?>

Azərbaycanda məktəblərdə olan vəziyyət və tərbiyə işini zəiflədən səbəblər…

İradə Cəlil

1 yıl önce

Azərbaycanda məktəblərdə olan vəziyyət və tərbiyə işini zəiflədən səbəblər…

BAKI, Azərbaycan

Məktəblərdə həm təlim, həm də tərbiyə prosesi ciddi zədələnib. Məktəblərdə son vaxtlar baş verən neqativ hadisələr cəmiyyətdə tərbiyə məsələsinin arxa plana keçirilməsi, daha doğrusu başlı başına buraxılması ilə əlaqədardır.

Əgər əvvəllər tərbiyəsizlik halları çətin tərbiyə edilən şagirdlər tərəfindən edilirdisə, son vaxtlar təhsil menecerlərinin də anti-pedaqoji hərəkətləri müşahidə edilir.

Bu kimi neqativ hərəkətlər regional təhsil idarə müdiri və məktəb direktorları tərəfindən edilməyə başlanmışdır.

Belə qanunsuz davranışlar isə müəllim və şagirdlərə qarşı aparılır. Görünür, son illər təhsil sistemində aparılan “islahatlar” öz nəticəsini göstərir.

Müəllimlərə qarşı hörmətsizlik, onların nüfuzdan salınması halları son illər yüksələn xətt üzrə gedir və çox təəssüf ki, bunun ideoloji təminatı nazirlik səviyyəsində gedir.

Təhsil islahatları real nəticə vermir. Səbəbkarlar məmurlar olduğu halda, bütün problemlərdə günahlar kimi müəllimləri göstərilir. Ona görə müəllim ordusuna qarşı aşağılama və gözdən salma kampaniyası hiss edilir.

Bu barədə təhsil eksperti İlham Əhmədov danışıb.

O, qeyd edib ki, Elm və Təhsil naziri Emin Əmrullayev müəllimlər qurultayında öz çıxışında yaşlı müəllimlərə 30-40 il pedaqoji fəaliyyət göstərdikləri üçün minnətdarlıq etmək əvəzinə, onlara qarşı pedaqoji etimadsızlıq göstərib və onları səriştəsizlikdə günahlandırıb.

Bu isə pedaqoji ictimaiyyətdə narazılıq yaradıb.

Pedaqoji mühitin sarsıdılması, təbii ki, ölkədə təlim-tərbiyə prosesinə zərbə vurur.

Bunun mənfi nəticələrini və vəziyyətin ilbəil ağırlaşmasını daim müşahidə edirik. Belə vəziyyətdə, təbii ki, məktəbin təlim-tərbiyə işi inkişaf edə bilməz.

-İlham Əhmədov

İlham Əhmədovun fikrincə, bir məqalədə bütün bu məsələləri tam təhlil etmək və həll yollarını təklif etmək çətindir.

Bu səbəbdən də öncə, şagird-müəllim münasibətlərin pozulmasına diqqə çəkən ekspert vurğualyıb ki, şagird-müəllim münasibətlərinin neqativ xarakter alması, belə xoşagəlməz hadisələrin çoxalması məktəbdə tərbiyə işinin aşağı səviyyəsini göstərir.

O, bildirib ki, Sovet dönəmində də məktəblərdə belə hadisələr baş verirdi, lakin bu hadisələr nadir hallarda olurdu.

İndi isə təəssüf ki, belə olaylar sistematik xarakter alıb.

Bu problemin yaranmasında günahın bir qisminin məktəb üzərinə düşdüyünü dilə gətirən İlham Əhmədov deyir ki, hər bir sistemin işinin səmərəsi bu sistemin sükanı arxasında olan kadrın peşəkarlıq səviyyəsindən asılıdır.

Məktəblərə son vaxtlar direktor təyinatında səhvlərə yol verilir. Bu məsələ mətbuatda da son vaxtlar müzakirə mövzusu olmuşdur.

Heç bir pedaqoji təhsili və pedaqoji stajı olmayan insanların təhsilin idarə edilməsinə, o cümlədən məktəblərə direktor təyin edilməsi halları çoxalıb.

Bu, ciddi səhvdir.

Məktəbin rəhbərliyi, məktəbin idarə edilməsi, ona nəzarət pedaqoqların əlində olmalıdır, menecerliyi bacaran hər hansı qeyri pedaqoqun, təlim-tərbiyədən uzaq kadrların yox.

Mütləq şəkildə bilməliyik ki, məktəbə təhsilə aidiyyatı olmayan kənar şəxslərin bu sistemdə rəhbər vəzifəyə gətirilməsi, təhsilə fəlakət gətirəcək.

Artıq ilk simptomlar görünür. Hər peşənin öz sənətkarı var. Hər sahənin idarəedilməsi bu sferada zəngin təcrübə qazanan kadrlara həvalə edilməlidir.

Təhsil sahəsi də belədir. Ancaq təəssüflər olsun ki, pedaqoji təhsili olmayanlar bəzən məktəblərdə direktor kimi fəaliyyət göstərirlər.

