Məktəblərdə direktorların və müəllimlərin əksəriyyətinin qadın olmasının mənfi nəticələri…
- Mən də qadınam. Qadın düşməni də deyiləm. Amma bu problemlərin aradan qaldırılması üçün hazırda yeganə birneçə yol görürəm… Övladlarımızı əmanət etdiyimiz "bəzi" qadın direktor və müəllimlər psixoloji yoxlanışdan keçməlidir...
BAKI, Azərbaycan
Bir müddət əvvəl məktəblərin birində şagirdin digərinə etdiyi “yumurtalı” bullinq cəzasız qaldı.
Bullinqi edən keçmiş qadın məktəb direktorunun qardaşı qızı imiş. Hətta qız çıxıb dedi ki, “vecimə də deyilsiniz”...
Məktəbin direktoru jurnalistlərin qarşısına çıxıb, bir neçə cümləni sözün əsl mənasında bir neçə dəfə təkrar etdi.
Ondan əvvəl məktəb direktorunun oğlu ailəsini balta ilə sözün əsl mənasında məhv etdi.
Bütün bu hadisələrdən sonra məktəb şagirdinin partaların üzərindəki şou videosu yayıldı. Zaman-zaman məktəblərdə bu kimi hadisələr baş verir. Acı səbəb də çox sadədir: "Məktəblərdə direktorların və müəllimlərin əksəriyyətinin qadın olması"...
Başıma təhsildən kənar gələn bir hadisəni danışacağam.
Bir neçə il əvvəl Bakı kəndlərinin birində çıxarışla bir torpaq sahəsi aldım.
Dedilər ki, qonşun məktıb direktorudur və qadındır.
Başlanğıcda sevindim ki, təhsilli, savadlı, ziyalı bir ailə ilə qonşu olacağam.
Amma sən saydığını say...
Elə ilk gündən bu qadın (o zaman 63 yaşı vardı) özünü 15 yaşlı qız uşağı kimi ortaya atıb, əvvəlcə mənim aldığım torpağın sahibindən mənə satdığı torpaqdan pay istədi.
Təbii ki, torpaq sahibi yox dedi.
Sonra bu qadın iddia etdi ki, mənim aldığım torpağa yol yoxdur.
Dedim ki, “başa düşmədim, çıxarışlı ərazimə xüsusi təyyarə ilə getməliyəm?”
Nə isə, min dava ilə yolumu da aldım.
Sonra qadın həyasızlıq edib, mənim yolumun üzərində öz həyətinə bir neçə qapı açmaq istədi.
Dedim ki, “istəəyirsinizsə, bütün yolu kiçik qapılarla doldurun, bu yol dövlətin yoludur. Mənə əsas olan evimə gedib gəlməyə problem olmasın”...
Nə isə, bu qadın mənə hədə-qorxu gəlir, adamlarının olduğunu və s. deyirdi.
2022-ci ildə yaşı ilə əlaqədar onu pensiyaya göndərdilər. Və səsi "batdı".
Bir oğlu var, yaşı 30-u keçsə də, anasından aldığı tərbiyə də göz önündədir. Hətta qonşular deyir ki, “narkotik istifadəçisidir”...
Bu hadisəni ona görə danışıram ki, bütün baş verən neqativ hadisələrə diqqət edəndə, görürsən ki, bu hadisənin də arxasından bir qadın məktəb direktoru çıxır.
Ötən illərdə uşaqlarım Seyid Cəfər Pişəvəri adına respublika humanitar fənlər gimnaziyasında oxuyurdu.
Keçmiş qadın direktor bizi akt zalına yığıb demişdi ki, “23 manata satılan ingilis dili kitabını almağa məcbursunuz, yoxsa bilirsiniz də”.
O kitabları uşaqlarım bir dəfə də olsun açmayıb.
İndi deyənlər olacaq ki, "o zaman niyə danışmırdın?", cavabım hazırdır.
Mən danışırdım...
