Azərbaycançılıq ideologiyası, Heydər Əliyev dövründə daha dərindən təbliğ edilməyə başladı
BAKI, Azərbaycan
Azərbaycan çoxmillətli ölkədir. Burada müxtəlif etnik xalqlar, eyni zamanda müxtəli millətlərin nümayəndələri yaşayır. Amma Azərbaycanda yaşayan bütün millətləri Azərbaycan vətəndaşlığı birləşdirir. Qeyd edək ki, “azərbaycançılıq” millətçi bir anlayış deyil. Burada Azərbaycanın ümumi inkişafı və rifahı naminə dini mənsubiyyətindən asılı olmayaraq, bütün millətlərin və millətlərin tolerantlığını və birləşməsini təşviq edir.
Azərbaycan həmişə tolerant ölkə olub və bu, Azərbaycan xalqının ən böyük xidməti və fərqləndirici xüsusiyyətidir. Azərbaycanlılar dinindən asılı olmayaraq adət-ənənələrinə, qanunlarına hörmət edən bütün etnik qruplarla qarşılıqlı münasibətdədirlər.
Azərbaycanda müxtəlif etnik qrupların öz dilinə və mədəniyyətinə malik olması üçün hər cür şərait yaradılıb. Ölkədə yaradılmış bu əlverişli atmosfer ən yüksək səviyyədə qorunur. Bu, “azərbaycançılıq” ideologiyasının əsas postulatıdır.
Azərbaycançılıq ideologiyasının əsasları Xalq Cümhuriyyəti dövründən qoyulsa da, Heydər Əliyev dövründə bu ideologiya daha dərindən təbliğ edilməyə başladı.
“Qədimdən bu günə kimi dünyada təzahür edən və böyük rola malik ideoloji cərəyanlardan biri milli ideologiyadır. Müəyyən tarixi şəraitdə yaranmış milli ideologiya mədəni normalarla və milli-mənəvi dəyərlərlə əhatə olunmuş milli özünüdərki və milli ruhu təcəssüm etdirir, milli-mədəni yekcinsliyin güclənməsinə imkan yaradır.
Bu baxımdan, ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimiz və xalqımızın inkişafında mühüm rol oynamış, milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olmuşdur”.
Bu barədə Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.
Deputat bildirib ki, SSRİ-nin dağılması ilə istiqlaliyyətini bərpa etmiş Azərbaycanda xalqın milli birliyinin yaradılması ən aktual vəzifə kimi qarşıda dayanırdı. Çünki həmin dövrün ortaya çıxartdığı çətinliklərin və problemlərin həlli, eləcə də müstəqilliyin daha etibarlı şəkildə qorunmasının təmin edilməsi, milli dövlətçilik ənənələrinin bərqərar olması yalnız xalqın ideya birliyinin yaradılmasıyla həll olunacaqdı.
- Müşfiq Cəfərov
Deputat vurğulayıb ki, ötən əsrin 90 – ci illərində baş verən hadisələr insanlar arasında milli özünüdərk prosesini gücləndirmiş, ictimai həyatın demokratikləşdirilməsi və Azərbaycanın müstəqilliyi ideyası yüz minlərlə vətəndaşı küçə və meydanlara çıxarmış, milli-azadlıq ideyasının təkamülünə səbəb olmuşdu. Belə ki, bu dövrdə geniş vüsət almış ümumxalq hərəkatı Azərbaycan xalqını milli birlik və respublikanın azadlığı ideyası ətrafında sıx birləşdirmişdi.
Deputatın fikrincə, son illərdə müstəqil Azərbaycan dövləti böyük inkişaf yolu keçərək tarixin müxtəlif sınaqlarından çıxmış və dünya dövlətləri sırasında öz layiqli yerini tuta bilmişdir.
“Yüzlərlə dövlətlər sırasında Azərbaycanın üçrəngli bayrağının dalğalanması, Vətənimizin adının hörmətlə, şərəflə çəkilməsi hər bir Azərbaycan vətəndaşını sevindirir. Hər birimiz başa düşürük ki, Azərbaycanın dünya səviyyəsində tanınmasında Heydər Əliyevin xidmətləri əvəzsizdir.
Həyatının mənasını Vətənə xidmətdə görən Heydər Əliyev azərbaycançılıq ideologiyasının formalaşmasında, xaricdə yaşayan soydaşlarımızın milli özünüdərketmə hisslərinin oyanışında və onların təşkilatlanmalarında mühüm rol oynayıb.
1993-cü ildən başlayaraq Ümummilli liderimiz Heydər Əliyev xarici səfərləri zamanı həmvətənlərimizlə görüşlərində onları vahid ideya-azərbaycançılıq ideyası ətrafına toplamağa çalışır və bunun üçün böyük səylər göstərirdi. Lakin bu, asanlıqla başa gəlmirdi.
Belə ki, azərbaycanlıların Vətənə bağlılığına, dilini, dinini, milli adət və ənənələrini daim qoruyub saxlamaq kimi gözəl xüsusiyyətlərinə baxmayaraq, onların bir-biri ilə əlaqələri zəif, mütəşəkkilliyi yox dərəcəsində idi”-deyə Müşfiq Cəfərov vurğulayıb.
Deputat hesab edir ki, cəmiyyətə vaxtında təqdim olunmuş bu ideologiya olmasaydı, hərc-mərclik və deqradasiya meyilləri güclənərdi. Nəticə etibarilə milli dövlətçiliyimizin məhvolma təhlükəsi yaranardı.
“Çağdaş dövrümüzdə əsası xalqımızın ulu öndəri Heydər Əliyev tərəfindən qoyulmuş və millətimizin gələcək inkişafına yönəldilmiş azərbaycançılıq konsepti soydaşlarımızı vahid ümummilli ideya ətrafında birləşdirir”-deyə deputat əlavə edib.
.
İradə Cəlil, dikGAZETE.com