?>

Dünyanın nəhəng banklarının iflasının səbəbi nədir?

İradə Cəlil

2 yıl önce

BAKI, Azərbaycan

- Dünyanın nəhəng bankları müflisləşir: Azərbaycan banklarını nə gözləyir?

Bir neçə gün əvvəl, “Silicon Valley Bank”ın (SVB) ardınca Nyu-Yorkda yerləşən Signature Banka da qəyyum təyin edilib.

Signature Bank”-ın 31 dekabr 2022-ci il tarixinə təxminən 110,4 milyard dollar aktivi və təxminən 88,6 milyard dollar depoziti var və bank ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyasında (FDIC) sığortalıdır.

Qeyd edək ki, SVB bu il iflas edən ilk FDIC sığortalı qurum idi.

Kaliforniyada yerləşən SVB 21 milyard dollarlıq istiqraz mövqeyini təxminən 1,8 milyard dollar itki ilə bağladıqdan və 2 milyard dollardan çox kapital cəlb edəcəyini elan etdikdən sonra səhm qiyməti 60 faizdən çox düşdü. 

Bəzi vençur kapitalı investorları şirkətlərə pullarını bankdan çıxarmağı tövsiyə etdikdən sonra bank itirməkdə davam etdiyi üçün onun fəaliyyəti dayandırıldı. 

FDIC martın 10-da SVB-yə müvəkkil təyin edildiyini açıqlasa da, bu, bazarlarda enişə səbəb oldu və SVB-nin bu il iflas edən ilk FDIC sığortalı qurum olduğu qeyd edildi. 

SVB-nin iflası 2008-ci il qlobal maliyyə böhranından sonra ABŞ-da qeydə alınan ən böyük iflaslardan biri idi.

Qeyd edək ki, ən böyük iflas 2008-ci il böhranı zamanı Washington Mutual şirkəti tərəfindən yaşanıb. Martın 13-ü “Signature Bank” üçün oxşar sistem risk vəziyyətini elan edilib.

- Dünyanın nəhəng banklarının iflasının səbəbi nədir?

Bu sualı iqtisadçı Pünhan Musayev cavablandırıb.

O, qeyd edib ki, 20 illik deflyasiya konyukturasının, beləliklə də “ucuz pul” erasının sonunun gətirdiyi nəticələrdən biridir. Bir il əvvəl dünyada aşağı faizlə pul emissiyası dönəminin bitməsinə start verildi. 

Prosedur bir ildir ki davam etməkdədir və bu davam etdikcə də iflas və defoltlar gözlənilirdi. Həm də təkcə qurumlar üzrə yox, ayrı-ayrı iqtisadiyyatların da tənəzzülə məruz qalacağı proqnozlaşdırılırdı.

Əsas diqqətlər daşınmaz əmlak, inşaat sektoruna yönəlsə də, əlamətlər özünü bank sektorunda biruzə verdi. İnflyasiya orqanik mənşəli yox, qlobal pozulmadan qaynaqlı olduğundan hələ də yüksək gözlənildiyi üçün faizlərin enişi yaxın perspektivdə real görünmür. 

Dünyanın aparıcı Mərkəzi bankları da (FED, Avropa və İngiltərə) hər açıqlamada, hədəf inflyasiyaya nail olmaq üçün uzun yolun olduğunu bildirərək, bir növ buna eyham vururlar.

-Pünhan Musayev

“Düzdür, bu o demək deyil ki, inflyasiyada hədəf nöqtəyə dönmək mümkünsüzdür, lakin bunun nə zaman olacağı məlum deyil. Bunu dövlətlərin ixrac etdiyi 2 və 10 illik istiqraz dərəcələri arasındakı fərqdən də görmək mümkündür. 

Hansı ki, hazırda iki illik faizlərin onillik faizləri üstələməsi həm də faiz enişinə dair qeyri-müəyyənliyin böyük olmasından irəli gəlir. Bu ona görə belədir ki, iqtisadiyyatda gözləntilər alınır, reallıqlar isə satılır. Məsələn, gözlənti yaxşıdırsa şirkətlərin səhmləri alınacaq və bu yaxşı gözlənti aradan qalxdıqda səhmlər satılacaq.

ABŞ bank sistemində baş verənlər də buna uyğun nümunədir. İlk baxışdan son (SVB) iflas startapçıların banka qoyduqları əmanətlərin çəkilməsi ilə əlaqələndirilsə də, məzmun göründüyü qədər sadə deyil. 

Düzdür, faiz dərəcələri artdıqca bütün riskli aktivlər kimi, kriptovalyutalarda da dəyər itkisi qeydə alındı ki, bu da bankın nəinki əmanət yarada bilməsini ləngitdi, hətta mövcud depozitlərin də çəkilməsinə səbəb oldu. Ancaq, məsələ bununla da bitmir.

Birincisi, depozit qaçışları əksər hallarda səhm satışı ilə nəticələnir. Öz növbəsində səhm satışları da əmanət qaçışlarını daha da sürətləndirir və bu sprilavari hərəkətlə iflasa səbəb olur. 

Xüsusən də, riskin düzgün idarə edilmədiyi, diversifikasiyaya tam əməl olunmadığı vəziyyətdə bu qaçınılmazdır. Hansı ki, SVB-dəki 60% səhm ucuzlaşması bundan irəli gəlirdi”-deyə iqtisadçı bildirib. 