Hətta o qadın direktorun vaxtında məktəbə VMA-nı gətirmişdilər. Hər uşaqdan 100 manat yığırdılar.
Mən verməkdən imtina edəndə, övladımın qadın sinif rəhbəri uşağa demişdi: “Sizin atanız yoxdur, verməsəniz də olar”.
Bu da müəllimin uşağın başına atasının olmamasını çırpması...
Mən bununla bağlı canlı efirdə də danışmışdım.
O 100 manatların hara getdiyini də sorğulamışdım. Hətta o direktorun oğlu bu çıxışıma görə məni “ədalətsiz” adlandırmışdı. Təəccüblənməmişdim. Çünkü anasının “yeyinti”sinə mane olmuşdum...
Kiçik oğlumun ibtidai sinif müəllimi cavan kadr idi. İlk sinfi mənim oğlumun sinfi idi.
Nə oldusa, qadın müəllimə dərd deməyə başlayan kimi biri ilə tanış oldu.
O adamla dava-dalaşı olanda bunun mənfi nəticəsini oğlum və sinif yoldaşları gördü, yaşadı.
Sonra nişanlandı, davamında toyu oldu, ardınca uşağı dünyaya gəldi.
Qısası, bu qadın normal vaxt sistemi ilə məktəbə gəlmədi ki, uşağın təhsili normal olsun.
Mən bu "yoxluq" səbəbilə etiraz edəndə onun dediyi söz yadımdadı: “Xanım, siz başa düşmürsünüz ki, stəkan bu qədər su tutur. Mən nə qədər çalışsam da, sənin uşağının anlayacağı bu qədərdir”.
Qadın həm məni, həm övladımı günahlandırdı.
Hələ ayda 50 manat da verirdim ki, uşağın hazırlığı ilə məşğul olsun.
Halal edirəmmi?
Təbii ki, xeyr!
Sonra övladımı başqa bir müəllimin yanında hazırlığa qoydum. Və o gənc kadr, sözün əsl mənasında həyatının ağır vaxtında övladımın təməl təhsilini "heç" etdi...
Mən də qadınam. Qadın düşməni də deyiləm. Amma bu problemlərin aradan qaldırılması üçün hazırda yeganə birneçə yol görürəm:
"Məktəblər qadın direktorlara həvalə edilməməlidir". Qadın direktorlar bu vəzifədə olanda vəzifə məsuliyyətini unudub, təkcə məktəbdə deyil, həyatda da "alçaq dağları yaratdım" deyə düşünür. Nə məktəb daxilində də, nə də cəmiyyətdə insanlarla normal davrana bilmirlər. Məktəblərə müəllim kimi qəbul imtahanla olsa da, sonrasında bir mərhələ daha olmalıdır. Qadının təhsil müddətində ərə getməsi, aşiq olması, uşaq dünyaya gətirməsi və s. müxtəlif hadisələr onun işinə təsir edəcəksə, bu nüans da nəzərə alınmalıdır. Qadın müəllim və ya direktor işə qəbul zamanı psixoloji müayinədən real şəkildə keçirilməlidir. Çünki əksər qadınlar ailə həyatında, şəxsi həyatında yaşadıqları uğursuzluqları işlərinə də sirayət etdirirlər. Bu da həm təhsil, həm də uşaqların tərbiyəsi üçün önəmlidir. Mümkünsə, məktəblər nazirlikdən yoxlamalar göndərilən zaman rüşvətə meylli olmayan nümayəndələr göndərilməlidir. Bu halda, direktor o nümayəndəni "görüm-baxım" edib, eybərcərlikləri gizlədə bilməz. Əks halda, nəticə indidən məlumdur.Təhsilimizin təhsildən kənar o qədər çatışmazlıqlar var ki, bunu bircə bu yazıya sığdırmaq mümkün deyil.
Mövzuya təəssüf ki yenə qayıdacağam...
.
İradə Cəlil, dikGAZETE.com