Bakı - Azərbaycan Deyirlər satılıq mal açıqda olar. Açıqda olmalıdır ki, baxsınlar, görsünlər, bəyənsinlər, alsınlar.
Kim nəyinisə satmaq istəyirsə, həmin malı açıb nümayiş etdirir, insanlara göstərir ki, “bəs məndə bu var, satıram” bəlkə kiminsə ehtiyacı ola, ala.
Görüb bəyənən də pulunu verib alır.
Görüb bəyənən olmayandasa, başlayır həmin malı bahaya satmağa ki, “mənə bu mal üçün bu qədər təklif edirlər, razı olmuram”.
Satıcı hər zaman düşünür ki, nə zamansa qarşısına bir axmaq və ya sadəlövh alıcı çıxacaq və bu da öz malını ona sırıyacaq.
Nə yalan deyim, çox zaman elə də olur.
O axmaq alıcı tapılır.
Mal satılır, istifadə edilir, atılır və yenidən satışa çıxarılır.
Bu dəfə əvvəlkindən daha ucuz…
Və bu proses o zaman qədər davam edir ki, mal sıradan çıxır.
Ən azından baxanda hiss olunur ki, yox bu mal Sabunçunun “cındır” bazarına layiqdir.
Əgər yadınızdadırsa, sovet dövründə heç bir satıcı yaxşı malı üzdə qoyub nümayiş etdirməzdi.
Ən yaxşı mallar, hər zaman piştaxtanın altından satılardı.
Üzdə olan mallar isə sadəlövh alıcılar üçün idi.
İndiki reklamlar da belədir, nə ki, zay-gərəksiz məhsul var, çıxarırlar efirə ki, bəlkə kimsə aldana ala.
Yəni uzun sözün qısası reklam edilən, açıqda olan məhsullar hər zaman keyfiyyətsiz və ucuz olur.
Bahdırsa, deməli alıcısı yoxdur ki, satıcı bunu “baha satmağa” çalışır ki, bəlkə qiymətə aldanan olar.
Mətləbdən çox uzaq qaçdım.
Bazardan, maldan danışıb çox başınızı ağrıtmayın.
Deyir arifə bir işaqə bəsdir.
Onsuz da məni anlayan anladı.
Yəqin fikir vermisiniz son günlər filankəsin “erotik” görüntüləri yayıldı, filan müğənni açıq-saçıq pozalar verdi, filan aparıcının “qısa ətəyi” mövsuzunda yetərincə xəbərlərə rast gəlirik.
Facebookda da bu xəbərləri necə lazımdısa paylaşırlar.
Belə xəbərlərin oxucuları da çox olur.
Kimi gözünün qurdunu öldürmək üçün, kimi də maraq xatirinə bu xəbərləri oxuyur.
Yox xəbərləri yazanlarda işim yoxdu.
Yaxşı edirsiniz yazırsınız, yaxşı edirik, yazırıq.
Bu bizim işimizdi.
Sözüm ömrünün “nənə” çağında olan olmaz sümüklərini xalqa nümayiş etdirən, bədənindən başqa satmağa heç nəyi olmayan, insanlaradır.
Sözüm, dərin dekolteli, qısa ətəkli, qaynaq saçları, silikon dodaqları, taxma kiprikləri olan “gözəl”lərədir.
Əxlaq dərsi vermirəm, hər kəsin əxlaqı özünə.
Deyirəm heç olmasa, o geyimləri geyinib “poz” verəndə ilk öncə geyinib güzgüdə özünüzə diqqətlə baxn.
Görün nümayiş etdirilməli nəyiniz qalıb, nəyiniz var?
Başa düşürəm, vəziyyət ağırdır, yaxşı yaşamaq istəyirsiniz, yaxşı geyinmək.
Amma ucuz malları açıqda qoymaqla alıcı tapa bilməzsiniz ki?
Niyə?
Çünki sizin yaşda olan alıcıların çoxdan fatihəsi verilib.
Gənclərdə ki, maşallah “itətökdü”.
Bu yaxınlarda ard-arda iki xəbər oxudum.
Xəbərlər iki TV aparıcıının qısa ətəkləri (demək olar ki, yox idi) barəsində idi.
Xanımların şəkilləri də verilmişdi.
Onlar bu geyimdə özlərini rahat hiss etdiklərini və gözəl göründüklərini düşünürdülər.
Amma vaxt var idi, mən o xanımlardan birinə həqiqətən pərəstiş edirdim, xoşuma gəlirdi.
O zamanlar həmin xanım geyiminə daha çox diqqət ediridi, halbuki, o zamanlar daha gənc idi.
Onun istedadı, bacarığı, səsi məni valeh edirdi.
İllər sonu o xanımı geyimsiz görmək mənə çox pis təsir etdi.
İstər-istəməz ağlıma bu gəldi : “Satılıq mal açıqda olar”…
.
İradə Cəlil, dikGAZETE.com