BAKI, Azərbaycan
-Azərbaycanın dövlət büdcəsi daha etibarlı qaynaqlara əsaslanırmı?
2023-cü il 01 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 16 milyard 151 milyon manat və ya 2023-cü il üzrə proqnozlaşdırılan ÜDM-in 14,5 faizini təşkil edib.
Başqa sözlə, 10 milyon 148 min nəfər əhalisi olan Azərbaycanda adambaşına 1591 manat dövlət borcu var.
Yəni hamımız borcluyuq, həm də nə az, nə çox, düz 1591 manat…
İqtisadçı Pünahn Musayev bildirib ki, ölkənin ümumi dövlət borcu dövlətin maliyyə öhdəliklərini əks etdirir və nəzəri cəhətdən dövlət büdcəsində xərclərin gəlirləri üstələdiyi, yəni büdcədə defisit yarandığı zaman ehtiyac duyulur.
Büdcədə yaranan boşluğun vergiləri artırmaq yolu ilə doldurulması bir çox hallarda ictimai narazılığa səbəb olduğundan, dövlətlər xidmət və layihələrə sərf etdiyi məsrəfləri məhz borclanma yolu ilə qarşılayırlar.
Bundan əlavə, borclanma təkcə xaricdən kredit və ya digər kanallarla vəsait cəlb etməklə məhdudlaşmır, digər tərəfdən maliyyə bazarlarının inkişafı arasında tamamlayıcılıq yaradır.
Belə ki, hökumətlər daxili bazardan borclanmaq üçün əksər hallarda istiqraz, veksellər kimi müxtəlif alətlərdən istifadə edir ki, bu da investisiya mühitini təkmilləşdirən faktorlardandır.
Bu üsul həm də boşda qalan izafi vəsaitlərin strelizasiyasına da səbəb olur.
-Pünhan Musayev
“Mütləq rəqəm ifadəsində borc özü konkret anlam kəsb etmir. Məsələn, dünya praktikasına nəzər salsaq, Britaniya və Almaniya eyni məbləğdə borca sahib olsalar da, borcun ÜDM-ə nisbəti Britaniyada 100%-dən yüksək olduğu üçün bu məsələ ingilislər üçün ciddi problem hesab olunur.
Azərbaycanın isə dövlət borcunun proqnozlaşdırılan ÜDM-ə nisbəti orta dünya göstəricisindən aşağıdır – 14.5%.
Digər əsas məqam ondan ibarətdir ki borca dair məlumatda da bildirildiyi kimi, borcun əsas hissəsi büdcə kəsrini maliyyələşdirmək və borc bazarını inkişaf etdirmək məqsədilə buraxılan istiqrazlardan ibarətdir.
Əslində, kəsir baxımından dövlət büdcəsi saldosuna baxdıqda mənzərədə bir qədər qeyri-müəyyənlik müşahidə olunur”-deyə iqtisadçı qeyd edib.
Onun sözlərinə görə, uzun illərdir ki, büdcə 11 ayı artıqlıq, ilin sonuncu ayını isə kəsrlə başa vurur.
Bu da növbəti il Maliyyə Nazirliyindən lazımi vəsait cəlb etməkçün büdcə təşkilatlarının sovetlərdən qalma “ənənəyə” sadiq qalmasının nəticəsidir.
Əks halda, bizim kəsrdən irəli gələn ciddi bir borclanma qayğımız yoxdur deyə bilərik. Ancaq, qeyd etdiyim kimi, borc həm də müəyyən vəsaitin sterilizasiyası üçün vacib alət olduğuna görə, həm də qiymətli kağız bazarının inkişafına təkan verməkdədir.
“Müqayisə aparsaq görərik ki, “Dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddət üçün Strategiya”nın icra olunduğu son 4 ildə xarici borcun məbləği 3 milyard dollar azaldığı halda, daxili borclanmada 3.5 milyard manat artım qeydə alınıb.
Daxili borclanmanın da aparıcı aləti dövlət istiqrazları olduğundan, bu dəyişikliyi həm də ölkənin maliyyə bazarının genişlənməsi kimi də xarakterizə edə bilərik.
Başqa sözlə, dövlət büdcəsi xaricdən kredit almaq əvəzinə, daha etibarlı və iqtisadiyyatın potensial resursu olan daxili qaynaqlardan bəhrələnməyə üstünlük verməkdədir”- deyə iqtisadçı əlavə edib.
.
İradə Cəlil, dikGAZETE.com