BAKI, Azərbaycan
2020-ci il 44 günlük Vətən müharibəsi 30 illlik işğala son qoydu. Bu dövrdə Azərbaycan təkcə döyüş meydanında deyil, eyni zamanda informasiya məkanında mübarizə apardı. Cənab prezident İlham Əliyev verdiyi müsahibələr, etdiyi çıxışlarla Azərbaycan həqiqətlərini bir daha dünyaya çatdırdı və sözün əsl mənasında informasiya müharibəsində də qələbə qazandıq…
Bu gün Azərbaycan artıq qalib, suveren bir ölkədir…
Və Qarabağ, həqiqətən Azərbaycandadır… Azərbaycandır!!!
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib ki, İkinci Qarabağ müharibəsi və ondan sonra baş verən proseslər bir daha göstərdi ki, Azərbaycan dövlətinə rəhbərlik edən prezident İlham Əliyev çox uğurlu xarici siyasət sahibidir.
O, eyni zamanda praqmatik diplomatiya yürüdən şəxsiyyətdir. Təkcə Qarabağ məsələsi və yaxud Ermənistanla keçmiş münaqişə məsələsində deyil, müxtəlif istiqamətlərdə uğurlu addımlar atır.
Xüsusilə, bizim üçün prioritet və aktual məsələ olan keçmiş münaqişə ilə bağlı atdığımız addımlar bir daha bunun tam təsdiqidir.
-Xəyal Bəşirov
“İkinci Qarabağ müharibəsi dönəmində müharibənin reallaşmasından dərhal sonra o zamana qədər bu məsələlərə etinasız və laqeydlik nümayiş etdirən dünyanın aparıcı media qurumları Azərbaycana gələrək, prezident İlham Əliyevdən ard-arda geniş müsahibələr almağa çalışırdılar.
Həmin zaman qədər keçmiş münaqişə ilə bağlı Cənubi Qafqaz regionu ətrafında çox ciddi siyasi, informasiya ilə bağlı diplomatik blokada yaradılmışdı.
Erməni yalan maşını bu informasiya blokadası nəticəsində Cənubi Qafqazda baş verən proseslərin dünya ictimaiyyətindən gizlədilməsinə çalışırdı. Bu məsələdə ona dəstək göstərən Fransa kimi digər ölkələr də var idi. Hər bir halda prezident İlham Əliyev ard-arda geniş, səhih, dolğun eyni zamanda reallıqları əks etdirən fikirləri ilə həmin müsahibələrdə Ermənistan və Ermənistana dəstək göstərən qüvvələrin yaratdığı siyasi diplomatik və informasiya blokadasını darmadağın etmiş oldu və onu yardı”-deyə politoloq bildirib.
O, qeyd edib ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında düşmənin uzun illər Fransa və digər dövlətlərin dəstəyi ilə yaratdığı çoxşaxəli müdafiə blokadalarını yardığı kimi paralel olaraq prezident İlham Əliyev həm də informasiya sahəsində bu addımı atırdı.
Bundan sonra baş verən hadisələr isə, hamımıza bəllidir.
“Bu hadisələrdən sonra prezident İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyevanın müharibə bitdikdən cəmi bir həftə keçmədən həmin ərazilərə intensiv səfərlər etməsi, o ərazilərdə baş verən erməni vəhşiliyinin, vandallığının və düşmənçiliyinin nəticələrini bütün beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaları, erməni yalan maşınının darmadağın edilməsinə hesablanmışdı.
Ermənilər o zamana qədər özləri, öz orduları, öz xalqları haqqında çox saxta miflər formalaşdırmışdılar. Özlərini qədim xalq, sivilzasiyaya sahib olan qurum yaradan və sülhpərvər xalq kimi qələmə vermişdilər. Orduları haqqında məğlubedilməz ordu, sərkərdələri haqqında məğlubedilməz sərkərdə imicini mifini yaratmışdılar.
