Söhbət aktyor Ramiz Məlikdən gedir… Bu gün onun vəfat xəbərini alanda…
BAKI, Azərbaycan
Əslində aktyor olmaq istəmirdi. Bu səbəbdən sənədlərini Neft Kimya institutuna vermişdi, amma sonuncu imtahandan kəsilir. Bu dəfə bəxtini Politexnik institutunda sınayır.
Orada da 3-cü imtahandan kəsilir.
Sonra qərar verir ki, Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alsın. İnstituta qəbul olunur, amma aktyorluq fakültəsinə.
Oxumaq istəməsə də, Məlik Dadaşov onu razı sala bilir. Boy-buxunu, səsi və siması onun gələcəkdə çoxunun diqqətini çəkəcək aktyor olacağından xəbər verirdi...
Söhbət Ramiz Məlikdən gedir. Aktyor müsahibələrinin birində deyirdi ki, "klassiklər"dən dərs alması onun peşəkar inkişafı üçün yaxşı fürsət olub.
İstəmədiyi halda, istəmədiyi fakültədə dərs almağa başlayıb. İlk rolu isə, “O qızı tapın” filmində Ziya obrazı olub. Bundan sonra o dövrünün sevimli aktyorlarından birinə çevrilib.
Ramiz Məlik yaddaşlarda daha çox mənfi obrazların peşəkar yaradıcısı kimi qalmışdı.
Aktyor, bunu Məlik Dadaşov kimi aktyordan dərs alması ilə əlaqələndirirdi.
Son ifası “Mahmud və Məryəm” filmindəki keşiş obrazı ilə oldu. Bu film həm də onun yaradıcılığında son film oldu. Sonradan nə qədər arzusunda olsa da, Ramiz Məlik sağlığında yeni filmlərə dəvət almadı.
Aktyor, müsahibələrinin birində film çəkilişləri üçün darıxdığını da dilə gətirmişdi.
Aktyor kimi tanıdığım sevdiyim Ramiz Məliki insan kimi tanımaq "Facebook" vasitəsilə nəsib olmuşdu. Sərt xarakteri vardı, sözünü deməkdən çəkinməzdi.
Qorxmaz göründüyü obrazının arxasında isə, əslində bir həssaslıq vardı. Çox arzulayırdım bir gün onunla qarşılıqlı söhbət edib, müsahibə hazırlamağı.
Yadıma gəlir ki, bir neçə il əvvəl aktrisalardan biri ilə mübahisəli bir məsələsi vardı.
O zaman demişdim ki, “Ay Ramiz müəllim, niyə bunlara fikir verirsiniz?”
Mənə verdiyi cavabla anlamışdım ki, əslində zəhmli, sərt baxışlı olan bu insanın içində həssas biri var.
Ramiz müəllimin maraqlı səbəbləri vardı.
Mənə onu həyatda görüb, müsahibə almaq qismət olmadı. Ayrı ölkələrdə idik.
Bu gün onun vəfat xəbərini alanda içimdə bir peşmanlıq yarandı. Kaş ki, onunla heç olmasa bircə dəfə qarşılaşıb söhbət edə biləydim...
Çox gözəl insan, əvəzedilməz aktyor idi.
Və çox dürüst və sərt idi. Bəlkə də son illər kinodan uzaq qalmasının da səbəbi bu idi.
Axı sözünü deyə bilən, dürüst insanlara daha az üstünlük verilir...
Bu gün həyatda olmasa da, onun özü boyda yaratdığı rolları var. Və düşünürəm ki, gənc nəsil də onu unutmayacaq...
Məkanın cənnət olsun, Ramiz müəllim...
.
İradə Cəlil, dikGAZETE.com