BAKI, Azərbaycan
"Neftçilər" metrosunun qarşısında köhnə geyimli, simləri qırılmış sazını çiyninə almış bir qoca avtobusa minməyə çalışırdı.
Hansı avtobusa yaxınlaşırdısa, qapıları üzünə bağlayırdlar.
O, geri çəkilir, yeni gələn avtobusu gözləyir, yenə qapıya yaxınlaşır və yenə qapılar üzünə bağlanırdı.
Yaxınlaşdım: "Dayı avtobusa qoymurlar minəsən?"
Özünü sındırmır: "Yox, ay bala, mənim avtobusum deyildi onlar. Mənimki bir azdan gələcək. Yaxınlaşıb baxıram, görürəm mənimki deyil, qayıdıram geri".
Məhəmməd dayı həyatın hər üzünü gördüyünü deyir.
Bəlkə elə buna görə də yaşını unudub.
Deyir 96 olmalıdır, amma həkimlər 100-dən artıq yaş verirlər.
Üzünün cizgiləri, əlinin qabararı, səsinin titrəməsi də qocanın dünyanın hər üzünü gördüyünün sübutudur.
"1950-58-ci illər idi. Çox ölkələr gəzirdim. Mənə Aşıq Məhəmməd deyirdilər. Gözəl səsim vardı. Çox pullar qazanırdım. Ən çox Batumda dəyər verirdilər mənə. Bir də Ukraynada. Cavanlığımada Ukrayna qızları ölürdü səsim üçün. Buraxmırdlar məni, qayıdım. Amma gəlməliyəm də. Axı bura vətəndir. İnsan harasa getsə də, vətəninə dönməlidir", —deyir.
Məhəmməd dayı Bakıda bir tanışının evində qaldığını bildirir.
İllərin tanışı olduğu üçün, ondan kirayə pulu da almır.
Qoca da hər səhər köhnə sazını çiyninə atıb, orda-burda dınqıldadır, çörək pulunu qazanır.
Bu yaxında polislər də tutub aparıbmış qocanı. Sonra görüblər, zərərsizdir, təkdir, buraxıblar.
Qocanın sözlərinə görə, Ağdərə döyüşlərində də iştira edib.
Başından yaralanandan sonra bir müddət psixoloji sarsıntı keçirib.
Sonra köçüb gedib Azərbaycandan.
Düşünüb ki, bəlkə başqa ölkədə döyüşlərdə yaşadıqlarını unudar.
"Hərdən yoldaşım üçün də saz çalıram. Qulaq asır. Amma qocalmışıq da. Mən çox qabiliyyətli sənətkar idim. Dörd dil bilirəm: erməni, gürcü, rus, polyak dillərini. Məni ermənilər yaxşı tanıyırdılar. Səsimə heyran idilər. Həm də gözəl yazmaq bacarığım vardı. Mənim üçün bir "Pribaltika" gözəl idi, bir də Bakı. Ona görə də Azərbaycana qayıdandan sonra Bakıya gəldim və bura da saz çala-çala özümü, yoldaşımı dolandırıram", —deyir dayı.
Ara-sıra dediyi sözləri unutsa da, deyir ki, əslən gəncəlidir.
Gəncəni sevsə də, Bakını Gəncədən çox sevir:
"Mənim də günlərim olub Gəncədə. Gözəl qələmim vardı. Jurnalistlər məndən müsahibə alardılar. Sonra dedim, daha çox qazanım, başladım ölkələri gəzməyə. Bir də baxdım, yaş keçib. 4 ildir qayıtmışam Vətənə".
Məhəmməd dayının dediyinə görə, oğlanları Rusiyada yaşayır.
Atalarını demək olar ki, yada salmırlar.
Qoca deyir ki, heç onlara ehtiyacı da yoxdur:
"Onlar özlərini dolandırsınlar, mənə köməkləri lazım deyil. Qızlarım da var — Şamxorda (Şəmkir —red.) yaşayırlar. Onlarla da çox əlaqəm yoxdur. Qoy, özləri üçün yaşasınlar. Mən burada çox pul qazanıram. Yoldaşımla mənə çatır. Düzdür, ara-sıra polislər məni aparır, amma döymürlər, tez buraxırlar. Bilirlər, heç kimim yoxdur”.
Çox qürurlu qocadır.
Soruşuram, "bu gün pulun olub?”.
Cavab verir: "Hər gün çox pulum olur, istəsən, sənə 10 min də verərəm. Amma bu gün olmayıb. Amma olar da. Axşama çörək aparmalıyam yoldaşıma".
Sağollaşanda deyir ki, "həmişə burada oluram — Neftçilər metrosu yaxınlığında, hamıya de ki, orada qoca şair, aşıq var. Qoy gəlsinlər yanıma səsimi, sazımı dinləsinlər. Bəlkə kömək də edən olar”.
.
İradə Cəlil, dikGAZETE.com
-2016-