?>

Görünən odur ki, Azərbaycanın bağlı qalan quru sərhədlərinin tezliklə açılması sual altındadır

İradə Cəlil

1 yıl önce

BAKI, Azərbaycan

2019-cu ilin sonları bütün dünya koronavirus pandemiyası ilə çalxalanmağa başladı. “Ölümcül virus” olan bu xəstəlik milyonlarla can aldı. Ölkələr xəstəliyin yayılmaması üçün sərhədlərini bağladılar. Aradan 3 il keçdi, dünya bu virusu da “yendi”...

Dünyanın əksər ölkələrinin bu gün quru sərhədləri açıqdır. Azərbaycan isə, hava yollarını açsa da, quru sərhədlərini açmaq niyyətində deyil.

Maraqlısı budur ki, sərhədlərin bağlı qalma səbəbi hələ də artıq tarixə qovuşmuş "koronavirus pandemiyası" ilə əlaqələndirilir.

Bəs əslində baş verən nədir? Niyə sərhədlərimiz bağlı saxlanılır?

“Sərhədlərin bağlanma səbəbini hamı bilir. Bu koronavirus pandemiyası ilə başlamışdı. Həm quru, həm də hava sərhədləri bağlanmışdı.

Dünya bununla normal mübarizəyə başlayandan sonra həyat öz məcrasına qayıtdı. Azərbaycan da digər ölkələr kimi hava sərhədlərini açdı. Hazırda bu məsələdə heç bir problem yoxdur”.

Bu barədə Milli məclisin deputatı Vüqar İsgəndərov danışıb.

Deputat qeyd edib ki, heç bir ölkə, dövlət, hökümət sərhədlərinin bağlı olmasını istəməz.

Bu məsələ insanların narahatlığına səbəb olur. Çünki hamı hava nəqliyyatı ilə uçmur. Həm də dövlətin iqtisadi gəlirlərinə böyük təsir göstərir. Yəni dövlət bu mənada qazanmır.

-Vüqar İskəndərov

Deputatın fikrincə, əgər bu gün sərhədlər bağlıdırsa, demək digər nüanslar da mövcuddur.

“Bu gün Azərbaycan dövlətinin ali məqsədi vətəndaşının salamatlığı, vətəndaşının sağlam olması, vətəndaşının layiqli şəkildə və təhlükəsiz yaşamasıdır.

Dövlət bütün bu iqtisadi çətinlikləri nəzərə alırsa, hətta digər gəlirlərini itirmək bahasında olsa belə, sərhədləri bağlı saxlayırsa, deməli digər nüanslar da var”,- deyən deputat vurğulayıb ki, Azərbaycan həssas bölgədə yerləşir və Azərbaycanın sərhədlərində özü də istəmədən yaranmış problemlər var.

Bu problemlər Ermənistanla var. Qazaxın kəndlərindən başlayaraq, Naxçıvan tərəfə qədər Ermənistanla sərhədlərimiz bağlıdır.

“Amma burda biz İranı da unutmamalıyıq. İranın xarici siyasətdə Azərbaycanla bağlı olan münasibətləri pisdir. Bunun səbəbi də İrandır. İranın belə məkrli siyasəti sayəsində bu kimi problemlərin yaranması da, dövlət daxilində də qayğılar yaradır. Hələ istədiyimiz səviyyədə münasibətlər formalaşmayıb, hələ də Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etməyib, diplomatlarımız orada deyil. Hələ də İranla problemlər qalır”-deyən deputat bildirib ki, artıq xarici işlər nazirləri səviyyəsində, digər müfaviq orqanlar səviyyəsində danışıqlar gedir.

Vüqar İsgəndərovun fikrincə, Azərbaycan tərəfi də İrandan rasional qərarlar verməsini və həmin atdımların atılmasını gözləyir.

Azərbaycan gözləyir ki, İran cinayət törədən terrorçunu düzgün mühakimə edəcək, sifarişçilər tapılacaq, Azərbaycan səfirliyinin fəaliyyəti ilə bağlı zəmanət veriləcək. Və digər səbəblər də var ki, bunlar açıqlanmır.

Deputatın fikrincə, bu və ya digər səbəblərlə sərhədləri bağlı olan digər ölkələr də var. Amma biz Azərbaycanı heç bir ölkə ilə müqayisə etməməliyik.

Azərbaycanın geosiyasi vəziyyəti, digər problemləri, İranla bağlı olan məsələ, Rusiya sərhədləri və s. dövlət tərəfindən nəzərə alınan məsələlərdir. Bu məsələlər həllini tapandan sonra, çox da gec olmayan bir zamanda Azərbaycan quru sərhədlərini də açacaq. Bütün məsələlər öz məcrasına düşəcək”-deyə deputat əlavə edib.

P.S. 

Görünən odur ki, bu dəyirman hələ çox su aparacaq. Yəni tezliklə sərhədlərin açılması sual altındadır. Çünki sərhədlərin bağlı qalma səbəbləri arasında İranRusiya faktorları varsa, bu uzun illər davam edə bilər. Xeyirlisi.

Reallıq isə budur ki, təyyarə biletlərinin satışından hər gün milyonlarla pul qazanılır. Bəlkə də səbəb bizə deyildiyi qədər də mürəkkəb deyil və xalqa verilən bütün işgəncələrin məqsədi pula bağlıdır. Belə olmasaydı, heç olmasa, təyyarə biletlərinin qiymətini endirərdilər. Halbuki AZAL hətta xarici şirkətlərə də bizim vətəndaşlara ucuz bilet satmağı qadağan edir.

Ataların bir misalı var: “yeməkdənsə, ümid yaxşıdır”. Ümidinizi qoruyun.

.

İradə Cəlil, dikGAZETE.com

 

 

.

YAZARIN DİĞER YAZILARI