İslama, müsəlman dünyasına qarşı ciddi reaksiyalar olan dünyada Türk dilli dövlətlərin birliyi çox əhəmiyyətlidir
BAKI, Azərbaycan
Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış ərazilərini ziyarət edib, şəhərin Baş planı ilə tanış olublar.
Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Qırğız Respublikasının Prezidenti Sadır Japarova erməni işğalçısının Füzuli rayonu ərazisində 30 il ərzində törətdiyi dağıntılar və vandalizm aktları barədə məlumat verib.
Qeyd edilib ki, Baş Planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin isə 50 min nəfərə çatdırılması nəzərdə tutulub.
Xatırladaq ki, ötən ilin avqustunda Füzuli şəhərində Özbəkistan tərəfindən bağışlanmış 960 şagird yerlik Mirzə Uluqbek adına məktəb, bu ilin martında Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi istifadəyə verilmiş, o cümlədən abadlıq-quruculuq işləri aparılıb.
“Prezident Sadır Japarovun təşəbbüsü ilə Qırğızıstan tərəfindən Ağdam rayonunda orta məktəbin təməli qoyulub. Bütün baş verənlər türkdilli dövlətlərin Azərbaycana dəstəyinin sübutudur.
Türk dilli dövlətlərin birliyi təşkilatlanması bir məqsəd uğrunda mübarizə aparması həmin ölkələrin inkişafı təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir. Çünki bu gün dünyada İslama, müsəlman dünyasına qarşı ciddi reaksiyalar var və bunun təsirləri ildən-ilə daha da genişlənir.
Belə olan halda türk dövlətlərinin bir araya gəlməsi, əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi zərurətə çevrilir və bu təbiidir”.
Bu barədə Milli Məclisin deputatı Tahir Rzayev danışıb.
Deputat bildirib ki, Türk Dövlətləri Təşkilatı son illər türk dilli dövlətlərin birləşdirilməsi yönümündə çox mühüm tədbirlər həyata keçirir.
Sözsüz ki, bu sahədə Türkiyənin və Azərbaycanın rolu müstəsnadır. Türkiyə prezidentinin Azərbaycanın dövlət rəhbəri cənab İlham Əliyevin müntəzəm olaraq, türkdilli dövlətlərə səfər etməsi, bir çox müqavilələrin bağlanması, lahiyələrə imza atılması bunu deməyə əsas verir.
-Tahir Rzayev
“Qırğızıstan prezidentinin Azərbaycana səfəri və Azərbaycanda əlaqələrin möhkəmlənməsinə verdiyi dəstək və bu səfər zamanı iqtisadiyyat, mədəniyyət, nəqliyyat, elm, təhsil kimi sahələrdə mühüm sənədlər imzalanıb.
Sözsüz ki, bu sənədlər də iki dövlətin gələcək inkişafına yönəldilib və bu da bizim üçün çox vacibdir. Azərbaycan prezidenti həmin səfər zamanı mətbuata verdiyi bəyanatında da bunu bir daha bildirdi. Və qeyd etdi ki, Azərbaycan Qırğızıstan münasibətləri, ildən ilə genişlənir və bundan sonra da bu yönümdə çox mühüm ĺahiyələrə imza atılacaq.
Qırğızıstanın dövlət rəhbərinin işğaldan azad olunmuş ərazilərdə olması həmin mənzərəni öz gözü ilə görməsi Füzulidə və Ağdamda müəyyən tədbirlərdə iştirak etməsi göstərir ki, münasibətlər müsbət məcraya yönəldilib və hər iki ölkənin və xalqlarının milli mənafeyinə uyğundur.
Qırğızıstan dövlətinin köməyi ilə Ağdamda müasir tipli məktəb binasının təməlinin qoyulması bu dostluğa yeni bir məna verir. Bunu hər iki dövlət rəhbəri istər səfər zamanı istərsə də mətbuata açıqlamalarında bir daha şərh etmişlər”-deyə deputat vurğulayıb.
Tahir Rzayev qeyd edib ki, Azərbaycanın türk dilli dövlətlərlə münasibəti çox genişdir. Belə ki, Azərvaycan prezidenti bir neçə dəfə Özbəkistana, Qazaxıstana səfərlər etmiş və bu səfərlər çox əhəmiyyətli olmuşdur.
Deputatın fikrincə, Azərbaycanın Türkmənistanla münasibətləri son illər xeyli yaxşılaşıb. Digər ölkələrlə də münasibətlərin genişləndirilməsinə böyük əhəmiyyət verilir.
Tahir Rzayev əlavə edib ki, Türkiyə qardaş dövlətdir. Bu gün Türkiyə ilə əlaqələrimiz son dərəcə genişdir və əhəmiyyətlidir.
“Yaxşı haldır ki, 44 günlük müharibə, eləcə də 23 saatlıq lokal antiterror tədbirlərində türkdilli dövlətlər Azərbaycanın yanında olduqlarını və Azərbaycanın haqlı mübarizəsini dəstəklədiklilərini bəyan etdilər.
Sonrakı tədbirlərdə də Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr bir mənalı olaraq, Azərbaycanı dəstəkləyirlər. Bu da təkcə, həyata keçirilən görüşlərdə deyil, eləcə də beynəlxalq səviyyəli tədbirlərdə özünü göstərir.
Əlbəttə ki, bu vəziyyət qürur doğurur. Çünki deyildiyi kimi türk dövlətlərinin birliyi, onların bir məqsəd uğrunda səfərbər olması, həmin dövlətlərin və xalqların milli mənafeyinə tam uyğundur və onların təhlükəsizliyi gələcək inkişafı üçün bir zəmindir.
Bu birlik davamlı şəkildə genişləndirilməli və möhkəmləndirilməlidir. Türk dünyası bütün məsələlərdə, bütün hadisələrdə özünün mövqeyini ortaya qoymalı və öz məqsədini həyata keçirmək üçün mübarizəni dayanmadan davam etdirməlidir”-deyə Tahir Rzayev vurğulayıb.
.
İradə Cəlil, dikGAZETE.com