Bu çox uğursuz eksperimentdir. Bu amil məktəbdə tərbiyə işini zəiflədən səbəblərdəndir”-deyə ekspert qeyd edib.

İlham Əhmədovun sözlərinə görə, tərbiyə işinin zəifləməsinin digər səbəbi ölkədə, cəmiyyətdə, eləcə də təhsil sistemində ideoloji boşluğun olmasıdır:

“30 il müstəqillik təcrübəmiz olsa da, hələ də təhsil sistemində işlək tərbiyə konsepsiyası yoxdur.

Yadımdadır, 2000-ci illərdə Elm Təhsil Nazirliyində tərbiyə şöbəsi vardı. İndi belə bir şöbə olmadığını düşünürəm.

Elm və Təhsil Nazirliyinin tərbiyə şöbəsi 2000-ci illərdə tərbiyə konsepsiyası hazırlamışdı. Amma sonralar bu konsepsiyadan deyəsən heç istifadə edilmədi.

Sovet illərində tərbiyəyə dair yazılmış kitablardan, tədqiqatların nəticələrindən, konsepsiyalardan müstəqillik illərində istifadə etmək düz deyil. Çünki, cəmiyyətdə son 20-30 ildə çox şey dəyişdi.

Müstəqillik illərində tərbiyə mövzusunda diqqət cəlb edən əsərlər, milli ideologiyanın təbliği az oldu.

İndi Qarabağda şanlı qələbəmizdən sonra, məktəblərdə vətənpərvərlik fonunda tərbiyə proseslərini daha keyfiyyətli aparmaq imkanı yaranıb.

Bu imkandan istifadə etmək lazımdır.

Tərbiyə məsələsinin zəifləməsinin digər səbəbi KİV, xüsusən də telekanallarıdır.

Elə proqramlar var ki, ona baxanda adam dəhşətə gəlir: bu müzakirə olunan nə mövzudur, proqramı aparan necə aparıcıdır, gələnlər necə qonaqlardır, izlədilən nə dərəcədə səviyyəsiz proqramdır?

Hesab edirəm ki, belə verilişlər gənclərin tərbiyəsinin pozulmasına xidmət edir.

Maarifləndirici, idraki, vətənpərvərlik istiqamətində verilişlərimiz əfsuslar olsun ki, çox azdır.

Digər tərəfdən Cəmiyyət bilməlidir ki, tərbiyə təhsildən üstündür. "İnsanı əxlaqi yox, yalnız intellektual səviyyədə tərbiyə etmək, cəmiyyət üçün təhlükə yaratmaq deməkdir." (Teodor Ruzvelt)”.

Ekspert xüsusi olaraq vurğulayıb ki, uşaqların təhsil proqramlarını mənimsəməsi üçün valideynlər müxtəlif yollar axtarır və xeyli xərc çəkirlər, amma onların tərbiyəli olması barədə elə də narahat olmurlar, sanki hər şey öz-özünə həll ediləcək.

İlham Əhmədovun fikrincə, digər tərəfdən məktəblərdə tədris prosesi çox pozulub, davamiyyət zəifləyib.

Repetitorluq kütləviləşəndən sonra şagirdlərin dərsə davamiyyəti azalıb. Çünki şagirdlər pul qarşılığında repetitordan bilik alacaqlarını düşünür, belə təsəvvür yaranır ki, hər işi pulla həll etmək mümkündür.

“Beləliklə, uşaqların nəzərində pula aludəçilik yaranır, maddiyyat mənəviyyatı üstələyir. Bu isə gəncləri, cəmiyyəti çox pozur.

Müəllimin nüfuzu da son onilliklər xeyli aşağı düşüb. Bu gün müəllimlər sanki, hüquqsuz bir zümrədir.

Nə qədər imtahan etmək olar müəllimləri? Bəzi müəllimlər şagirdlərə müştəri gözü ilə baxırlar. Şagird də bunu hiss edir.

Bütün bu mənfi hallar kompleks halda həm müəllim nüfuzuna, həm də məktəbdə təlim-tərbiyə prosesinə mənfi təsir edir.

Düşünürəm ki, məktəblərdə ədəb qaydaları, etiket, nəzakət kimi məsələlər xüsusi tədris edilsin. Çünki, "mənəvi tərbiyəni düzgün quran millət həqiqi mənliyə sahib olacaqdır" (Füyuzat jurnalından)”-deyə İlham Əhmədov fikrini yekunlaşdırıb.

P.S.

Qeyd edək ki, Türkiyə Təhsil Nazirliyi (MEB) ümumtəhsil məktəbləri üçün “etiket və nəzakət”, orta məktəblər üçün “yaxşı ədəb” fənlərinin tədris planını təsdiqləyib.

“Nəzakət etiket” kursu 4 bölmədən, “yaxşı ədəb” kursu 7 bölmədən ibarət olacaq.

Uşaqlara bu dərslərdə cəmiyyətdə, iş yerində, ailədə və dərsdə özünü aparma qaydaları təlqin ediləcək. Azərbaycanda olan vəziyyəti, dosent İlham Əhmədov izah etdi.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI