SUMQAYIT, Azərbaycan
Artıq iki gün sonra ölkəmizi UEFA Avropa Liqasında təmsil edən Ağdamın "Qarabağ" klubu ikinci dərəcəli klub turnirinin qrup mərhələsində çıxışına start verəcək.
Məlum olduğu kimi, Türkiyənin İstanbul şəhərində baş tutan püşkatmanın nəticəsinə əsasən Ağdam təmsilçisi Yunanıstanın "Olimpiakos", Almaniyanın "Frayburq" və Fransanın "Nant" klubları ilə eyni qrupda mübarizə aparacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda sözügedən klublarla ilk dəfə qarşılaşacağından rəqiblər haqda məlumatlar heç də az maraq doğurmur. Məhz bu səbəbdən həmin kollektivlər haqda bilgiləri oxucularımızla bölüşürük.
Yunanıstanın rekordçusu
Yunanıstanın liman şəhəri sayılan Pireyi təmsil edən "Olimpiakos" ölkəsinin ən titullu klubudur.
Ümumilikdə 47 dəfə Yunanıstan çempionu olan komanda 28 dəfə isə ölkə kubokunu qazanmaqla diqqət çəkir. Yunanıstan təmsilçisinin həmçinin 4 dəfə də super kubokda qalib olmasını qeyd etməliyik.
Onu da vurğulayaq ki, bu, hər 3 göstərici həmin ölkədə rekord nəticədir.
"Arsenal"la iki dəfə Bakıya gəlmiş, iki dəfə "Qarabağ"a qarşı oynamış Sokratis Papastatopulos və "Roma"nın sabiq üzvü Kostas Manolas kimi yunanıstanlı veteran oyunçularla yanaşı, çexiyalı Tomaş Vatslik, xorvatiyalı Şime Vrsalko, fransalı Yann MVila və Matyö Valbuena, kamerunlu Pyer Kunde, misirli Ahmed Hassan, mərakeşli Yussef Əl-Arabi kimi məşhur legionerlər oynadığı komandaya ispaniyalı Karlos Korberan rəhbərlik edir.
Bu ayın 1-dən "Olimpiakos"a rəhbərlik edən əcnəbi çalışdırıcı portuqaliyalı Pedru Martinsi əvəzləyib.
Yeri gəlmişkən qeyd edək ki, "Makkabi"yə 0:4 hesabı ilə uduzduqdan sonra Pedru Martins istefaya göndərilmişdi.
Yeri gəlmişkən qeyd edək ki, "Qarabağ" kimi, "Olimpiakos" da bu mövsüm mübarizəyə Çempionlar Liqasından başlayıb. Lakin onlar ilk cəhdində – II təsnifat mərhələsində sonradan Çempionlar Liqasının qrup mərhələsinədək irəliləməyi bacaran İsrailin "Makkabi" (Hayfa) komandası ilə bacarmayıb - 1:1, 0:4. Daha sonra Yunanıstan təmsilçisi Slovakiya çempionu "Slovan" (Bratislava) klubunu UEFA Avropa Liqasının III təsnifat mərhələsində penaltilər hesabına məğlub edərək qrupa vəsiqə qazanıb.
Komandanın ispaniyalı çalışıdrıcısı 4-3-3 taktiki düzülüşündən istifadə edir. Bu, komandanın alışdığı oyun üslubu deyil.
Pedro Martinşin vaxtında “Olimpiakos” 4-2-3-1 düzülüşündən istifadə edirdi.
Futbolçular ispaniyalı məşqçinin yeni taktikasına uyğunlaşa bilmir.
Bu səbəbdən də komandanın həm hücum, həm də müdafiə xəttində problem var.
Yeri gəlmişkən qeyd edək ki, Yunanıstan klubları indiyə kimi bir neçə dəfə avrokuboklarda qarşılaşmışıq.
İlk belə mübarizə 2012/2013-cü illər mövsümündə o vaxt "İnter" adlanan hazırkı "Şamaxı" ilə "Asteras" (Tripolis) arasında olmuş və hər iki oyunun heç-heçə (1:1) başa çatması qalibin penalti seriyasında müəyyənləşməsini şərtləndirmişdi ki, orda da "Asteras" daha dəqiq (4:2) olmaqla mərhələ adlamışdı.
Yunanıstan təmsilçiləri ilə 2015/2016-cı illər mövsümünə təsadüf edən növbəti dueldə də heç bir matçda uduzmamışdıq, ancaq fərq orasında idi ki, bu dəfə sonda sevinən tərəf Azərbaycan təmsilçisi idi…
Belə ki, həmin mövsüm "Panatinaikos"la səfərdə 2:2 hesablı heç-heçə edən "Qəbələ" doğma publika qarşısındakı matçında qapısını toxunulmaz saxlamaqla (0:0) səfər qolu prinsipi ilə mərhələ adlamışdı.
Elə həmin mövsüm UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qəbələ" bu mərhələdə də Yunanıstan klubu ilə mübarizə aparmışdı.
Maraqlıdır ki, "qırmızı-qaralar"ın "Panatinaikos"la olduğu kimi PAOK-la da hər iki qarşılaşması bərabərliklə (0:0) yekunlaşmışdı.
Bundan bir mövsüm sonra isə həmin PAOK bu dəfə "Qarabağ"a rəqib olmuşdu və hər iki oyunda (2:0, 1:0) Ağdam klubu rəqibini üstələmişdi.
Yunanıstan klubları ilə sonrakı qarşılaşma isə 2017/2018-ci illər mövsümünə təsadüf etmişdi.
Bu dəfə "Panatinaikos" "Qəbələ"dən revanş almış və (2:1, 1:0) mərhələ adlamışdı.
Yunanıstan təmsilçiləri ilə hələlik sonuncu qarşıdurma isə ötən "futbol ili"nə təsadüf etmiş və "Olimpiakos" hər iki oyunda "Neftçi"ni minimal hesabla məğlub etməklə Çempionlar Liqasından kənarlaşdırmışdı.
118 yaşlı rəqib
1904-cü ildə yaradılan və son 7 ili Almaniya Bundesliqasında keçirən 118 yaşlı "Frayburq" ötən mövsümü 6-cı pillədə başa vurmaqla UEFA Avropa Liqasında oynamaq hüququ qazanmışdı.
Əslində kollektiv bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak edə bilərdi.
Lakin son iki turda “Union”la “Bayer-04”ə məğlubiyyətlər bu arzunun üstündən xətt çəkdi.
Fraybuqluların 6 xal itirməsindən “Leyptsiq” maksimum yararlanıb, onları 3 xal qabaqlayaraq Avropanın əsas turnirinə vəsiqə qazandı.
Yüksək liqada ciddi uğuru olmayan Almaniya klubu dörd dəfə ikinci Bundesliqada çempion olmaqla diqqət çəkmişdi.
Bu mövsüm üçün ən böyük uğur isə Almaniya kubokunun finalına vəsiqə qazanmaq idi ki, orda da "Leyptsiq"ə 120 dəqiqənin sonundakı penaltilərdə məğlub olunmuşdu.
Belçika, Avstriya, Fransa, Qana, Macarıstan, Niderland, Cənubi Koreya, İtaliya, Yaponiya və İsveçrədən legionerlərin çıxış etdiyi və ümumilikdə 9 futbolçusunun müxtəlif milli komandaların üzvü olduğu komandanın baş məşqçisi futbolçu karyerasını başa vurduqdan sonra – 1995-ci ildən "Frayburq"da işləyən Kristian Ştrayxdır.
57 yaşlı mütəxəssis "Frayburq"un U-19 komandasında baş məşqçi (1995 - 2011) və əsas komandasında köməkçi (2007 - 2011) işləyib. 2011-ci ildən bu komandaya rəhbərlik edir.
Almaniyalı mütəxəssis 4-2-3-1 sistemindən istifadə edir. Onun əsas silahları Vinçentso Qrifo, Ritsu Doan və Mihael Qriqoriçdir. “Qarabağ” bu “üçlük”dən mütləq ehtiyatlanmalıdır.
Məlumat üçün deyək ki, indiyə kimi ümumilikdə dörd dəfə rəqib olduğumuz Almaniya klubları ilə mübarizədə heç bir halda mərhələ adlamamışıq.
İki dəfə "Qarabağ", iki dəfə isə "Qəbələ"nin məğlub olduğu Almaniya klubları keçirilmiş 8 oyunda da qalib gəlib.
İlk dəfə 2010/2011-ci illər mövsümündə Dortmund "Borussiya"sına yenilən (0:4,0:1) "Qarabağ" bundan üç il sonra "Ayntraxt"a hər iki oyunda (0:2, 1:2) uduzmuşdu.