Onun sözlərinə görə, ən əsası, bankların qazancı qısamüddətli borc alıb uzunmüddətli yatırım etməklə formalaşdığına görə, hazırki qısa dövr faizlərin uzun dövrü faizləri üstələməsi bankların qısamüddətdə daha yüksək borclanıb uzunmüddətə daha az qazanmasına, yəni faiz marjının azalmasına və bununla da zərərin ortaya çıxmasına səbəb olur.

İqtisadçının fikrincə, bank sektorunda pulun yaranmasının özünəməxsus fəlsəfəsi var – öncə kredit, sonra depozit. 

Son iflas edən bank da yeni başlayan startapçılara kredit verdikcə öhdəliklərini də tələb olunan depozitlərlə doldurmuşdu.

Bank beləliklə, “core liabilities” (baza öhdəliklər) adlı depozitlərə yönəlmişkən, aktiv hissəni qısamüddətli xəzinə istiqrazları ilə tamamlayırdı. 

Faizin artma işartıları (inflyasiya, mərkəzi bank açıqlamaları) “qatılaşdıqca” da bu qiymətli kağızlar devalvasiyaya uğradı və bank tab gətirə bilmədiyi zərərlə defoltunu elan etdi.

“Ancaq, yenə də vəziyyətin 2008-ci ildəki kimi sistem çöküşü və dərin maliyyə böhranına səbəb olacağı gözlənilən deyil.

Birincisi, o dövr sistem ipoteka bazarının çöküşü ilə tənəzzülə düşmüşdü, indi məsələ inflyasiya-faiz yarışından irəli gəlir. İkincisi, SVB hər nə qədər aparıcı bank hesab olunsa da, “Lehman Brothers”dən fərqli olaraq ABŞ maliyyə sistemində lokomotiv deyildi. Sadəcə, iflas 2008-ci ildə “Washington Mutual”-ın çöküşündən sonra ilk belə hal olduğu üçün ajiotaja səbəb oldu.

Eləcə də, o dönəm sistemdə “iflas etməyəcək qədər böyük olma” eyforiyası var idi. İndi o dönəmlərə nisbətən kapital tələbləri bir qədər sərtləşib, maliyyə qurumlarına himayədarlıq səviyyəsi yüksəlib. Ən azı, 2001-ci ildəki xəfif keçən “dotcom” krizindəki kimi FED də narahat olmamağa çağırır.

Yaxşı ki də belə çərçivələr var və ümid edək ki faydasını verəcək. Əks halda, problem təkcə ABŞ-la yekunlaşmayıb, bütün dünyaya yayıla bilər. Hansı ki, 2008-ci il böhranı bunun əyani təsviri idi.

Yeri gəlmişkən, o böhranı qabaqcadan proqnozlaşdıran Nuriel Rubini açıqlamalarının birində vəziyyəti bu cür təsvir etmişdi: ABŞ asqırdıqda bütün dünya soyuqlayır”-deyə qeyd edən Pünhan Musayev bildirib ki, baş verəcək mümkün böhranın digər ölkələrə yayılması isə regiondan regiona, iqtisadiyyatdan iqtisadiyyata dəyişir. 

Yəni təsir iqtisadiyyatın qlobal və amerika mərkəzli sistemə inteqrasiya növünə, dərəcəsinə görə dəyişə bilər. Məsələn, indiki halda təsirlər AvropaAsiyanın inkişaf etmiş bazarlarında daha tez sirayət edir, nəinki getdikcə sistemdən tədric olunan Rusiya və İran iqtisadiyyatına.

Ekspert bildirib ki, bu “təsir etməz” demək deyil. Lakin, bu müəyyən zaman ala bilər. 

Onun fikrincə, Azərbaycan iqtisadiyyatı üçün abu-hava bir qədər fərqlidir. Baxmayaraq ki, Azərbaycan iqtisadiyyatı sistemdən təcrid olunmayıb, ancaq enerji sektorundan asılılıq təsirlərin müəyyən dəhlizdə biruzə verməsinə səbəb olur.

Hansı ki, son çöküş neft bazarlarında da mülayim enişə səbəb olub.

“Hadisələr daha uzun dövrə qədər davam etsə, bu ciddi problemlərə səbəb ola bilər, 2015-ci il devalvasiyasındakı kimi. Ona qədər də qlobal maliyyə sabitliyi pozulmuşdu. Oxşar qənaətə bank sektoru üzrə də gəlmək olar. Çünki Amerikadan fərqli olaraq, bizdə bank sektoru real sektorla müştərək deyil, real sektor üçün çalışır.

Bu ölçüləri nəzərə alsaq, indiki halda, bunun Azərbaycan iqtisadiyyatında hansısa kəskin gərginliyə səbəb olacağını ehtimal etmirəm. Buna baxmayaraq, effektiv maliyyə mühiti formalaşdırmaq yolunda bu dalğalanmaları öyrənib, onlardan müəyyən dərs çıxarmaqda fayda var”-deyə Pünhan Musayev əlavə edib.

.

İradə Cəlil, dikGAZETE.com

YAZARIN DİĞER YAZILARI