BAKI, Azərbaycan
Ermənistan bölgəyə Avropa İttifaqı missiyasını dəvət edir, bu dəfə iki illik…
Fransanın bölgəyə gəlməsini nə Azərbaycan, nə Rusiya, nə də Türkiyə istəyir.
Bir aydan sonra Avropa İttifaqı Ermənistana yeni müşahidə missiyası göndərəcək. Missiyanın bu dəfə iki il müddətinə göndərilməsi nəzərədə tutulur.
Bu barədə məlumatlar Ermənistan KİV-lərində yer alıb. Qeyd edilir ki, Avropa İttifaqının Siyasət və Təhlükəsizlik Komitəsi ötən həftə bu barədə qərar qəbul edib.
Xatırladaq ki, keçən dəfə olduğu kimi budəfəki missiya da Ermənistan ərazisində yerləşəcək.
Missiya üzvlərinin 200 nəfərdən ibarət olacağı vurğulanır.
Avropa İttifaqının Ermənistan ərazisinə missiya göndərməsində məqsəd nədir?
Rusiyanı bölgədən uzaqlaşdırmağa çalışan Paşinyanın ümidi deyəsən Fransaya qalıb.
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan hakimiyyəti, Paşinyan adminstrasiyası Ermənistanın qərbyönümlü xarici siyasətini daha da genişləndirmək niyyətindədir.
Paşinyan Ermənistanı qərbyönümlü bir dövlətə çevirmək istəyir və bu istiqamətdə də aktiv şəkildə çalışmalar aparır.
-Mübariz Göyüşlü
“Paşinyanın SOROS fondu tərəfindən hakimiyyətə gətirilməsi də təsadüfi deyil. Bu onların Avropa, ABŞ yönümlü bir siyasət yeritməsi üzərinə götürdüyü öhdəliklərdən irəli gəlir.
Bir müddət əvvəl Ermənistan özü 30 il terrorçu və işğalçı dövlət olduğu halda beynəlxalq aləmdə belə bir rəy yaratmağa çalışırdı ki, güya Azərbaycan Ermənistana qarşı təcavüz edir, sərhədləri pozulur.
Halbuki Azərbaycan Ordusu Ermənistanın təcavüzünü dəf etmək üçün addım atmağa məcbur idi.
Bunu əsas gətirən Ermənistan Rusiyanın da Ermənistanla Azərbaycan arasında, ümumiyyətlə Cənubi Qafqazda Təhlükəsiziliyi təmin edə bilməməsini bəhanə edərək, Avropa İttifaqını Azərbaycanla Ermənistan arasında olan şərti sərhəd əraziyə montitorinq aparmaq üçün dəvət etdi.
Azərbaycan da şərt qoydu ki, Avropa İttifaqının bu qrupu Azərbaycan ərazisində deyil, Ermənistan ərazisində missiya həyata keçirə bilər.
Hər kəs bilirdi ki, bunun ardı olacaq”-deyən politoloq Mübariz Göyüşlü qeyd edib ki, bu dəfə Ermənistan tərəfi daha geniş bir Avropa İttifaqı qrupunu bir neçə aylıq deyil, iki illik müddətə Ermənistan ərazisinə dəvət edir.
Buna paralel olaraq isə, Rusiyanın Ermənistandakı hərbi hissələrinin qarşısında müxtəlif erməni siyasi təşkilatları aksiyalar keçirir, onları blokadaya almaq, Rusiyanı bölgədən çıxarmaq istəyirlər.
“Bu günlərdə Paşinyan təklif etdi ki, Rusiya bölgədə təhlükəsizliyi təmin edə bilmirsə, beynəlxalq sülhməramlı missiyanın bölgəyə gəlişini Rusiya özü təklif və təmin etsin. Bu da Rusiya tərəfdə narazılıq doğurdu”.
Mübariz Göyüşlü qeyd edib ki, belə bir məsələnin Ermənistan tərəfindən icra olunması sırf onların Avropa İttifaqı, Fransayla olan münasibətlərini inkişaf etdirmək və həmin dövlətləri, qrupları Ermənistana gətirməkdir.
Politoloq hesab edir ki, burada hansısa monitorinqin və fəaliyyətin həyata keçrilməsi sadəcə olaraq bəhanədir.
O ki qaldı Ermənistanın nə kimi nəticələr əldə edəcəyinə, ekspert deyir ki, Fransanın bölgəyə gəlməsini nə Azərbaycan, nə bölgədə geosiyasi aktiv olan Rusiya, nə də yeni oyunçu olan Türkiyə istəyir.
Bu səbəbdən də Ermənistanın hansısa nəticə əldə edə biləcəyi sual altındadır.
Yəni bu mənada Ermənistanın addımları avantürüst davranışlardır.
.
İradə Cəlil, dikGAZETE.com