Azərbaycan bu mifi həm döyüş meydanında, həm də informasiya platformasında darmadağın etmiş oldu. Artıq dünyaya agah oldu ki, ermənilər bu 30 il ərzində həmin ərazilərdə hansı vəhşiliklərlə, hansı cinayətlərlə məşğul olublar”-deyə politoloq vurğulayıb.
Xəyal Bəşirov bildirib ki, informasiya cəbhəsində mövqeyimizi möhkəmləndirməyimiz bizim bundan sonrakı siyasi və diplomatik müstəvidəki addımlarımıza çox ciddi təsir müsbət təsir göstərmiş oldu.
Politoloq hesab edir ki, Ermənistanın 3 il ərzində artırdığı təxribat xarakterli addımlar nəticəsində Azərbaycan məcbur qalaraq, lokal xarakterli qısa müddətli antiterror tədbirləri həyata keçirdi.
“Həmin tədbirlərlə bağlı da, biz görüntüləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdıq. Hər birimiz gördük ki Azərbaycan o əməliyatları hansı dərəcədə zərgər dəqiqliyi ilə həyata keçirir.
Mülki obyektləri, səhiyyə, təhsil, tibb obyektlərini, inzibati binaları hədəfə almır, yalnız və yalnız hərbi obyektləri hədəfə alır. Bununla bağlı biz nümunə ortaya qoymaqla yanaşı, gələcəkdə bizə qarşı hansısa iddiaların qaldırılması zamanı çox ciddi hüquqi zəmin formalaşdıran mötəbər sübutlar və dəlillər əldə etmiş olduq.
Eyni zaman da biz bir daha sübut etdik ki, Ermənistan bu illər ərzində ona rəhbərlik edən şəxslər və o, cümlədən qondarma rejimin töküntüləri Azərbaycan dövlətinə və Azərbaycan xalqına qarşı müharibə cinayətləri, sülh və insanlıq əleyhinə olan cinayətlər, təcavüz, soyqırım və digər cinayətlər törədiblər”-deyən Xəyal Bəşirov əlavə edib ki, bu gün biz bu istiqamətdə də addımlarımızı davam etdiririk.
Ermənistanın Azərbaycana qarşı törətdiyi o cinayətlərlə bağlı prezident İlham Əliyev başda olmaqla, digər rəsmilərimiz dəfələrlə mötəbər kürsülərdən, beynəlxalq mötəbər tədbirlərdən mövqemizi açıqlayıb, bildiriblər ki, Ermənistan Azərbaycana qarşı terrorun bütün növlərini törədib. Urbisit, genosid, mədəni və ekoloji cinayətlərə imza atıb.
Politoloqun fikrincə, biz bu prosesləri gündəmə gətirməklə əslində gələcəkdə həm Ermənistanın Azərbaycana qarşı əsassız ittihamlarına cavab olaraq, həm də eyni zamanda düşmənin bizə bu illər ərzində vurduğu çox böyük məbləğdə zərərə qarşı iddialarımızı formalaşdırmaq üçün bu prosesləri reallaşdırmışıq.
Xəyal Bəşirov vurğulayıb ki, Azərbaycan döyüş meydanında düşməni darmadağın etdikdən sonra siyasi və diplomatik müstəvidə də düşmənin məhv edilməsinə nail olub.
“Bu siyasi və diplomatik qələbənin ən böyük, ən əsas hissəsi qondarma rejimin nəhayət ki, tarixin arxivinə qovuşdurulması oldu.
Belə ki, 200 il ərzində Azərbaycana qarşı hazırlanan və 30 ildir ki, sovet ittifaqının süquta uğramasından sonra real müstəvidə həyata keçirilməsinə cəhd göstərilən, Azərbaycana təcavüz və işğalla nəticələnən qondarma rejimin və onunla bağlı planlaşdırılmış o utopik ideaların darmadağın edilməsinə gətirib çıxaran qələbəmiz bizim mövqemizi çox möhkəmləndirdi”-deyən Xəyal Bəşirov hesab edir ki, bu proseslər bu gün də davam edir”.
.
İradə Cəlil, dikGAZETE.com