2015/2016-сı illər mövsümündə "Borussiya" (Dortmund)a məğlub olan (1:3, 0:4) "Qəbələ" hələlik sonuncu olan dueldə isə "Mayns"a (2:3, 0:2) müqavimət göstərə bilməmişdi.
Avroliqanın qrup mərhələsinin debütantı
Əsası 1943-cü ildə qoyulan "Nant" ölkənin köklü klublarından sayılır. Yetərincə titulu olan kollektiv 8 dəfə Fransa çempionu və bunun yarısı qədər ölkə kubokunun qalibi olması ilə öyünür.
Amma ötən mövsüm komanda üçün o qədər də yaxşı keçməmiş və "Nant" mövsümü 9-cu pillədə başa vurmuşdu, amma Fransa kubokunun final matçında "Nitsa"nı penalti qolu ilə minimal hesabla məğlub etməsi sözügedən klubun birbaşa UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına imkan yaratdı.
Amma “Nant”ın bu uğurunu təsadüf adlandırmaq olar.
Belə ki, “Soşo”, “Vitre”, “Brest”, “Bastiya”, “Monako” və “Nitsa” kimi rəqibləri mübarizədən kənarlaşdıraraq Fransa kubokumum qalibi adına yiyələnən "bülbüllər"in “Monako”dan başqa ciddi rəqiblə üz-üzə gəlməməsi kuboku qazanmağı səciyyələndirən səbəblərdən idi.
Yeri gəlmişkən qeyd edək ki, "Qarabağ"ın rəqibi Avropa Liqasının qrup mərhələsində ilk dəfə mübarizə aparacaq.
Braziliya, İspaniya, Konqo, Kamerun, Nigeriya, Sloveniya, Misir və Malidən legionerlərin forma geydiyi Fransa təmsilçisinə ötən ilin fevralın 11-dən Antuan Kömbuare başçılıq edir.
"Nant" klubu Azərbaycan klublarına ilk dəfə rəqib olsa da, ölkəsinin bir neçə komandası Azərbaycan klubları ilə avrokuboklarda rəqib olub.
İlk tanışlıq 1999/2000-ci illər mövsümünə təsadüf edir ki, həmin vaxt da məhz "Qarabağ" cığıraçan rolunu oynamışdı.
Amma fransızlar qarşısında debütü uğurlu olmayan ağdamlılar "Monpelye" qarşısında ümumilikdə 9 top (0:3, 0:6) buraxmaqla mübarizəni dayandırmışdı.
2014/2015-ci illər mövsümündə isə bu dəfə avroliqada rəqib bu ölkənin "Sent-Etyen" i idi və yeni fransızlarla "Qarabağ" mübarizə aparırdı.
Qrup mərhələsində baş tutan iki matçda (1:1, 0:0) heç-heçə qeydə alınmış və tərəflər 2 xal qazanmışdı.
Növbəti mövsümdə də ikinci dərəcəli klub turnirində "Qarabağ"ın Fransadan olan rəqibi var idi.
"Köhlən atlar" bu dəfə rəqib olduğu "Monako"ya səfərdə minimal hesabla yenilsə də, "ev"də bir xal (1:1) qoparmağı bacarmışdı.
Fransa klubları ilə bundan sonrakı və sonuncudan əvvəlki iki qarşılaşma isə "Qəbələ"nin adı ilə bağlıdır.
Belə ki, 5 il öncə avroliqanın təsnifat mərhələsində "Lill" səfərindən qollu heç-heçə (1:1) dönən "qırmızı-qaralar" doğma meydanda minimal hesablı qələbəylə fransızları mübarizədən kənarlaşdırmış, elə həmin mövsüm turnirin qrup mərhələsində qarşılaşdığı "Sent-Etyen"ə isə hər iki matçda (0:1, 1:2) məğlub olmuşdu.
Klublarımız üçün bu ölkədən olan hələlik sonuncu olan rəqib isə "Marsel" idi. Ötən mövsüm Azərbaycan futbolu tarixində ilk dəfə qrup səddini aşan komanda olan "Qarabağ"ı UEFA Konfrans Liqasının pley-off mərhələsində məhz bu komanda 3:0 və 3:1 hesabları ilə dayandırmışdı.
.
Tural Məmmədov, dikGAZETE.com