BAKI, Azərbaycan
Bu gün hər kəs ön cəbhəyə yardım etməyə çalışır.
Bəzən adi vətəndaşların sosial şəbəkələrdəki yardım çağırışına anında yüzlərlə vətənpərvər müsbət reaksiya verir.
Vətəndaşlar yardımlar toplayır, cəbhə bölgəsinə gedirlər.
Eyni zamanda şirkətlər, restoranlar Silahlı Qüvvələrə yardım fonduna yardım edirlər.
Kristal Abşeron tikinti şirkətinin marketinq şöbəsinin rəisi Rəşad Qurbanov qeyd edib ki, şirkət Silahlı Qüvvələrə yardım fonduna 200 min manat yardım edib.
"Bu, bizim ilk yardımımız deyil. Dövlətimizin, ölkəmizin hər bir anında yanındayıq. Bu, bizim yardımların görünən tərəfidir.
Şirkətin rəhbərliyi etdiyi yardımların açıqlanmasının tərəfdarı olmadığı üçün, etdiyimiz çox işləri gizli saxlayırıq. Bu gün isə hamı bir olmalıdır".
Foto: İrade Celil, ön cəbhəyə göndərilən yardım...
Emin Tarverdiyev də ön cəbhəyə yardım edən şəxslərdəndir.
O qeyd edir ki, bir neçə gün əvvəl Füzuli rayonuna ön cəbhəyə yardımlar aparıb.
"Biz rayonların ərazisindən keçdikcə, qürur hissi yaşayırdıq. Təsəvvür edin, uşaqlar əllərində bayraqlar yol kənarında durub. Bölgələrin sakinləri də boş dayanmır. Kimin nəyə gücü çatırsa, yardım edir. İmkanı olmayan şəxslər yolları təmizləyir", - deyən E.Tarverdiyev qeyd edib ki, yenidən yardımlar toplayaraq cəbhə bölgəsinə gedəcək.
Onun sözlərinə görə, yardımlara hər kəs imkanından asılı olaraq qoşulur.
Yəni 1 manatı olan bir manat, 1000 manatı olan 1000 manat yardım edir:
"Biz bu gün arxa cəbhədə yardım edirik. Ali Baş Komandanın əmrini gözləyirik. Ehtiyac olarsa, ön cəbhədə döyüşəcəyik”.
Ramil Vəliyev də cəbhə xəttinə yardım toplayan şəxslərdəndir:
"Vallah, işdə oturmağa utanırıq. Bəs niyə bizi çağırmırlar, yaşımız düşür, müraciət də etmişik.
Buna görə də iş yoldaşları Səlim Hacıyev və Heydər İmanquliyevlə qərar verdik ki, yardım toplayaq əsgərlərimiz üçün.
Kimin nəyə gücü çatır, qoşulsun bizim kampaniyaya. Tanımadığımız insanlar bizə qoşulurlar. Bu, çox qürurvericidir".
Onun sözlərinə görə, əsgərlərimiz üçün əsasən siqaret, tibbi ləvazimatlar, qida və alt geyimləri toplanır.
Foto: İrade Celil, ön cəbhəyə göndərilən yardım...
Müğənni Elçin Şəfizadə könüllü şəkildə müraciət etsə də, ön cəbhəyə aparılmadığı üçün, cəbhəyə yardım kampaniyasına başlamaq qərarı verib:
"Mən hər zaman bacardığım qədər kömək etməyə çalışıram.
Ancaq müharibə başlayandan əsgərlərimiz üçün yardımlar toplayıb apardım. Vallah qürurverici hissdir.
Gözlərim yaşarır. Bizim xalqımız güclü xalqdır, vətənpərvərdir. Kaş hamı əlindən gələn yardımı etsə".
Pərvin Dunusov da ön cəbhəyə yardım toplayan vətəndaşlarımızdandır.
Onun sözlərinə görə, topladıqları yardımı Tərtər bölgəsinə aparacaqlar:
"Vətən, Vətən sağ olsun! Ürəyimiz ancaq vətən üçün döyünür".
Qeyd edək ki, Ali Məhkəmənin hakimləri və əməkdaşları vətəndaş fəallığı və orduya dəstək nümayiş etdirərək mütamadi olaraq əməkhaqlarının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürürlər.
Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna 120 min manat məbləğində pul vəsaiti köçürüblər.
Foto: İrade Celil, ön cəbhəyə göndərilən yardım...
Bakı Tekstil Fabriki isə cəbhəyə 70 min manatlıq yardım göndərib.
Fabrikin direktoru, Azərbaycan Qadın Sahibkarları Assosiasiyasının sədri Səkinə Babayeva bildirib ki, əsgərlərimiz üçün alt paltarları, corablar istehsal edilərək göndərilir.
Həmçinin cəbhəyə yardım üçün fabrikdən mal alan əhaliyə həmin istehsal edilmiş mallar maya dəyərinə satılır:
"Biz bu addımı ona görə atmışıq ki, cəbhə bölgəsinə yardım etmək istəyənlərin bu niyyətinə dəstək olaq. Biz cəbhəyə yardım üçün alınan mallardan heç bir mənfəət gözləmirik."
Azərbaycanın minlərlə vətəndaşı cəbhə bölgəsində düşmənlə üz-üzə duran əsgərlərimizə yardım etməyə çalışır.
Bu gün şəhərin küçələrində, evlərin eyvanlarında, avtomobillərdə müqəddəs Azərbaycan və Türkiyə bayraqları dalğalanır...
Sentyabrın 27-dən Ermənistan-Azərbaycan təmas xəttində başlayan hərbi əməliyyatlar hamıda mübarizə ruhunu oyadıb.
Kimi ön cəbhədə, kimi isə arxa cəbhədə Azərbaycanın torpaqlarının bütövlüyü uğrunda mübarizə aparır.
Bu gün şəhərin küçələrində, evlərin eyvanlarında, avtomobillərdə müqəddəs Azərbaycan və Türkiyə bayraqları dalğalanır.
Sosial şəbəkələrdə isə mağazalarda bayraqların qiymətlərinin bahalaşması ilə bağlı müzakirələr yer alır.
Şəbəkə istifadəçiləri bayraqların qiymətinin 2-3 dəfə bahalaşdığını iddia edirlər.
Təbii olaraq, mağazalardan agentliyə bildiriblər ki, bayraqların qiymətində heç bir dəyişiklik olmayıb.
Bununla belə, bəzi mağazalarda bayraq satışı dayandırılıb.
Mağazalar bunun səbəbini anbarlara yeni malların gətirilməməsi ilə izah ediblər.
Satıcıların sözlərinə görə, hər gün vətəndaşlar bayraq üçün müraciət edirlər.
Amma bayraqların qiymətində heç bir artım olmayıb.
Satıcılar hazırda anbarlarda bayrağın olmadığını da qeyd ediblər.
Qiymətlərə gəlincə, masaüstü bayraqlar 3 manat, otaq üçün böyük ölçülü bayraqlar isə 25-90 manat arasında satılır.
.
İradə Cəlil, dikGAZETE.com