BAKI, Azərbaycan
Hicri təqviminə görə Məhərrəm ayı başlayır.
Hər il Azərbaycanda bu ay xüsusi formada keçirilir.
Məhərrəm ayının 10-cu - Aşura günündə Müsəlmanlar pirlərə, ziyarətgahlara axışır, Kərbəla hadisələrinin ildönümünü qeyd edirlər.
Bu il isə koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə məscidlər, ziyarətgahlar, pirlər ziyarətçilərin üzünə bağlıdır.
Bəs inanclı insanlar, Müsəlmanlar Məhərrəmlik mərasimlərini necə keçirə bilərlər?
Bu məsələni araşdırıb.
İlahiyyatçı Mircəfər Əyyubov bildirib ki, bu il Məhərrəm ayı, Məhərrəm əzadarlığı pandemiya dövrünə təsadüf etdiyindən dinə bağlı insanlar iki yol arasında qalıblar:
"Məhərrəm əzadarlığı gənclərdə vətənpərvərliyi, şəhidlik, zalımın zülmünə qarşı çıxmaq, məzlumun yanında olmaq, sevməyi bacarmaq kimi hissləri aşılayır.
Bu ayinlərin, mərasimin keçirilməsi vacibdir.
Amma digər tərəfdən, ölümlərə səbəb olan, bəşəriyyəti ağuşuna alan koronavirus pandemiyası var.
Həm də virusun insanların daha çox toplaşdığı qapalı məkanlarda yayılma riski böyükdür.
Biz nə Məhərrəmliyi rədd edə bilərik, nə də insanları toplaşmağa çağıra bilərik".
İlahiyyatçı bildirib ki, bu səbəbdən də insanlar dini ayinləri, çalışmalıdırlar ki, öz evlərində, ailə üzvləri ilə keçirsinlər.
"Operativ Qərargahın qərarı ilə məscidlər, ziyarətgahlar qapalıdır. Məhərrəmlik mərasimini hər gün görüşdükləri ailə üzvləri ilə keçirmək tövsiyə edilir. Eyni zamanda Məhərrəmliyi simvolizə edən qara geyimlər geyinmək, əyləncələrdən uzaq olmaq, sosial şəbəkələrdə diqqətli olmaq tövsiyə edilir", - deyən ilahiyyatçı jurnalistlərə də mesaj göndərib.
O vurğulayıb ki, bu il vəziyyəti nəzərə alıb KİV Məhərrəm ayına, bu ayda baş verənlərə yer ayırsa, yaxşı olar.
İlahiyyatçı Murad Paşazadə isə bildirib ki, Məhərrəm ayı 4 haram aydan biridir:
"Məhərrəm ayında savaş etmək, müharibələrə qoşulmaq, qan tökmək, şadyanalıq etmək və bu kimi əməllər qadağandır və bunları edən zaman insana böyük günah yazılar.
Qurani-Kərimdə Tövbə surəsi 36-cı ayədə buyurulur: Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri 12 dir.
Onların 4-ü - Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm - haram aylardır. Bu, doğru dindir"
Onun sözlərinə görə, Müsəlmanlar bu ayda Peyğəmbər nəvəsi Hz. Hüseyn Aşura günü (Yəni Məhərrəm ayının 10-cu günü) şəhid olduğu üçün toy-nişan etməzlər, çünki bu ayda bəşər tarixində böyük faciə baş verib, Peyğəmbərimizin nəvəsi 72 nəfərlə birlikdə şəhid olub.
İlahiyyatçı vurğulayıb ki, Aşura günü zəncir vurmaq, bədənə xəsarət yetirmək olmaz, İslam dini belə işləri bəyənmir.
"Artıq neçə illərdir, Qafqaz Müsəlmanları idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə insanları özlərinə zülm etməməyə çağırır, bədənə xəsarət yetirməyin böyük günah olduğunu insanlara çatdırır və bu səbəbdən məscidlərdə və müəyyən yerlərdə qanvermə aksiyası keçirilir", - deyə o bildirib.
M. Paşazadənin sözlərinə görə, bu il pandemiyaya görə məscidlər bağlıdır.
İlahiyyatçılar ayinləri sosial şəbəkə vasitəsilə yerinə yetirəcəklər, evdə olan inanclı insanlar da oraya baxıb evdə ayinləri icra edə bilərlər:
"Bu, 10 gün ərzində mütəmadi davam edəcək".
Aşura günündə əl yumamaq, yemək yeməmək kimi inanclara gəldikdə isə ilahiyyatçı qeyd edib ki, İslam dinində belə inanclar yoxdur və din bu qeyd edilənləri qəbul etmir.
.
İradə Cəlil, dikGAZETE.com