı.
Yadınızdadırsa, "Zirə"dən gedərkən “ikinci yerlə aramızda cəmi 8 xallıq fərq var, kim bu komandaya deyə bilər ki, nəticələrin uğursuzdur…” açıqlamasını da vermişdi.
“Zirə”dəki qısamüddətli və o qədər də uğurlu olmayan fəaliyyətinin imicinə zərbə vurduğunun fərqində idi.
Elə bu səbəbdən də gənc mütəxəssisin bu nəticələrin təsadüfi uğursuzluq və ya bəxtsizlik olduğunu isbatlaması üçün əlinə düşən növbəti fürsəti yaxşı dəyərləndirməsi qaçılmaz olacaqdı.
Taleyin qismətidi ki, bu təklif də ölkənin ən köklü klubundan, yəni “Neftçi”dən gəldi.
Ancaq bir məsələ də var ki, əvvəldən aydın idi ki, büdrəyəcəyin halda təzyiqlərlə üzləşməyin qaçılmaz olur.
“Neftçi”ni çalışdıran istənilən mütəxəssis dünən qəhrəman, bu gün isə xalq düşməni kimi sevilmək və ya söyülmək taleyini yaşamağı bacarmalıdır.
Amma Samir Abasov daha çox söyməklə məşğuldur.
Belə davranış sərgiləyəndə isə kimsə, jurnalistlərin yığma ilə bağlı sualına verdiyi, İsmael Fofanın adını hallandırdığı məlum və uğursuz zarafatını gündəmə gətirəcək, kimsə "kənd təsərrüfatı ilə məşğulam, rayonda valideynlərinə qış tədarükündə yardım edirəm və yığmanın oyunlarını, çempionat matçlarını izləmirəm" açıqlamasını önə çəkəcək.
Azərbaycan çempionatını izləməyən, yığmanın oyunlarına biganə qalan birinin indi “Neftçi”nin “sükanı arxasına” dəvət olunması nə dərəcədə doğru addımdır?
Bir adam ki, “mənə futbol maraqlı deyil və buna görə də izləmirəm” söyləyir, ona necə güvənmək olar?
Abasovun təyinatı lap ötən ilin yanvarında “Barselona”nın baş məşqçisi postuna gətirilən və çox çəkmədən yola salınan Kike Setyenin təyinatına bənzədi.
O da “Betis”dən ayrılandan fermasına çəkilərək İspaniya çempionatını təqib etmirdi.
Bütün fikri-zikri fermer təsərrüfatına yönəlmişdi.
Təyinatından bir gün əvvəl fermasında inəklərin nə qədər süd verdiyini hesablayarkən “Barselona” rəhbərliyindən zəng gəlir və ertəsi artıq dünyanın ən nəhəng klublarından birinin baş məşqçisi təyin olunur.
Onun rəhbərliyi altında kataloniyalıların hansı aqibətlə üzləşdiyi hamıya məlumdur.
Əgər sumqayıtlı çalışdırıcı Kike Setyenin taleyini yaşamaq istəmirsə, özünü toparlamalı və böyük məşqçi olmaq yolunda uğurla addımlamalıdır.
Samir Abasov təkcə “dil pəhləvanı” olmaqla yox, müasir futbolun tələblərinə adekvat cavab verməklə uğur qazana bilər.
.
Tural Məmmədov, dikGAZETE.com