?>

Qarpız kəsdim, yeyən yox...

İradə Cəlil

4 yıl önce

BAKI, Azərbaycan

Bir tərəfdən yayın istisi və koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi, digər tərəfdən istirahət arzuları… 

Bu il insanların rayonlara səfər etmək, təbiət qoynuna çəkilərək dincəlmək, sərinləmək arzuları puç oldu. 

Bakı sakinləri heç “qulaqlarının dibində olan” dənizdə də suya baş vurub sərinləyə bilmirlər.

Yeganə yol isə bazardan, mağazadan, nəhayət, yol kənarından qarpız alıb sərinləməkdir. Amma bəzən bu arzumuz da ürəyimiz də qala bilir.

Bəzən, xüsusən də qarpızın yetişməyə başladığı ilk vaxtlar aldığımız bu giləmeyvə dadsız və çıxır. 

Yaxud, qarpız alıb, bəh-bəhlə yeyirik, heç iki saat keçmir ki, gözümüzdən gəlir, zəhərlənirik.

Çünki yaxşı qarpız seçməyin də öz yolları var.

Bu gün mağazalarla yanaşı yol kənarlarında da qarpız-yemiş satılır. 

Qiymətlər müxtəlif olsa da, satıcılar alıcı qıtlığı yaşamırlar. 

Onların dediklərinə görə, pandemiya bağlı çox adam evdə olduğu üçün meyvə-tərəvəzə də tələbat artıb.

Satıcı Qabil Səlimov deyir ki, qarpız alarkən əvvəlcə saplağına fikir vermək lazımdır. Yaxşı qarpızın saplağı quru, yəni qəhvəyi rəngdə olmalıdır. Qarpızın üzərində xəfif ağarma olmalıdır. Üzərində ağarma hiss edilən qarpız yetişmiş qarpızdır. Qarpızın üzərində olan yaşıl xətlərin rəngi açıqdırsa qarpız yetişmiş hesab edilir.

Satıcı deyir ki, uzun və oval formada olan qarpızlar sulu, dairəvi və balaca olan qarpızlar isə şirin olur:

"Çox zaman yanlışlıqla deyirlər ki, yekə qarpızlar sulu və şirin olur. Bu belə deyil. Yaxşı qarpız ağır olmalıdır. Yüngül qarpız içini yemiş qarpızdır".

Həzm prosesini rahatlaşdıran, bağırsaq problemlərini aradan qaldıran və güclü sidikqovucu xüsusiyyətə malik olan qarpız bəzən zəhərlənməyə də səbəb ola bilər.

Buna səbəb isə yetişdirilərkən azotlu gübrələrin səhv formada istifadəsi ola bilər. 

Bu zaman qarpızda nitratın səviyyəsi artır.

Nitratın çox olması isə insan orqanizmi üçün zərərlidir və zəhərlənməyə səbəb ola bilər.

Qarpızın qabığa yaxın hissəsi çox sarıdırsa, deməli qarpızın tərkibində nitrat çoxdur. 

Belə qarpız zəhərlənməyə səbəb ola bilər. 

İçində böyük boşluğu olan qarpız da sağlamlıq üçün təhlükəlidir.

Qarpız yetişdirənlər qeyd edirlər ki, giləmeyvəni kəsən kimi yemək olmaz

Əvvəlcə kiçik bir parçasını suya salmaq lazımdır. 

Əgər suyun rəngi çəhrayı rəngə boyanırsa, bu qarpızın tərkibində nitratın çox olmasının əlamətidir.

Terapevt Məlahət Abbasova, bildirib ki, qarpız yedikdən 2 saat sonra ürək bulanma, qusma, ishal, baş gicəllənmə, mədə sancıları, hərarətin artması və s. əlamətlər müşahidə edilirsə, dərhal həkimə müraciət etmək lazımdır.

"Qarpız zəhərlənməsi zamanı ağırlaşmalar müşahidə edilə bilər. Çünki qarpızın tərkibində olan nitritlər hemoqlobinin yerinə keçir. 

Bu zaman oksigen çatışmazlığı fonunda hipoksiya meydana gələ bilər. 

Hipoksiya zamanı dərinin rəngində göyərmə və solğunlaşma, baş gicəllənməsi və halsızlıq, bədən hərarətinin azalması, nəbzin sürətinin azalması və s. əlamətlər müşahidə edilir. 

Nitritlər təkcə hüceyrələrin oksigen təminatını azaltmır, eyni zamanda damarları genişlədərək, hipoksiyanı ağırlaşdırır" – deyə həkim bildirib.

Onun sözlərinə görə, göz ağının saralması, qaraciyərə dəyən xəsarətlər qarpız zəhərlənməsinin ən ağır fəsadlarındandır.

Qarpız yedikdən sonra ağızda acılıq yaranırsa, bu qaraciyərin zərər görməsinə işarədir.

Qarpızdan zəhərlənməmək üçün seçim zamanı diqqətli olmaq lazımdır. Çünki bəzən qarpız zəhərlənməsi ölümlə də nəticələnə bilər.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI