?>

İnanırsınız, anam Cəbrayıl deyə-deyə dünyasını dəyişdi..

İradə Cəlil

4 yıl önce

BAKI, Azərbaycan

Bir neçə gün öncə Azərbaycan Ordusunun əzmkar mübarizəsi nəticəsində 27 ildən çoxdur ki, işğal altında olan Cəbrayıl rayonu işğaldan azad edildi. 

Bu barədə ölkə başçısı İlham Əliyev öz "Twitter" hesabında xalqı məlumatlandırdı.

Bu qələbəyə bütün Azərbaycan sevindi, Cəbrayıldan məcburi şəkildə köçkün düşmüş şəxslərin sevincisə yerə-göyə sığmırdı. 

Axı düz 27 ildir ki, ata-baba torpaqlarından uzaq düşüblər.

Cəbrayıl rayon Mahmudlu kənd sakini Firudin Quliyevin sevincini bölüşüb.

-Ramana kəndində yaşayan Cəbrayıllı məcburi köçkünlər

Ramana kəndində, 31 saylı yataqxanada yaşayan Firudin Quliyev 27 ildir ki, Vətənindən uzaq düşüb. 

Bu gün də doğulub, boya-başa çatdığı Cəbrayıl rayonu Mahmudlu kəndini həsrətlə xatırlayır.

Deyir ki; Mahmudlunun düşmən işğalından azad edilməsi xəbərini eşidəndə sevincindən qol götürüb oynayıb:

"Ölkə başçısının yazdığı mesajları oxudum. Elə bildim, dünyanı mənə verdilər. Bəlkə, həyatımda bu qədər sevinməmişdim".

-Ramana kəndində yaşayan Cəbrayıllı məcburi köçkünlər

F.Quliyevin sözlərinə görə, yurd-yuvasından çıxandan sonra 5 il Hacıqabulda yaşayıb. 

Sonralar Bakıya gələn ailə Ramana qəsəbəsində məskunlaşıb:

"İnanırsınız, anam Cəbrayıl deyə-deyə dünyasını dəyişdi. 

81 yaşlı qoca atam var. Gedib demişəm ki, Cəbrayıl işğaldan azad edilib. 

O qədər sevinib ki. Cəbrayıl hamımızın arzusu idi".

Hazırda 11 nəfərdən ibarət olan Quliyevlər ailəsi yataqxanada, 2 otaqda yaşayır. 

Ailədə dörd Azərbaycan əsgəri böyüyür.

F.Quliyevin qızı da bir müddət əvvəl həyat yoldaşından ayrılaraq, atasının evinə sığınıb.

-Ramana kəndində Cəbrayıllı məcburi köçkünlərin yaşadığı yataqxana

Çəkdikləri çətinliklərə baxmayaraq F.Quliyev düşünür ki, izn veriləndən sonra Cəbrayıla getsin. 

Deyir ki, orada ata-babalarının məzarları qalıb, onları ziyarət edəcək: 

"İnanın, bu gün desələr ki, yol açıqdır, gedin, düşünmədən gedərəm. Dişimlə-dırnağımla evimi tikərəm, övladlarımı da yığaram başıma, heç kimə, heç nəyə ehtiyacım olmaz. 

Hamı bilir biz Cəbrayıllılar necə zəhmətkeş insanlarıq".

Gözləri dolur Firudin kişinin, amma deyir, bu, sevinc göz yaşlarıdır:

"Heç kim yurd-yuvasını, qurulu evini atıb çıxmaq istəməz. 

Biz pis yaşamırdıq Cəbrayılda. 

Amma inanın, heç nə götürə bilmədik. Həyata yenidən - sıfırdan başladıq"...

Firudin Quliyevin nəvəsi Humay Quliyeva 78 saylı məktəbin 6-cı sinfində oxuyur. 

Deyir ki, həyatda ən böyük arzusu Cəbrayıla getməkdir: 

"Mən Cəbrayılın ancaq adını eşitmişəm. Ancaq anam, babam çox danışıb. 

Mən də gedib oranı görmək istəyirəm".

Ailənin oğul nəvələri isə Azərbaycanı çox sevdiklərini və Vətən uğrunda mübarizəyə daim hazır olduqlarını dilə gətirdilər.

.

İradə Cəlil, dikGAZETE.com

-Fotolar: İradə Cəlil-

YAZARIN DİĞER YAZILARI